Günümüzün Nardaran müsibəti

Bakı Ağır Cinayətlər Məhkəməsi “Nardaran işi” ilə bağlı məhkəmə istintaqının başa çatdığını açıqladı

Source:

Cəmil Həsənli
Cəmil Həsənli


Bakı Ağır Cinayətlər Məhkəməsi “Nardaran işi” ilə bağlı məhkəmə istintaqının başa çatdığını açıqladı

Yarım ilə yaxın məhkəmə prosesi davam etdi. Zaman etibarı uzun bir dövrü əhatə etsə də, çox məsələ açılmamış qaldı. Vəkillər və təqsirləndirilən şəxslər vəsatətlə çıxış edəndə hər dəfə hakim onlara baxılmasını sonraya saxlayırdı.

Sonrası da belə oldu. İş başa çatmamış, araşdırma tamamlanmamış, işin bir çox epizoduna aydınlıq gətirilməmiş hakim Əlövsət Abbasov məhkəməni yekunlaşdırmaq istəyir. Mən bu məhkəmənin bir çox iclaslarında iştirak etmişəm.

Əvvəla onu qeyd etmək istəyirəm ki, məhkəmə prosesi sözün tam mənasında hakimiyyətin ifşası fonunda getdi. DİN və onun “Bandotdel” deyilən idarəsinin Azərbaycan vətəndaşlarına qarşı hansı qəddarlığı nümayiş etdirdiyi, hansı işgəncələri tətbiq etdiyi, heç bir günahı olmayan dinc insanlara qarşı hansı vasitələrlə “cinayət işi” quraşdırdığı məhkəmə iclaslarında tam ortaya çıxdı.

İkincisi, məhkəmə araşdırması zamanı məlum oldu ki, Nardaran əməliyyatını təşkil etməkdə əsas məqsədlərdən biri Əli Kərimlini və məni həbs etmək olub. Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Taleh Bağırzadə məhkəmədə verdiyi ifadədə dedi ki, mənə dillə ifadə oluna bilməyəcək formada işgəncələr veriblər ki, Nardaran hadisələrini (yəni istintaqın dili ilə desək, dövlət çevrilişini) Cəmil Həsənlinin və Əli Kərimlinin törətdiyi, bu işin arxasında onların dayandığı haqqında təsdiqləyici ifadələr verim. İşgəncə və zor gücünə belə bir ifadəni digər təqsirləndirilən şəxslərdən də almağa çalışıblar. Sual olunur: məhkəmə bu məsələyə niyə aydınlıq gətirmədi?

Üçüncüsü, bütün prosesboyu aydın olmadı ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hansı səbəbdən Nardaran məhbusları ilə birlikdə dəmir barmaqlılar arasındadır (sonradan şüşə kamera içərisindədir). Məhkəmənin borcu idi ki, bu məsələyə aydınlıq gətirsin. Amma məhkəmə bu məsələyə aydınlıq gətirməsə də, çox sağ olsun Taleh Bağırzadə bağlantını açdı. Sən demə, Nardaranda saxlanılan şəxslərdən Əli Kərimlinin və mənim əleyhimə təsdiqləyici ifadələr ala bilməyəndən sonra Xalq Cəbhəsi sədrinin müavini Fuad Qəhrəmanlını məsələyə heç bir aidiyyəti olmayan “Facebook” yazılarına görə süni şəkildə bu işə calayıblar ki, məsələyə mütəşəkkil çevriliş xarakteri verə bilsinlər, siyasi müxalifətin olmayan “dövlət çevrilişi cəhdinə” süni bir bağlantısını qura bilsinlər. Məhkəmə prosesi bunun boş cəfəngiyyat olduğunu tam şəkildə ortaya qoydu.

Dördüncüsü, prosesə rəhbərlik edən hakim 6 aylıq araşdırma zamanı hal şahidlərinin (8 nəfər) heç birinin məhkəməyə dəvət edilməməsini nə ilə izah edə bilər? Bəlkə quraşdırılan işin daha da ifşa olunacağından ehtiyat etdilər. Axı, şahidlər “dövlət çevrilişinə cəhd” edilən məkanda atışma yerini təsvir etməli idilər, saxlanılan şəxslərin üzərindən hansı silah, avtomat, qumbara, qranat çıxdığını deməli idilər.

