“Adımın möhürünü vurmayınca, işdən əl çəkmək fikrim yoxdur”
Son vaxtlar onun yaratdığı əsərlər dünyanın nüfuzlu media orqanlarının səhifələrini bəzəyir. O, həm də Azərbaycan gündəminə biganə deyil. Bir çox jurnalistlərdən daha tez gündəmi tutur və dərhal əsəri ilə reaksiyasını ortaya qoyur. Bir sözlə, həmsöhbətimiz karikaturaçı- rəssam Gündüz Ağayevdir.
–
Gündüz bəy, necəsiniz?
– Təşəkkür edirəm. Vəziyyətimə normal demək olar.
–
Gündəmdə nə var? Yəni əlinizin altında hansı iş var?
– “Hərb və sülh” adlı seriyanı yenicə bitirmişəm. Hələlik əlimdə elə bir iş yoxdur. Yalnız lokal mövzulardan savayı. Geniş mövzularda işləmək üçün bir az vaxt lazımdır.
–
Siz gündəmi bəzi jurnalistlərdən daha tez tutursuz. Və dərhal əsərlərinizlə reaksiyanızı ortaya qoyursunuz. Bunun sirri nədədir?
– Bu, mənimçün elə də çətin deyil. Yəni bunun dərin sirri, filanı yoxdur. Rəsm çəkməyi bacarıram. Ali təhsilim rəssamlıq olub. Eyni zamanda gündəmi izləyirəm. Ölkədə və dünyada gedən proseslərlə maraqlanıram. Qaldı hər hadisəyə tez reaksiya verməyimə, bax, burda sirr mənim elektron planşetdən istifadə etməyimdədir. İndi demək olar ki, dünyada rəssamların çoxu ( əsasən də illüstratorlar) bu cür texnikadan istifadə edirlər. Planşet rəssamın bir çox işlərini yüngülləşdirir. Məsələn, bura büdcə, psixoloji durum və zaman daxildir. Planşet ele bir şeydir ki, onu və kompüteri bir dəfə alırsan və ən azı 3-4 il işlədə bilirsən. Bununçün sənə nə böyük emalatxana lazımdır, nə də hər həftə və ya hər ayda rəng, kağız, kətan almağa ehtiyac olur. Digər tərəfdən, əgər kağız üzərində nəyisə səhv edirsənsə – əvvəllər şəxsən mən kağızı cırıb tullayırdım – əsəb, gərginlik, işdən soyuma halları olurdu. Və yaxud kətan üzərində yağlı boya ilə bəzi fakturaları vermək üçün gərək günlərlə rəngin qurumasını gözləyəsən. Planşetdə isə belə bir narahatlıq olmur. Hər hansı bir səhvi ən qısa zamanda düzəltmək olur. İşin koloritini asanlıqla dəyişib, istədiyini əldə edə bilirsən. Ümumiyyətlə, üstün cəhəti həddindən artıq çoxdur. Elə vaxtlarım olub ki, kitab üçün bir ayda iki yüzə yaxın illüstrasiya işləmişəm. Bu, dəzgah texnikasında mümkün deyil.
–
Bəlkə özünüzü yazı üslubunda – satira, köşə, bloq yazıları ilə də sınayasız?
– Sözün düzü, bir-iki köşə yazım olub. Müsbət də qarşılanıb. Hətta bu yaxınlarda yazıçı dostlar mənə yazmağa davam etməyi təklif etdilər. Yazı mənimçün çox ağır prosesdir. Ola bilsin bu sahədə mütəxəssis deyiləm, ondan irəli gəlir. Amma yazıya başlayanda həddən artıq əziyyət çəkirəm. Bütün enerjim gedir. Yalan olmasın, iki-üç gün özümə gələ bilmirəm. Rəssamlığa gəldikdə isə atam rəssamdır, uşaqlıqdan bu sənətə yaxın olmuşam. Nə qədər istəmişəm sənət seçimimi dəyişim , alınmayıb. Şahmata getmişəm, nağara istəmişəm alıblar, müəllim yanına getmişəm, hərbçi olmaq istəmişəm. Sonda anlamışam ki, rəssamlıq mənə daha uyğundur. Sınaya bilmədiyim kosmonavtlıqdır. O da bizim ölkədə mümkün deyil, özü də Biləsuvar kimi rayondan çıxasan. Kosmonavt da olmaq istəmişəm. Amma jurnalist olmaq ağlımdan belə keçməyib.
