”Günəşli” yatağındakı faciəyə görə kimsə cəzalanmayıb

“Hər şey ictimaiyyət üçün açıq oldu və bildirildi ki, zərər çəkmişlərin ailələri haradan kompensasiya ala bilərlər, onlara yardımlar edildi.”

Source:

Mirvari Qəhrəmanlı: “Artuz Rəsizadənin başçılıq etdiyi Dövlət Komissiyası da ictimaiyyətə açıqlama verməkdən boyun qaçırmamalıdır”

2015-ci il dekabrın 4-də “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 8 neftçinin cəsədi tapılıb, 22 nəfər itkin düşüb. Bu hadisə ilə əlaqədar olara prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunub.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı Toplum Tv-yə verdiyi açıqmada deyib ki, bu hadisə Azərbaycanın neft sənayəsində son illər ərzində baş vermiş ən ağır faciədir: “Nəticədə 30 insan can verdi. O gün Neft daşlarında bir hadisə də baş vermişdi, 3 nəfər dənizə düşmüş və 2-si tapılmamışdı. Bildiyiniz kimi, Artur Rəsizadənin rəhbərliyi altında Dövlət Komissiyası təyin olundu. Onlara baş vermiş faciənin səbəblərini, dəymiş ziyanı və s. araşdırmaq tapşırıldı. Dövlət Komissiyası nəticə və rəy təqdim etməli idi, faciənin səbəbləri göstərilməli idi. Dekbarın 4-ü artıq bu qəzanın bir ili tamam olacaq. Qəzadan sonra nə bir kəs işdən azad olunub, nə bir kəs cəzalanıb, nə də səbəblər aşkar olunub, Dövlət Komissiyasının gördüyü işdən də xəbər yoxdur. Ola bilər ki, Dövlət Komissiyası sənəd hazırlayıb və müzakirələri də gedib, ancaq Komissiyanın fikirləri, rəyi, təklifləri icmaiyyətə açıqlanmayıb. Niyə ictimaiyyətdən qəzanın, bu qədər insanın həlak olma səbəbi gizlədilsin? Biz özümüz 2 ay sonra araşdırma apardıq, baş verənləri qiymətləndirərək saytımızda yerləşdirdik. Sənəd 28 səhifədən ibarətdir. Orada hesab etdiyimiz günahkarların da siyahısını hazırlamışıq”.

Baş verənlərlə bağlı çoxsaylı sualların cavabsız qaldığını deyən Mirvari Qəhrəmanları bildirib ki, faciənin baş verməsində məsuliyyətsizlik də rol oynayıb: “Niyə əvvəlcədən şiddətli küləyin olacağını bilə-bilə, işçilər sahilə çıxarılmadı? Niyə əvvəlcədən qaz sızmasını haqqında məlumat “28 May” Neft və Qazçıxarma idarəsinə verildiyi halda, qarşısı alınmadı? Niyə 4-5 strukturun işçiləri orada qaldı? Niyə heç kəs cəza almadı, dəymiş ziyan haqda danışılmadı? Son vaxtlar təəccüblü bir məlumat da yayıldı. Onuncu özüldə zəlzələ nəticəsində dəmir döşəmə yerindən oynayıbmış. Niyə bu hadisələr Dövlət Neft Şirkətinin 80 faizə qədər neft verən Günəşli yatağında baş verir? Bu günlərdə orada, 7-ci yatağında kran aşması nəticəsində sürücü həlak oldu. Bu suallar açıq olaraq qalır. Azərbaycanın bir çox nazirliklərin əvəzinə işləyən və ikinci dövlət büdcəsinə çevrilmiş SOCAR bu suallara cavab verməlidir, Artuz Rəsizadənin başçılıq etdiyi Dövlət Komissiyası da ictimaiyyətə açıqlama verməkdən boyun qaçırmamalıdır”.

Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyev Toplum Tv-yə bildirib ki, bu sualların hamısını aydınlaşdırılıb və SOCAR-ın saytına yerləşdirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Toplum Tv-yə açıqlamasında isə qeyd edib ki, Dövlət Komissiyası ölkə prezidentinə bütün məlumatları çatdırıb: “Hər şey ictimaiyyət üçün açıq oldu və bildirildi ki, zərər çəkmişlərin ailələri haradan kompensasiya ala bilərlər, onlara yardımlar edildi. Bunların hamısı açıq keçirildi. Bununla bağlı ətraflı məlumat açıqlandı”.

Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17.40 radələrində başlayıb. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17.40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələnib və şiddətli yanğın baş verib. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb.



Mənbə: Toplum.Tv

Ana səhifəXəbərlər”Günəşli” yatağındakı faciəyə görə kimsə cəzalanmayıb