Günel Həsənlinin məhkəmə istintaqı yekunlaşdı

Vəkil Adil İsmayılov çıxışa hazırlaşmaq üçün vaxt istədiyindən məhkəmə noyabrın 19-na qədər təxirə salındı

Source:


Vəkil Adil İsmayılov çıxışa hazırlaşmaq üçün vaxt istədiyindən məhkəmə noyabrın 19-na qədər təxirə salındı

Noyabrın 13-də Bakı Apellyasıya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə keçirilən iclasda Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayətinə baxılıb.

Bu barədə Azadlıq Radiosu məlumat yayıb.

Prosesdə Günel Həsənlinin vəkili Adil İsmayılov bu iş üzrə təkrar rəy vermiş ekspertə etiraz etdi. Vəkil etirazını əsaslandırarkən bildirdi ki, qanun eyni ekspertin bir iş üzrə təkrar rəy verməsini qadağan edir. Amma Günel Həsənlinin işi üzrə ibtidai istintaqda rəy vermiş Ceyhun Allahverdiyev apellyasiya instansiya məhkəməsində təyin olunmuş ekspertizada da rəy verib:

“Halbuki, onun əvvəlki rəyinin obyektivliyi və əsaslılığı şübhə doğurduğuna görə müdafiə tərəfi təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırmış və məhkəmə də onu təmin etmişdi. Hər iki rəydə rentgenin nəticəsinə istinad olunur, hanı o rentgen müayinəsi? İşin içində yoxdur. Ekspertə etirazı indi verməyimizə gəlincə, bizə əvvəlcədən onun kimliyi barədə məlumat verilməyib. Biz təkrar rəyi alandan sonra bildik ki, eyni adam verib”.

Adil İsmayılov həmçinin bu ekspertiza rəyi verilərkən Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulduğunu bildirərək, onun sübutlar siyahısından çıxarılmasını istədi.

Məhkəmə etirazı təmin etmədi. Rəyin sübutlar siyahısından çıxarılması barədə vəsatətə gəlincə, hakim bildirdi ki, bu məsələyə yekunda müşavirə zamanı qiymət veriləcək. Məhkəmə iclasında həmçinin Ədilə Səlimova barışıq ərizəsini təqdim edərək, Günel Həsənli barədə cinayət işinə xitam verilməsini istədi:

“Yaşlı adamam, qurban olum sizə, mənim xahişimi nəzərə alın…”

Bundan sonra hakim məhkəmə istintaqının yekunlaşmasını təklif etdi. Vəkil isə bu vəziyyətdə istintaqın tamamlanmasına etirazını bildirdi:

“Bu iş bir rəyin üzərində qurulub. O rəy də obyektiv və əsaslı deyil. İstintaqı bu vəziyyətdə yekunlaşdırmaq qanunsuzdur”.

Vəkilin etirazına baxmayaraq, məhkəmə istintaqının yekunlaşmasına qərar verildi. Ardınca çıxış edən dövlət ittihamçısı Günel Həsənlinin barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istədi.

Vəkil Adil İsmayılov isə çıxışa hazırlaşmaq üçün vaxt istədiyindən məhkəmə noyabrın 19-na qədər təxirə salındı.

Yasamal rayon Məhkəməsi fevralın 22-də avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edib.

Cəmil Həsənli özünün siyasi fəaliyyətinə görə qızının cəzalandırıldığını bildirib.

Zərərçəkən 87 yaşlı Ədilə Səlimova isə mətbuata deyib ki, özünü yaxşı hiss etmədiyi üçün müvazinətini itirərək yıxılıb və bu zaman Günel Həsənli avtomobili ilə ona yüngülcə toxunub. Sürücü daha sonra onu həkimə aparıb və rentgen müayinəsi zamanı hər hansı çıxıq, sınıq, əzik qeydə alınmayıb.

Ana səhifəXəbərlərGünel Həsənlinin məhkəmə istintaqı yekunlaşdı