–
Bir çoxunun sözlə deyə bilmədiyini siz rəsmlərinizlə deyirsiz. Bu, bir növ özünümüdafiə üsuludur, yoxsa mövqe?
– Deyərdim özünüifadə və mövqedir. Özünüifadə qanunauyğundur. Çünki rəssamam. Mövqe isə vətəndaşlığımdan irəli gəlir. Yenə təkrar edirəm, yazı yazmağa çətinlik çəkirəm, hər hansı siyasi partiyada olmaq istəmirəm, polis dəyənəyinin qorxusundan çıxıb küçədə etiraz etməkdən çəkinirəm. Bircə yol qalır, o da əlimdə olan imkan- rəssamlıq.
–
Əsərlərinizlə bağlı təzyiqlər, zənglər, xahişlər olurmu?
– Həddindən artıq olub. Gülməli tərəfi odur ki, hakimiyyətdən çox ətrafım mənə təzyiq göstərib.
–
Siz artıq Azərbaycan sərhədlərindən kənara çıxmısız. Yəni sizin bəzi əsərləriniz dünya mediasının da diqqətini cəlb edir. “Femidead”, “Peace and war”… Bunları sifarişlə etmisiz?
– Hələ dünyaya çıxmamışam. Am
ma deyərdim, artıq yoldayam. Gərək dayanmadan işləyim, geridə boşluq buraxmayım. Adımın möhürünü vurmayınca, işdən əl çəkmək fikrim yoxdur. İnanıram ki, ondan sonra da məşhurluq mənə işləməyə stimul verəcək. Tam səmimi deyirəm. Məşhurluq yaradıcı insana su, hava kimi lazımdır. Sadəcə bu məşhurluğun həzzini işə sərf etməlisən. Aldanmayasan, hər şeyi olduğu kimi qəbul edəsən. Yəni işləmişəm, əziyyət çəkmişəm, məşhurlaşmağım normal haldır. Üzə çıxan işlərim sifariş-filan deyil. Silsilə seriyalara görə də heç bir qonorar-filan almamışam. Bu yaxınlarda Hollandiyada sərgi olmalıdır. İşlərimi o sərgiyə götürüblər. Ordan qonorar gəlməlidir. Olsa, ilk dəfə o sərgidən pul gələcək. Amma işləyəndə heç bir gəlir haqda düşünməmişəm.
–
Əsərlərinizdən belə görünür ki, ümumbəşəri insansız, qlobal düşünürsüz və bunu əsərlərinizdə həkk etməyə çalışırsız…
– İndi ölkədən kənardayam. Ölkəmdə özümü necə aparırdımsa, kənarda da o cür aparıram. Vətəndaşlıq mövqeyimi kənarda daha geniş anlamda davam etdirirəm. Dünyəvi mövzulara toxunuram. Bu da çoxluğun diqqətini çəkir. Sadəcə ədalətin tərəfində dayanmağı seçmişəm. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, məncə, işlərimin uğur səbəbi sadaladıqlarımdır.
–
Gündüz bəy, dolanışığınız necədir? Əsərlərinizi sata bilirsinizmi? Və yaxud sizin əsərlərinizi çap edən yerli və beynəlxalq media orqanları sizə qonorar ödəyirmi?
– İndi ancaq yerli mediaya çəkdiyim karikaturaların qonorarı ilə dolanıram. Əlavə gəlir mənbəyim yoxdur. Ölkədən emalatxanamı, rəsmlərimi, evimi – hər şeyi buraxıb çıxdım. O baxımdan əvvəllər yağlı boya ilə işlədiyim rəsmlərimdən satırdımsa, hal-hazırda elə bir imkanım yoxdur. Dolanışığım pis deyil.