Gürcü fəal qaçırılandan sonra döyüldüyünü deyir

Foto: OC Media

O, siyasi fəaliyyətinə görə qaçırıldığını bildirir

Naməlum şəxslər gürcü fəal Vaxo Pitsxelauriyə hücum edərək onu döyüb və daha sonra qaçırıblar.

Fəal maskalı şəxslərin onu Gürcüstanın mərkəzində yerləşən Qori şəhərində oğurladıqlarını, qarət etdiklərini, döydüklərini və öldürməklə hədələdiklərini deyib. 

O, hücumu hökuməti tənqid etməsi ilə əlaqələndirib.

Vaxo Pitsxelaurin qaçırılması barədə ilkin məlumat bazar günü həyat yoldaşı Teo Bzişvili tərəfindən verilib.

O, fəalin mağazaya gedərkən maskalı şəxslər tərəfindən qaçırıldığını söyləyib.

Hücum edənlərdən xilas olduqdan sonra mediaya danışan Pitsxelaurinin sözlərinə görə, üç maskalı şəxs onu evinin yaxınlığında mikroavtobusa mindirib bir neçə kilometr uzaqlıqdakı sahəyə sürüblər.

“Onlar mənə “mühərriki işə sala bilmədiklərini” deyərək mikroavtobusu itələmək üçün məndən kömək istədilər. Yaxınlaşanda dərhal arxasını açıb məni içəri atıb maskalarını taxdılar. Məni qaçırdılar və yolda döyməyə başladılar”, – Pitsxelauri “Mtavari” telekanalına deyib.

O, qaçıranların onun telefonunu, pulqabısını və açarlarını oğurladıqlarını söyləyib.

“Onlar hara gəldiklərini bilirdilər, üç nəfər idilər, hər şeyi planlı şəkildə etdilər. Yolda məni öldürməklə və üzümü dağıtmaqla hədələdilər”, — Pitsxelauri bildirib.

“Qışqırmağa başlayanda uzaqda evlər gördüm […], onların qorxduğunu hiss etdim və bir şəkildə əllərindən qurtuldum”, – fəal qeyd edib. 

Pitsxelauri geri döndükdən sonra həyat yoldaşı “Facebook”da canlı yayım açıb.

Canlı yayımda fəalın üzündə qan izləri görünüb.

Pitsxelauri hökumətin AB-dən “U”dönüşü etməsinə qarşı keçirilən etirazlarda iştirak edən biri olaraq, qaçırılmanı fəallığı ilə əlaqələndirib.

 “Bu gün ölkədə baş verənləri o proseslərlə əlaqələndirirəm, çünki mənə “kim olduğunu bilirik” deyərək qəsdən yaşadığım ərazidə tutdular. Üzümü əllərimlə örtdüm, hər yerimə zərbə vurdular”, – deyə o təkrarlayıb. 

 Daxili İşlər Nazirliyi qrup zorakılığına görə araşdırma başladığını bildirir.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərGürcü fəal qaçırılandan sonra döyüldüyünü deyir