Gürcü və azərbaycanlılar – mehriban, həm yad qonşular

Milli azlıqların inteqrasiya məsələsində əsas problem dövlət dilini bilməməsidir

Source:


Milli azlıqların inteqrasiya məsələsində əsas problem dövlət dilini bilməməsidir

“Mən Tbilisidə böyüdüyümdən orda hər zaman gürcü və azərbaycanlıların iç-içə, dostca yaşadığını görmüşdüm. Heç bilməzdim ki, ailəm azərbaycanlı oğlanla evliliyimə qarşı çıxacaq. Amma bizim sevgimiz sonda ailələrimizin də inadına güc gəldi”.

Bunu, Gürcüstanın təxminən 200 azərbaycanlı ailəsi yaşayan Misxaldidi kəndinin tək gürcü gəlini olan 23 yaşlı Sioni deyir. Murazla bir-birilərini sevərək ailə qursalar da, hər ikisinin valideynləri başda bu evliliyə qarşı olublar:

“Biz evlənmək üçün kimsə ilə məsləhət etmədik. Bir-birimizi sevirdik və ona qoşulub evdən qaçdım. Ancaq əvvəl qaynatam da oğluna ara-sıra – bundan bizə gəlin olmaz, deyirdi. Bibisi daha çox qarşı çıxırdı. İndi münasibətlərimiz yaxşıdı. Xoşbəxtik”.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə adətən gürcülərlə qız alıb, qız vermək ənənəsi yoxdu. Sioni və Muraz cütlüyünün yenilik gətirdiyi bu kiçik kənddə də əksər kəndlilər öz millətindən olan qızları özlərinə gəlin edirlər. Gəlin seçərkən də əsasən qohum-əqraba və ya qonşu qızına üstünlük verirlər. Msxalididə hətta Azərbaycandan belə gəlin gətirənlər var.

Sioni deyir ki, onların evliliklərinə ilk vaxtlar kəndlilər də yaxşı münasibət bəsləmirdilər. Ailə üzvləri kimi, bu evliliyin kəramətinə inanmayan, hətta qarşı çıxanlar olub. Lakin Soini gəlin gəldiyi gündən azəbaycanlı ailələrin adətlərini mənimsəyə, onlarla qaynayıb-qarışmağa çalışıb. İndi hətta həmkəndliləri kimi mal-qara sağır, pendir hazırlayır, qatıq çalır.

“İlk vaxtlar mənim üçün çətin idi. Kənddə insanlarla söhbət etməyə çəkinirdim, elə mənimlə də ünsiyyət qurmaq istəyən çox deyildi. Üstəlik burda qonşular da gürcü dilində yaxşı bilmirlər. Mən şəhərdə yaşayırdım, kənd həyatı, mal-qaraya baxmaq yenilik idi. Burda toylar da başqa cürdü. Ancaq maraqlıdı. Mən müsəlman deyiləm, amma ailəmin adətlərinə hörmət edirəm. Qurban bayramı, ramazan bayramında süfrə bəzəyirəm, hamı kimi”.

Misxaldidi kəndinin sakini Marina Abbasova 2 oğluna da azərbaycanlı qızı aldığını deyir. Balaca oğlunun bir gürcü qızına olan sevdasına qarşı çıxıb. Gürcü gəlinin onların ailələrinə uyğunlaşacağına inanmadığını deyir:

“Gəlinimin ikisi də öz millətimizdəndir. Mən istəməzdim gürcü qızı alsınlar. Balaca oğlum elə bir fikrə düşmüşdü. Amma razı olmadım. Biz gürcülərlə uyğunlaşa bilmərik. Adətlərimiz başqadı, dinimiz başqadı. Ailəmizdə hamı namaz qılır, gəlin xristian olsa, alınmaz”.

Söhbətləşdiyim əksər kəndlilər gürcülərlə əsasən bazarda ərzaq alıb və satarkən ünsiyyət qurduqlarını deyirlər. Demək olar ki, bu kəndə təkəm-seyrək adamlar gürcü dilində danışa bilirlər.

Misxaldididən fərqli olaraq Tbilisidə, xüsusən də köhnə məhəllələrdə illər uzunu yan-yana yaşayan azərbaycanlı və gürcülər biri-birinə daha çox qaynayıb qarışıblar. Sololaki kimi köhnə məhəllələrdə paytaxt əhli hətta bir neçə dildə – gürcü, Azərbaycan, erməni və rusca rahat danışdığından kimin hansı millətdən olduğunun da çox fərqinə varmırlar. Amma burda da qarışıq ailələrə nadir halda rast gəlmək olar.

“Azərbaycanlılar çox yaxşı millətdi, xeyli dostlarım var. Amma qız alıb, qız verməyi heç ağlıma belə gətirə bilmirəm. Mentalitetimiz, dinimiz başqadı, uyğunlaşa bilmərik. Məsələn, mənim qızım ailəlidir, amma hərdən oğlan dostları ilə kafeyə gedir. Ərı azərbaycanlı oğlan olsa idi, bunu qəbul etməzdi”- 57 yaşlı Tbilisi sakini Mixail belə deyir.

“Eko Renessans” İctimai Birliyinin üzvü Aydan Yusifli deyir ki, illərdir azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası ilə bağlı müşahidlər aparır. Hesab edir ki, hər iki millət arasındakı mövcud sterotiplər bu prosesdə əsas maneədir:

“Əsas səbəblərdən biri dil baryeridir. Gürcü dilini bilmədiklərinə görə, azərbaycanlılar gürcülərlə əsasən rus dilində ünsiyyət saxlayıralar. Bu toplumu bir-birindən ayıran dini faktor da var. Azərbaycanlılar müsəlmandı və gürcülər qədər içkiyə meylli deyillər. Üstəlik bizim qadınlar gürcülərin təmizkar olmadıqlarını düşünürlər. Gürcülər də azərbaycanlıların təhsilə, savada həvəs göstərmədiklərini, toplumda yer tutmağa can atmadıqlarını və Gürcüstana faydalı olmadıqlarını düşünürlər. Bu kimi səbəblər, streotiplər hər iki millətin qohum olmaq fikirlərinə böyük səddir”.

Gürcüstan Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin nümayəndəsi Zaur Darğallı isə hesab edir ki, milli azlıqların inteqrasiya məsələsində əsas problem dövlət dilini bilməməsidir.

“Sovetlər dağıldıqdan sonra Gürcüstan öz dövlətciliyini formalaşdırdığı ərəfədə burda yaşayan etnik qruplar müxtəlif problemlərlə üzləşməyə başladılar və müxtəlif ictiamai, siyasi proseslərdən kənarda qaldılar. Bu problemlər müxtəlif faktorlardan irəli gəlirdi, ən əsası isə etnik qrupların dövlət dilini bilməməsi idi. 2009-cu ildə Gürcüstan dövləti milli azlıqların inteqrasiyası ilə bağlı milli konsepsiya hazırlayaraq beşillik fəaliyyət planını qəbul etdi”.

Bununla belə, Zaur Darğallı etiraf edir ki, milli azlıqların inteqrasiya məsələlərində hələ də xeyli çatışmazlıqlar var. Bu səbəbdən 2015-2020-ci illər üzrə daha bir fəaliyyət planı həyata keçiriləcək və burada təhsil layihələrinə geniş yer veriləcək.

Bir çox önyarqıları və qorxuları geridə qoyan Siona və Murazın artıq iki yaşlı bir oğlu var və tezliklə ikinci övladları dünyaya göz açacaq. Artıq azərbaycanca danışan gürcü gəlini, ailə üzvlərinə də gürcücə danışmağı öyrədir. Sioni təkid etmədiyini desə də, ailə üzvləri uşaqlarının yaxşı təhsil alıb uğur qazanmaları üçün gürcü dilli məktəbdə oxumasını istəyirlər.

Ana səhifəXəbərlərGürcü və azərbaycanlılar – mehriban, həm yad qonşular