“Qaz borusu birdən-birə partladı. Mən də həmin vaxt platformada gəzirdim, quyulara baxırdım. Elə mən düşən dəqiqə partladı. Oradan güclə, birtəhər canımı qurtardım”.
“Günəşli” yatağının 10-cu platformasında operator işləyən Bəxtiyar Ələkbərov 4 dekabrda baş verən qəzaya bir sözlə “faciə” deyir. “Göydə Allah yerdə mən özümü xilas elədim” deyə fikrini çatdırır. 18 saat qayığın içində qaldıqdan sonra işçi Əziz Əliyev adına xəstəxananın yanıq bölməsinə gətirilib. Xəstəxanaya gətiriləndən səhiyyə naziri Oqtay Şirəliyev, ombudsman Elmira Süleymanova, Həmkarlar İttifaqının rəhbərliyi ona baş çəkib. Amma gözləri ilə gəzdiyi ARDNŞ rəhbərliyi onun yanına gəlib, ağrı-acısı ilə maraqlanmayıb.
“Rəhbərlikdən heç kim gəlib, maraqlanmayıb. Bir adam gəlməyib ki, 33 illik işçim bu dərəcədə yaralanıb, bunun taleyi harada tamam oldu?! Həmkarlar İttifaqından başqa…” -Bəxtiyar Ələkbərovun xanımı deyir.
Qəzadan sonra Bəxtiyar Ələkbərov 1-ci qrup əlil olub, əmək qabiliyyətini itirib. İşlədiyi müddətdə icbari sığortası olsa da, hələ ki, ödənməyib. Aylıq 1000 manat maaşı olan işçiyə qəzadan sonra kəsrlə, 600 manat ödənilib.
“1000 manat maaş alıram. Bu ay 600 manat pul verdilər. Onun da 4 günü, yanğından əvvəl iş günümüz olmuşdu. 4 günümə də gündəlik 65 manatdan götürsək, 260 manat edir. Bülletenə 350-400 manat veriblər. O da azdır. Bu qədər ailə mənə baxır. Bu pul qane eləmir. Yanmışıq, heç olmasa, maaşımızı versinlər nə yolla olur-olsun”.
Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov “Günəşli” yatağındakı qəzadan sonra hadisədə həlak olanların ailələrinə və əmək qabiliyyətini itirənlərə sığorta ödəniləcəyini demişdi.
Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev zənglərimizə cavab vermədi. Eləcə də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Elman Babayev telefonlarını açmadı.
54 yaşlı Bəxtiyar Ələkbərov yanğından öncə sağlam, gümrah işçi idi. Dekabrın 4-dən sonra birinci qrup əlil oldu. Əli, ayağı, başı yanıq xəsarətləri aldı. Əlində 4-cü dərəcəli yanıq izləri var. Bununla belə, o, müalicə alıb, evində istirahət etməyi düşünmür, ehtiyacdan yenə işləmək istəyir. Və təxmin edir ki, bundan sonra o, bu əllərlə 33 ildir çalışdığı sahədə işləyə bilməyəcək.
“Dövlətdən heç nə istəmirəm, heç olmasa maaşımı versin. “Yapıkredi” dən hər gün zəng edirlər. Yoldaşım deyir, narkoz altındadır, yatır. Deyir, onun uşağı yoxdur, gəlsin ödəsin. Üç-dörd dəfə bizə zəng eləyiblər. Deyir, özünə nəsə olubsa, gəlib uşağı krediti ödəsin. Uşağım da heç yerdə işləmir. Haradan alım?!”