“Gürcü Arzusu” Aİ səfirini Gürcüstanın daxili işinə müdaxilədə ittiham etdi

Gürcüstan və Avropa İttifaqı. Foto: tanitost/shutterstock

Müxalif telekanallar reklamı yaymaqdan imtina etdiklərini bildiriblər

Hakim “Gürcü Arzusu” Partiyası Avropa İttifaqının səfiri Pavel Gerçinskini Gürcüstanın daxili işlərinə “müdaxilə” etməkdə ittiham edib.

Səfir partiyanın seçki reklamlarında müharibə şəraitində olan Ukraynanın görüntülərindən istifadə etməsini tənqid etmişdi.

“OC Media” yazır ki, bazar günü Tbilisi meri və hakim partiyanın baş katibi Kaxa Kaladze jurnalistlərə deyib ki, “inkişaf etmiş ölkədə” səfir pankartları tənqid etdiyinə görə “dərhal ölkədən atılar”.

Cümə günü Gerçinski “Gürcü Arzusu”nun seçki bannerlərində Rusiya tərəfindən Ukraynada dağıdılmış binaların təsvirlərindən istifadə etməsini tənqid edərək, onları “qeyri-adi, biabırçı və dəhşətli” adlandırıb.

Sentyabrın sonunda “Gürcü Arzusu” bannerlər asıb. Orada Ukraynada dağıdılmış binalar və infrastruktur, müxalifət qruplarının seçki nömrələri və “müharibəyə yox!” başlığı ilə yanaşı, hakim partiyanın öz seçki nömrəsi və “sülhü seçin!” başlığı göstərilir.

Oktrabrın 7-də parlamentin spikeri Şalva Papuaşvili Gerçinskini seçkilərə “müdaxilə etməkdə” və müxalif Vahid Milli Hərəkat (UNM) tərəfindən asılmış pankartları tənqid etməməklə qərəzli olmaqda ittiham edib. Papuaşvili hansı bannerlərdən danışdığını dəqiqləşdirməyib.

Gerçinski bazar ertəsi jurnalistlərə cavabında işinin Avropa Birliyinin mövqeyini təmsil etmək olduğunu bildirib və əlavə edib ki, ölkənin xarici diplomatları istədikləri vaxt ölkədən çıxarmaq hüququ var.

“Gürcü Arzusu”nun Rusiya təbliğatı

“Gürcü Arzusu” həmçinin Gürcüstan televiziya kanallarında yayımlanacaq bannerlərin məzmununu əks etdirən təbliğat xarakterli videoçarxlar da yayıb.

Bazar günü üç müxalifət kanalı – “Mtavari Arkhi”, “Pirveli” və “Formula” birgə bəyanat yayaraq reklamı pisləyib, onu “əxlaqsızlıq” adlandırıb və reklamı yayımlamaqdan imtina etdiyinə görə cərimə olunma riskinə baxmayaraq, onu yayımlamayacağına söz verib.

“Hakimiyyət tərəfindən qoyulan sonsuz cərimələr tənqidi kanallar üçün ağır yük olsa da, biz hələ də dolayısı ilə “Gürcü Arzusu”nun Rusiya təbliğatını və Ukrayna xalqını ələ salmasını dəstəkləmək niyyətində deyilik”, – deyə bəyanatda bildirilir.

“Biz Aİ səfirinin bunun “qeyri-adi, rüsvayçı və dəhşətli” kampaniya olduğu barədə qiymətləndirməsini tamamilə bölüşürük və buna görə də bu videoları yayımlamaqdan imtina edirik”.

Gürcüstanın bir sıra vətəndaş cəmiyyəti və media hüquqlarını müdafiə təşkilatları reklamların yayımlanmaması qərarını dəstəklədiklərini bildirib və Gürcüstan Milli Rabitə Komissiyasını telekanallara cərimələr tətbiq etməklə “Gürcü Arzusu”nun “təbliğat alətinə” çevrilməməyə çağırıblar.

Bazar ertəsi çıxışında Papuaşvili kanalların reklam yayımlamamaq qərarını tənqid edib və bunu Gerçinskinin açıqlamaları ilə əlaqələndirib.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib.

Ana səhifəXəbərlər“Gürcü Arzusu” Aİ səfirini Gürcüstanın daxili işinə müdaxilədə ittiham etdi