“Günəşli” yatağında baş vermiş qəza ilə bağlı Dövlət Komissiyası yaradılıb

Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir

Source:


Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir

 Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən şiddətli yanğın və qəza ilə bağlı Dövlət Komissiyası yaradılması barədə sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamda qeyd edilib ki, ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunub, ilkin məlumata görə 1 nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.

Xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasına baş nazir Artur Rasi-zadə sədrlik edəcək.

Komissiyanın üzvləri: baş nazirin müavini Yaqub Eyyubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, energetika naziri Natiq Əliyev, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, səhiyyə naziri Oqtay Şirəliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov olub.

Dövlət Komissiyası itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etməli, hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməlidir. Eyni zamanda qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsi, xəsarət alanların müalicəsinin təmin edilməsi, qəza nəticəsində dərin dəniz özülünün yararlılıq vəziyyətinin və ona dəymiş zərərin müəyyənləşdirilməsi və görülmüş işlər barəsində Azərbaycan Prezidentinə mütəmadi məlumat vermək də tapşırılıb.

 Azərbaycan Baş Prokurorluğu Daxili İşlər, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz istintaq tədbirləri həyata keçirməlidir.

Ana səhifəXəbərlər“Günəşli” yatağında baş vermiş qəza ilə bağlı Dövlət Komissiyası yaradılıb