Raci İmanov Sumqayıtda, Vəkil İmanov isə Biləsuvarda polis bölməsinə aparılıblar
Oktyabrın 13-də Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşları- Raci və Vəkil İmanovlar polis tərəfindən saxlanılıb. Bu haqda Meydan Tv-yə yazarın atası Vəzir İmanov məlumat verib:
“Axşam saatlarında oğlum iş yoldaşlarıyla eyni maşında işdən evə gəlirmiş. İş yoldaşlarının mənə dediyinə görə, maşında 4 nəfər olublar. İş yerlərindən bir az uzaqlaşandan sonra polis oğlumun olduğu maşını saxlayıb və İmanov Vəkilin kim olduğunu soruşub. Oğlum özünü təqdim edəndən sonra onu Biləsuvar Rayon Polis Şöbəsinə aparıblar. Mən məlumatı alan kimi, şöbəyə getdim. Amma oğlumla görüşə bilmədim. Dedilər ki, yalnız sabah gəlib, onu görə bilərəm. Nəyə görə saxlanıldığını da demədilər”.
Vəzir İmanovun söylədiyinə görə, digər oğlu Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıb: “Oğlum Raci İmanovun saxlanıldığını da ailəsindən öyrəndim. Onu Sumqayıtda saxlayıblar. Onun da nəyə görə saxlanıldığını bilmirik”.
V. İmanov deyir ki, oğlanlarının heç birinin saxlanılması ilə bağlı ona polis bölməsindən xəbərdarlıq edilməyib.
Sumqayıt şəhərində yaşayan Raci İmanovun həyat yoldaşı Gülsu İmanova isə hadisəni belə şərh edib:
“Əvvəl Sumqayıtdakı 3-cü Polis Bölməsindən zəng vurdular. Racinin şəxsiyyət vəsiqəsini istədilər. Atam vəsiqəni apardı. Dedilər ki, onu artıq Sumqayıt Şəhər Polis Şöbəsinə aparıblar. Atamgil ora gediblər. Amma oradan deyiblər ki, vəsiqəsini sabah gətirsinlər. Nə saxlanılmasının səbəbini deyiblər, nə görüşə icazə veriblər. Deyiblər ki, sabah gəlib, görərsiz”.
İş saatı olmadığından sözügedən Polis Şöbələri ilə əlaqə saxlamaq mümkün olmayıb.
Günel Mövlud həyat yoldaşı ilə birlikdə xaricdə yaşayır. O, bir müddət əvvəl sosial şəbəkələrdə fəaliyyətinə görə ailəsinə təzyiqlər edildiyini və qohumlarından imtina etdiyini yazmışdı. Yazar qardaşlarının saxlanılmasını özünün fəaliyyəti ilə əlaqələndirir: “Onlar siyasətdən uzaq, sadə insanlardır. Elə bir həyat tərzləri yoxdur ki, həbsə səbəb olsun”.