Komissiya hadisənin təfərrüatlarını araşdırır
Noyabrın 20-də “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə qəza olub. “SOCAR AQŞ” MMC tərəfindən istismar edilən ( istehsal edib HİDROAKTİF HİDROLİK VİNÇ İŞ MAKİNALARI İMALAT İHRACAT İTHALAT SAN.TİC.LTD. şirkəti), 2015-ci ildə quraşdırılmış 28 tonluq HAK-300 tipli “Neftqaz-63” gəmisindən boruları qəbul edən zaman kranın barbeti yuxarı flans-qaynaq (zavod istehsalı) hissəsindən qırılaraq gəmi yanalma meydançasına, daha sonra gəminin üzərinə aşıb. Kranın qırılan hissəsi dənizə düşüb.
Bu barədə APA-ya SOCAR-dan məlumat verilib.
Hadisə nəticəsində “Abşeron” Qazma Şirkətinin (AQŞ) krançısı 1991-ci il təvəllüdlü Elşən Səxavət oğlu Məmmədov baş nahiyəsindən xəsarət alaraq dünyasını dəyişib.
Dərhal müvafiq dövlət orqanlarına məlumat verilib, kran istehsalçısının nümayəndəsi dəvət olunub və birgə xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən özüldə hadisənin təfərrüatları araşdırılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.