”Gürcü mətbuatı Əfqan Muxtarlı olayını gündəmdən düşməyə qoymayacaq”


Maya Metsxvarişvili: “Gürcüstan hökuməti bizim suallarımıza aydınlıq gətirməyincə, aksiyalar davam edəcək”


Maya Metsxvarişvili Gürcüstanda nüfuzlu və müstəqil media hesab edilən “Netgazeti.ge”-nin redaktorudur. O, həm də Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyi bildirilən jurnalist Əfqan Muxtarlı hadisəsinə Gürcüstan hökumətinin aydınlıq gətirməsi üçün keçirilən askiyalarda fəal iştirak edən jurnalistlərdəndir. Onun redaktoru olduğu “Netgazeti.ge” isə Gürcüstandakı azərbaycanlı dissidentlər mövzusunu daim diqqətdə saxlayan mətbu orqanıdır.


Maya xanım Əfqan Muxtarlı olayına Gürcüstan mediasının münasibəti və bu olayın onlara təsirləri barədə Meydan TV-yə danışdı.


– Maya, Əfqan Muxtarlının Gürcüstandan oğurlanmasını eşidərkən, sizin və həmkarlarınızın reaksiyası necə oldu? Bu fakt sizə Gürcüstan hakimiyyəti barədə nə deyirdi?

– Utanc və hiddət – dərhal hiss etdiyim reaksiyalar bunlar idi. Çünkü mən düşünürdüm ki, insanların başına torba salıb oğurlanması və onların sərhəddən keçirilməsi kimi qeyri-qanuni addımlar ölkəmizin uzaq keçmişində qalmış bir şeydir. Sen demə, belə deyil! Bu faktdır ki, ya gürcü polislərinin və xüsusi xidmət orqanlarının jurnalistin oğurlanmasında əlaqəsi var, ya da Azərbaycan xüsusi xidmətləri bizim ərazidə gizlin oğurluq törədiblər. Hər iki versiya dəhşətlidir və bizim ölkənin nüfuzuna ziyandır.


– Gürcüstan jurnalistləri Əfqan Muxtarlıya dəstək olaraq etiraz aksiyaları keçirdi. Sizcə, onları bu addımı atmağa nə vadar edirdi – azərbaycanlı həmkarlarının qarşısında borcluluq hissimi, yaxud son vaxtlara qədər “demokratiya adası” hesab edilən ölkələrinin başqa bir məcraya dönməsi ilə barışa bilməməklərimi?

– Hər ikisi. Bu fakt bizim ölkədə insan hüquqlarının müdafiəsini ciddi zərbə altına qoyur və burada işləyən hər bir jurnalist üçün təhlükə yaradır. Bundan əlavə, jurnalistlər arasında həmrəylik çox vacibdir, xüsusilə də, qonşu ölkənin hakimiyyəti tərəfindən  jurnalistlərə  göstərilən təzyiq və aktiv repressiyalar zamanı. Çünkü bu, bütün Cənubi Qafqaz regionunda demokratiyanın inkişafına təhlükə yaradır.


– Muxtarlının oğurlanması mövzusunun işiqlandırılmasında medianın, jurnalistlərin rolu nədən ibarət oldu? Bu hadisəyə etinasızlıq göstərən hər hansı telekanal və ya başqa media orqanı oldumu?

– Deməzdim ki, etinasızlıq göstərirdilər, ancaq elə hallar var idi ki, Azərbaycan hakimiyyətinin nəzarətində olan KİV- lərdən sitat gətirirdilər, bunlar isə hüquq müdafiəçilərinə və azad jurnalistlərə qarşı əks-təbliğat xarakteri daşıyır.


– “Netgazeti.ge” olaraq Gürcüstandakı Azərbaycan dissidentləri üçün nə qədər yer ayırırsınız?  Bunu dayandırmaq üçün sizə təsir edəcək hər hansı cəhdlər olubmu?

– Xoşbəxtlikdən belə hallar heç vaxt olmayıb.

Gürcüstanda Əfqan Muxtarlı üçün keçirilən aksiyalardan foto
Gürcüstanda Əfqan Muxtarlı üçün keçirilən aksiyalardan foto


– Sizcə, jurnalisti qeyri-qanuni şəkildə sərhədi keçirməkdə Azərbaycan hökumətinə kömək edən orqanlar, vətəndaş cəmiyyəti və jurnalistlər tərəfindən belə bir reaksiya olacağını gözləyirdilərmi? Əgər bu gözlənilən idisə, necə və nəyin namimə bu addıma razılaşdılar?

– Düşünürəm ki, gözləmirdilər. İndi isə onlar bu ağır vəziyyətdən necə çıxacaqlarını bilmirlər.


– Bəllidir ki, bu hadisəyə qədər Gürcüstan müxtəlif ölkələrdən olan jurnalist və fəalların iştirak etdiyi sülh danışıqları, müxtəlif təlimlər, seminarlar keçirilməsi üçün təhlükəsiz bir yer idi. Sizcə, jurnalistin oğurlanma hadisəsinin buna təsiri olacaqmı?

– Düşünürəm ki, bizim hakimiyyət təcili surətdə Muxtarlının hadisəsini araşdıra bilsə, bu faktdan qurtula bilər. Bu olmasa, ölkədəki vəziyyət və onun qərbdəki tərəfdaşlarla münasibətləri  çox pisləşəcək.


– Sizin fikrinizcə, “Birja Mafiya” qrupunun qəfil həbsi və eləcə də qəfildən məhkəmə zalından azad edilmələri, Əfqan Muxtarlının əhvalatını cəmiyyətə unutdurmaq məqsədi ilə qurulmuş siyasi tamaşa deyildimi?

– Əmin deyiləm, çünki hadisə hakimiyyət strukturlarına qarşı bu insanların da narazılığını yaratdı.  Bundan əlavə, bütün suallarımıza cavablar tapılmayana qədər Muxtarlının işi Gürcüstan jurnalistləri tərəfindən unudulmayacaq.


-Necə düşünürsünüz, etiraz aksiyaları birdəfəlikmi sakitləşdi?

– Yox, sakitləşmədi. Hakimiyyət bu məsələni lazımi dərəcədə araşdırmayınca, bizim suallara cavab verməyincə, biz müxtəlif aksiyalar təşkil edəcək və bu mövzunu diqqətdə saxlayacağıq.

Ana səhifəVideo”Gürcü mətbuatı Əfqan Muxtarlı olayını gündəmdən düşməyə qoymayacaq”