Gürcüstan hökuməti prezidentlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək

Tbilisi, Sülh Körpüsü. Foto: Meydan TV

İmpiçment olacaqmı?

“Jamnews”un materialı

Hakim Gürcü Arzusu Partiyası bəyan edir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə konstitusiyasını pozub və bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət ediləcək. Partiya konstitusiya pozuntusuna Salome Zurabişvilinin fevral ayında Fransa Prezidenti Emmanuel Makronla görüşməsini aid edir.

Gürcüstanda indiyədək heç vaxt fəaliyyətdə olan prezident konstitusiyanı pozduğuna görə məhkəməyə cəlb olunmayıb.

Hakim partiyanın Siyasi Şurası üç səhifəlik məktub yayaraq bildirib ki heç kim prezidentə konstitusiyanı yenidən yazmağa icazə verə bilməz.

Məktubda deyilir: «Gürcüstan hökuməti yaxın vaxtlarda Konstitusiya Məhkəməsinə müraciət etməyə və prezidentin konstitusiyanı pozduğunun təsdiqini tələb etməyə məcburdur».

Hakim partiyanın narazılığına prezidentin parlamentdəki çıxışı səbəb olub. Salome Zurabişvili parlamentdə illik hesabatı təqdim edib.

O, iclas zalına Ukraynanın müvəqqəti nümayəsindəsi ilə bərabər daxil olub və Ukraynadakı müharibənin fotolarını nümayiş etdirib.

Zurabişvili öz çıxışında hökuməti Ukraynaya münasibətdə ehtiyatlı mövqeyinə görə tənqid edib: «Hökumət bizim tariximizin və qürurumuzun diqtə etdiklərini ifadə etməyə cəsarət göstərməməkdə yanılır».

Gürcü Arzusu prezidentin parlamentdəki çıxışında pozuntular aşkarlayıb.

Partiya prezidenti məhz nələrdə ittiham edir:

1. Gürcü Arzusu hesab edir ki, prezident hökumətlə razılaşdırmadan xarici səfərlərə getməklə konstitusiyanı pozub.

«Konstitusiyaya görə, Gürcüstan prezidenti yalnız hökumətin razılığı ilə beynəlxalq danışıqlar apara və nümayəndə səlahiyyətlərini yerinə yetirə bilər», – bəyanatda deyilir.

Salome Zurabişvili martın 14-də parlamentdə çıxış edərkən bildirib ki, fevralın 26-da Paris, Brüssel, Berlin və Varşavaya beynəlxalq səfərlərini ləğv edib. Ancaq onun sözlərinə görə, şəxsi əlaqələrindən yararlanıb və ləğv olunan işgüzar səfərlərin əvəzinə şəxsi görüşlər keçirib.

2. Gürcü Arzusu bəyan edir ki, prezident Təhlükəsizlik Şurasının iclasını çağırmaqla konstitusiyanı pozur.

Zurabişvili martın 14-də hökuməti Ukraynada müharibə başlayandan bəri Təhlükəsizlik Şurasının iclasını çağıra bilməməkdə tənqid edib. O, hakim partiyanı həm də özbaşına, Baş komandanın iştirakı olmadan qərarlar qəbul etdiyinə görə tənqidə tutub:

«Hökumət qərarların qəbulunda partiyaları dövlət institutlarından üstün tutmaqda yanılır. Kim inanar ki, Təhlükəsizlik Şurası bu ağır şəraitdə heç vaxt toplanmayıb və hərbi təhlükələr Ali Baş komandanın iştirakı ilə, onunla birlikdə müzakirə olunmayıb? Bu qüsurlu formalar dərhal düzəldilməlidir».

Gürcü Arzusu cavab olaraq prezidentə xatırladıb ki, «Təhlükəsizdik Şurası Baş nazirin məşvərətçi hökumət orqanıdı, onun işində prezident iştirak etmir.

«Görünür, Gürcüstan prezidenti konstitusiyanı ya oxumur, ya indiyədək onun məzmununu anlamayıb, ya da konstitusiyanı yenidən yazmağa cəhd edir».

Gürcü Arzusu həmçinin prezidentə «Baş komandan statusu»nu daha yaxşı başa düşməyi məsləhət görür: «Parlament respublikasında bu status yalnız mərasim xarakteri daşıyır», – partiya prezidentə xatırladır.

3. Gürcü Arzusunun iddiasına görə, prezident parlamentə Ukrayna səfirliyinin nümayəndəsi ilə gəlməklə konstitusiyanı kobud şəkildə pozub.

