Gürcü fəallar nazirlik qarşısında Əfqan Muxtarlının həbsinə etiraz edir

”Təhlükəsizlik Nazirliyi bizi qəbul etsin və bu olayın açıqlamasını versin”

Source:


”Təhlükəsizlik Nazirliyi bizi qəbul etsin və bu olayın açıqlamasını versin”

Hazırda Gürcüstanın Təklükəsizlik Nazirliyinin qarşısında Əfqan Muxtarlının müdafiəsi ilə bağlı aksiya keçirilir. Aksiyanın 100-dən çox iştirakçısı var. Onlar gürcü hüquq müdafiəçiləri, jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri və Əfqan Muxtarlının ailəsi, dostlarıdır.

Aksiyanı gürcü aktivistlər və hüquq müdafiəçiləri təşkil edib. Etirazı 20-yə yaxın yerli və xarici media işıqlandırır.

İştirakçıların əllərində plakatlar və Əfqan Muxtarlının fotoları var. Onlar Təhlükəsizlik Nazirliyinə fit çalaraq etirazlarını bildirirlər. Bəzi etirazçılar isə başlarına torba keçiriblər. Onlar bunu Əfqan Muxtarlı saxlanan zaman başına torba keçirilməsi ilə əlaqələndirirlər.

Aksiya iştirakçıları belə bir olayda Gürcüstanın iştirakını pisləyir, Təhlükəsizlik Nazirliyinin buna cavab verməsini tələb edirlər.

“Biz nazirliyə ərizə ilə müraciət etmişik. Həmin ərizədə bizə açıqlama verilməsini tələb edirik. Nazirlik bizi qəbul etsin və bu olayın açıqlamasını versin”, – deyə aksiya iştirakçılarından bir nəfər bildirir.

Əfqan Muxtarlının həyat yoldaşı, jurnalist Leyla Mustafayeva onun şəhərin mərkəzi küçəsindən oğurlandığını, bunun necə olduğunu anlaya bilmədiyini deyir:

“Onun pasportu evdədir. Öz istəyi ilə getməyib. Onu küçənin ortasından oğurlayıblar. Bu necə olur? Şəhərin mərkəzi küçəsindən adam oğurlayırlar, kimsənin xəbəri olmur. Təhlükəsizlik nazirliyinin qarşısında toplanmağımıza səbəb budur”.

Aksiyada sadə vətəndaşlar da iştirak edirlər. Özlərinin deməsinə görə, bura Əfqan Muxtarlıdan və digər aktivistlərdən, buraya toplaşanlardan Gürcüstan hökuməti adından üzr istəmək üçün gəliblər.

Saat 11-də başlayan aksiya hazırda davam edir.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.

Vəkili Elçin Sadıqov jurnalistin saxlanılarkən döyüldüyünü söyləyib. Onun üz nahiyəsində xəsarət izləri olduğunu deyib:

“Nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Saxlandıqdan sonra isə cibinə 10 min avro pul da atılıb”.

Jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur.

Mayın 31-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Jurnalist Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə də təqsirləndirilir.

“İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, guya jurnalist sərhədi qanunsuz keçərkən sərhəd xidmətinin gizirinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib”, – deyə Elçin Sadıqov bildirib.

Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib

Baş Prokurorluğun mətbuat xidməti də Əfqan Muxtarlı ilə bağlı açıqlama verib. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. Onun deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Gürcüstan prezidenti Giorgi Margvelashvili də jurnalist Əfqan Muxtarlı ilə bağlı açıqlama verib. O, interpressnews.ge saytına naməlum şəkildə adam oğurluğunun Gürcüstanın suverenliyi və dövlətçilik üçün ciddi təhlükə olduğunu deyib:

“Hüquqşünasların açıqlaması bizim üçün ağırdır. Əvvəla biz hamımız anlamalıyıq ki, Gürcüstan bölgədə medianın və insan haqlarının qorunmasında lider dövlətdir. Bu, bizim suverenliyimizin və dövlətçiliyimizin bir parçasıdır. İnsan oğurluğu isə ölkənin möhkəmliyi, suverenliyi üçün ciddi problemdir”.

Ana səhifəXəbərlərGürcü fəallar nazirlik qarşısında Əfqan Muxtarlının həbsinə etiraz edir