Gürcüstan DTX: Uran satmağa cəhd göstərən şəxslər saxlanılıb

Foto: OC Media

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Batumidə naməlum miqdarda uranı 3 milyon dollara satmağa cəhddə ittiham olunan iki nəfəri saxlayıb.

“OC Media” yazır ki, Gürcüstan DTX cümə axşamı günü həbsləri elan edərək, işi “transmilli cinayət” kimi xarakterizə edib. Onlar saxlanılanlardan birinin gürcü, digərinin isə adı açıqlanmayan xarici ölkə vətəndaşı olduğunu bildiriblər.

Təhlükəsizlik Xidməti saxlanılanları uranı qanunsuz olaraq satmaqda və almaqda ittiham edərək, onların uranı 3 milyon dollara satmağa razılaşdığını iddia edib.

Agentlik müsadirə olunan uranın miqdarı, şübhəlilərdən birinin onu digərinə və ya ikisinin həmin məbləği üçüncü tərəfə satmaq niyyətində olub-olmadığını dəqiq bildirməyib.

DTX həmçinin uranın zənginləşdirilib-zənginləşdirilmədiyini və ya hansı səviyyədə zənginləşdiyini dəqiqləşdirməyib. Lakin qeyd edilib ki, radioaktiv alfa və qamma emissiyalarının səviyyəsi uranın “terror aktı həyata keçirmək üçün müxtəlif partlayıcı qurğuların istehsalı və ya digər ağır, kütləvi və ölümcül nəticələrə səbəb olmaq üçün” istifadə oluna biləcəyini göstərir.

Şübhəlilər nüvə materialı və ya avadanlığı ilə qeyri-qanuni rəftarda ittiham olunurlar. Onları 5 və ya 10 il müddətinə həbs cəzası gözləyir.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Ana səhifəDünyaGürcüstan DTX: Uran satmağa cəhd göstərən şəxslər saxlanılıb