«Parlamentlə razılaşdırmadan sessiya zalının əsas sahəsinə Ukrayna səfirinin səlahiyyətlərini icra edən şəxs dəvət olunub, halbuki konstitusiyaya və reqlamentə görə buna yalnız parlamentin spikerinin hüququ var», – bəyanatda deyilir.

4.  Gürcü Arzusu Partiyasının Siyasi Şurası prezidentin öz çıxışının vaxtını parlamentlə razılaşdarmaması faktını konstitusiyanın «kobud şəkildə pozulması» sayır.

Doğrudanmı, prezident konstitusiyanı pozub?

«İnformasiya azadlığının inkişafı İnstitutu» (IDFI) qeyri-hökumət təşkilatı Gürcüstan hakimiyyəti tərəfindən prezidentə qarşı irəli sürülmüş ittihamları analiz edib. Təşkilat hesab edir ki, prezident konstitusiyanı pozmayıb.

«Bizim dəyərləndirməmizə görə, bütün şərtlər göstərir ki, prezident sadəcə dövlət başçısı kimi konstitusiyanın ona verdiyi səlahiyyətləri yerinə yetirib.  Habelə, Ukraynada davam edən müharibə şəraitində prezidentin Gürcüstanın xarici və daxili siyasətində rolunun güclənməsi onun konstitusion mandatı pozması ilə yox, parlament və hökumətin passiv fəaliyyəti və dəyərləndirmələrdə problemləri ilə bağlıdır», – təşkilatın məlumatında deyilir.

Ekspert və konstitusionalist Avtandil Demetraşvili Azadlıq Radiosuna bildirib ki, Zurabişvilinin hərəkətləri Konstitusiyanı pozmur.

«Salome Zurabişvilinin Avropaya səfərləri heç bir konstitusiya normasını pozmur. Bunlar qeyri-rəsmi görüşlərdir. O, görüşlərdə Gürcüstanı təmsil etməyib, odur ki, hökumətin razılığına ehtiyac yoxdur. Mən Konstitusiya Məhkəməsinin üzvü olsaydım, mənfi rəy verərdim», – o, deyib.

Əgər Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğunu müəyyən edərsə?

Əgər məhkəmə prezidentin konstitusiyanı pozduğunu müəyyən edərsə, Gürcü Arzusu impiçment proseduruna başlaya bilər.

Konstitusionalist Vaxtanq Xmaladze «İnterpress» agentliyinə bildirib ki, Zurabişvilinin impiçmenti Gürcü Arzusu üçün texniki cəhətdən mürəkkəb olacaq:

«Mən düşünmürəm ki, hazırki siyasi vəziyyətdə Gürcü Arzusu impiçment prosedurunu başa çatdıracaq, yəni, prezidenti vəzifəsindən kənarlaşdıracaq, çünki bunun üçün ona parlament üzvlərinin 2/3 çoxluğu lazımdır, müxalifətin xeyli hissəsi ona dəstək verməlidir. Gürcü Arzusu Zurabişvilini istefaya göndərməyi bacarmayacaq», -Xmaladze deyib.

Siyasətçilərə görə, prezidentlə parlament arasındakı mübahisə hüquqi yox, siyasi xarakter daşıyır

2018-ci ildəki prezident seçkilərindən sonra aydın oldu ki, «vaxt gələcək, Salome Zurabişvili Gürcü Arzusunun etdiyi hər şeyi qəbul edə bilməyəcək, yaxud əksinə, Gürcü Arzusu Zurabişvilinin bütün etdiklərini qəbul etməyi bacarmayacaq», – parlamentin keçmiş spikeri və “Lelo” müxalifət partiyasının üzvü David Usupaşvili bildirir.

Onun fikrincə, belə bir vəziyyət Ukrayna ilə bağlı hadisələrin fonunda yarandı.

«Biz bu ölkədə ənənəyə çevrilmiş normal hadisə ilə qarşılaşmışıq, ancaq indii bunun vaxtı deyil.  İndi qüvvələri birləşdirmək və möhkəmlətmək lazımdır, Gürcü Arzusu isə yalnız ayıra bilər və məhz bu yolu tutub», -Usupaşvili deyir.

Zurabişvili ilə hakim partiyanın münasibətləri son dövrlərdə gərgin idi və Ukrayna böhranı bunu xüsusilə aydın göstərdi – Zurabişvili Ukraynanın müdafiəsi üçün daha radikal addımlarda israr edir, hökumət isə məsafə saxlamaq siyasətini seçir.

Ana səhifəSiyasətGürcüstan hökuməti prezidentlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək