”Gürcüstan ictimai rəyində bunun oğurluq, olduğu qənaəti artıq formalaşıb”
“Fərqi yoxdur, Əfqan Muxtarlı oğurlanıb, ya yox – indiki halda bu, vacib deyil. Başlıcası informasiya yekunu və konkret hadisə nəticəsində ictimai rəyin necə formalaşmasıdır. İctimai rəyin jurnalistin oğurlandığının etirafı şəklində formalaşdığı faktdır”.
Gürcüstanlı politoloq Ghela Vasadze müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib həbs olunan jurnalist Əfqan Muxtarlının işi ətrafında hazırkı durumu “Turan”-a şərh edərkən belə deyib.
O, vurğulayır ki, Gürcüstanın bütün telekanalları, informasiya agentlikləri və digər kütləvi informasiya vasitələri birmənalı şəkildə bildirirlər ki, jurnalist oğurlanıb.
Gürcü hökuməti dəvəquşu pozasını qəbul edib…
“Qeyri-rəsmi söhbətdə ekspert və hüquq müdafiəçiləri deyə bilərlər ki, biz qəribə hadisə ilə rastlaşmışıq. Lakin mətbuata müsahibədə onların bunu etiraf edə biləcəklərinə mən inanmıram, çünki cəmiyyət tərəfindən başqa nöqteyi-nəzər əvvəlcədən qəbul olunmur. Muxtarlı işi daxili siyasi mübarizədə, həmçinin hər birinin öz marağı olan beynəlxalq təşkilatlar tərəfindən də istifadə olunur, bunları əlavə etsək, tam mənzərə almış olarıq”.
Politoloq əslində, nə baş verdiyini dəqiq deməyin çətin olduğunu ifadə edib:
“Bu, ölkəmizin nüfuzuna güclü zərbə vurdu. Bizim hakimiyyət xüsusunda hər şey aydındır, onlar növbəti dəfə dəvəquşu pozasını qəbul edərək, işlə bağlı sualların sayını artırdılar. Amma iqtidarın səmərəsizliyi və fəaliyyətsizliyinə, təəssüf ki, biz artıq adət etmişik”.
“Gürcü ictimai rəyində bunun xüsusi xidmət orqanlarının birgə əməliyyatı olduğu qənaəti artıq formalaşıb”
Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktor əvəzi Teymuraz Tumanishvili deyir ki, Ə.Muxtarlı işi ilə bağlı əsl həqiqəti bilmir:
“Bu işdə həddən çox “bilmirəm” var. Amma fakt faktlığında qalır, Gürcüstan ictimai rəyində bunun oğurluq, Gürcüstan və Azərbaycanın xüsusi xidmət orqanlarının birgə əməliyyatı olduğu qənaəti artıq formalaşıb. Hakimiyyətə sadəcə olaraq inanmırlar və bu, hakimiyyətimizin problemidir. Bundan əlavə, Gürcüstanın ictimai rəyi də məsələ ilə bağlı beynəlxalq mövqeyi formalaşdırır”.
“Oğurlanma Gürcüstan ərazisində həyata keçirilibsə, bu, ondan xəbər verə billər ki, Muxtarlı ehtiyatsızlıq edərək yalnız Azərbaycanın deyil, həm də Gürcüstanın rəsmi şəxsləri üçün ciddi problemlər yaradıb və ya yaradacağına işarə edib”.
Bu sözləri isə Gürcüstanın xarici işlər nazirinin sabiq müavini Nikoloz Vashakidze deyib.
Onun fikricə, bu baxımdan, Gürcüstan və Azərbaycan siyasətçilərinin problemlə bağlı maraqları kəsişə və belə bir nəticəyə gətirib çıxara bilərdi.
Jurnalist Əfqan Muxtarlı mayın 29-da Tbilisidə oğurlanaraq Azərbaycana gətirildiyini bildirib. O, AR Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə) ittiham olunub. Bundan sonra jurnalistə qarşı CM-nin daha 2 maddəsi: 318.1 və 206.1 maddələri ilə (sərhəddi qanunsuz keçmə və qaçaqmalçılıq) də ittiham irəli sürülüb.
Əfqan Muxtarlının işi baxılması üçün Avropa Məhkəməsində qəbul edilib.