Gürcüstan DİN Seymur Həzinin ölkəyə buraxılmamasını əsaslandıra bilməyib

Seymur Həzi, Foto:: Meydan TV

Kovziaşvili ona sərhəddə sənəd təqdim edildiyini deyir, Seymur Həzi isə təkzib edir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi Gürcüstana buraxılmayıb.

Seymur Həzi Türkiyə-Gürcüstan sərhədinin “Sarpe” keçid məntəqəsində saxlanılıb.

Bu barədə Seymur Həzi özü Meydan TV-yə danışıb.

AXCP sədrinin müavinin sözlərinə görə, “Sarpe” keçid məntəqəsinin rəsmiləri onun Gürcüstana buraxılmaması ilə bağlı heç bir əsas gətirə bilməyiblər.

O, gələcəkdə hansı addım atacağı barədə suala: “Məsələni hüquqi müstəvidə qaldıracağam”, – deyə cavab verib:

“Hazırda hüquqşünaslarla məsləhətləşirəm, müvafiq qaydada məhkəməyə müraciət edəcəyəm. Çünki sərhədçilər Gürcüstana buraxılmamağımla bağlı konkret əsas göstərmədilər”.

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Xarici Kommunikasiyalar Departamentinin rəhbəri Keti Kovziaşvili Meydan TV-yə məsələdən xəbərləri olduğunu bildirib.

Onun sözlərinə görə, Seymur Həzi saxlanılmasının səbəbini özü bilməlidir, çünki ona bununla bağlı sərhəddə sənəd verilib.

Meydan TV əməkdaşı Seymur Həziyə heç bir sənədin verilmədiyini və hər hansı səbəb göstərilmədiyini deyəndən sonra xanım Kovziaşvili məsələni dəqiqləşdirəcəyinə və bizimlə əlaqə saxlayacağına söz versə də, sonra telefon zənglərinə cavab verməyib.

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib.

O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.

Jurnalist bu ittihamı rədd edərək “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

O, 2019-cu ilin avqustun sonunda azadlığa buraxlıb.

“Amnesty International” təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

Ana səhifəSiyasətGürcüstan DİN Seymur Həzinin ölkəyə buraxılmamasını əsaslandıra bilməyib