Cinayət işində hadisə yerində hal şahidlərinin olduğu sənəddə əks etdirilsə də, təqsirləndirilən şəxslər və mülki şahidlər hadisə yerində hal şahidlərinin olmadığını birbəbir qeyd etmişdilər. Deməli, hal şahidləri saxta olub.

Digər tərəfdən məhkəmə araşdırması zamanı o da bəlli oldu ki, Nardaran işini hal şahidi kimi imzalamış şəxslər eyni idarənin digər işlərində də şahidlik ediblər. Deməli, hal şahidləri həm də qeyri-rəsmi ştatda olublar. Onların məhkəmə qarşısına çıxarılmaması məhz bu saxtakarlıqlarla bağlıdır. İstisnasız olaraq bütün mülki şəxslər məhkəmə araşdırması zamanı onlardan işgəncə və zor gücünə alınmış ilkin ifadələrdən imtina etdilər. Əməliyyatı və istintaqı ifşa etdilər. İndi, deməli, bu 18 nəfər şəxsi əməliyyatda iştirak edən, hadisədə “zərərçəkən” kimi göstərilən, yəni bilavasitə işdə tərəf olan polis işçilərinin ifadəsi əsasında həbs etməli olacaqlar, bu, nəinki ədalət prinsipinə, ən elementar hüquqi anlayışlara ziddirdir.

Beşincisi, Nardaran əməliyyatı zamanı öldürülmüş ikisi polis olmaqla altı nəfər Azərbaycan vətəndaşının hadisə zamanı həyatını itirməsinə niyə aydınlıq gətirilmədi? 10 nəfərdən çox şəxs məhkəmədəki ifadəsində açıq və aydın şəkildə bildirdilər ki, öldürülənlərdən biri Fərahim Bünyadov hadisə yerində güllə yarası ilə deyil, saxlanılanların yerləşdirildikləri mebel maşınında bilavasitə əməliyyatçılar tərəfindən avtomatın qundağı ilə döyülərək öldürülüb. Bu ifadələr üç nəfərdən ibarət məhkəmə heyətinin qarşısında, iki nəfər dövlət ittihamçısının, 15 nəfərə yaxın vəkilin 50-60 nəfər məhkəməni müşahidə edən vətəndaşların, prosesi işıqlandıran mətbuat işçilərinin gözü qarşısında, qulaqları eşidə-eşidə canlı şahidlər tərəfindən deyildi. Məhkəmə heyəti bu cinayət əməlinə nədən heç bir reaksiya vermədi? Axı, söhbət insan ölümündən, insanı digərlərinin gözü qarşısında döyə-döyə, işgəncə yolu ilə qətlə yetirməkdən gedir. Bu cinayət niyə cəzasız qalır?

Qəribə də olsa, Nardaran hadisələrində öldürülənlərin, həbs edilənlərin, dəhşətli işgəcələrə məruz qalanların sayı Kərbəla müsibətində qətl edilənlərin sayına bərabərdir. Kimin içində haqq axtarışına zərrə qədər meyl varsa, kimlər ki, malını – pulunu töküb haqqa qovuşmaq üçün min kilometrlərlə məsafə qət edirlər, kimlər ki, yazdığı bədii əsərlərlərdə, çəkdiyi tablo və filmlərdə haqq axtarışına çıxırlar, uzağa getməyə ehtiyac yoxdur, Bakının lap yaxınlığında faciəsi ürəklər parçalayan günümüzün Nardaran müsibəti var. DİN-in yaradığı müsibət, “Bandotdelin” yaratdığı müsibət, məhkəmənin fatihəsini verməyə hazırlaşdığı müsibət.

Ana səhifəMənim FikrimcəGünümüzün Nardaran müsibəti