Hökmə əsasən, Ş.Cəfərli 4 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib
Aprelin 12-də Yasamal Rayon Məhkəməsində “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məhkəmədə olan Meydan TV əməkdaşının məlumatına görə, prosesdə Şirin Cəfərli son söz deyib. O, 71 min manatdan artıq ödənişlə bağlı qərarın qanunsuz olduğunu deyib: “Mənim rəhbərlik etdiyim qəzet 8 min tirajla çıxıb. Lakin qəzetin hamısı satılmayıb. Bu mümkünsüzdür. Ancaq qəzetin hamısının satılması fərziyyəsi ilə belə bir qərar verilib. Qəzetin kağız və çap xərcləri isə nəzərə alınmayıb. Lakin bu qərar varsa, gücüm çatdığı qədər ödəməyə çalışacağam”.
Müşavirədən sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən, Ş.Cəfərli 4 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.
Ş.Cəfərli Cinayət Məcəlləsinin (CM) 306.2-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə, eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunub.
O, 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 3 il şərti azadlıqdan məhrum edilib. Ş.Cəfərli CM-nin 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Həmin vaxt məhkəmə həmçinin Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71 min 478 manat ödəməsi barədə qərar çıxarıb. Ş.Cəfərli hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər 540 manat ödəyib. O, qalan məbləği ödəmədiyinə görə ötən ilin mart ayının 5-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Ş.Cəfərli barəsində C.M-nin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb. O, bu ilin fevral ayında isə 500 manat cərimələnib.