Nəzakət Abbasova: “Qarşı tərəf bundan sonra çıxacaq xərcləri qarşılasın”
“Oğlumu vurub yaman günə qoyublar. Nə hökumətdən, nə qanundan, nə də Allahdan qorxurlar. Heç nə olmamış kimi həyatlarına davam edirlər. Bizi isə qoyublar yaman günə”, – Bakı sakini Nəzakət Abbasovanın sözləridir.
Ötən il iyulun 7-də paytaxtın Günəşli qəsəbəsi yaxınlığında ağır yol qəza hadisəsi baş verib. N. Abbasovanın oğlu 32 yaşlı Ramal Abbasov və 16 yaşlı Fəqan Nəcəflinin idarə etdiyi avtomobillər toqquşub. Nəticədə Ramal Abbasov ağır xəsarətlər alıb. Anası deyir ki, oğlu qəzadan sonra düz 52 gün komada qalıb:
“Elə bilirdik daha özünə gəlməyəcək. Şükür ki, bu gün həyatdadır. Ancaq özü də, avtomobili də ciddi xəsarət alıb. Maşın, ümumiyyətlə, ələ gəlmir. Özününsə bu gün bərpa müalicəsinə və iki əməliyyata ehtiyacı var”.
Nəzakət Abbasovanın müalicə və xəstəxanalara 35 mindən çox pulu çıxıb. Ancaq bundan sonrakı əməliyyat və müalicələrə imkanı çatmır: “Yazıq balam xəstəxanada da axıra qədər qala bilmədi. Pulum çatmırdı, gedib-gələ bilmirdim. Bilirsiniz, bu gün xəstəxanada adicə barmağını sarıtdırmağa nə qədər pul çıxır? Allah heç kimə göstərməsin. Bizim də pulumuz yetmədiyindən məcbur olub çıxardıq evə. Nevroloji müalicə almalıdır, körpücük sümüyü və burnundan əməliyyat olunmalıdır. Bundan sonra da 1-2 il bərpa müalicəsi lazımdır. Nə ilə edim? Vuran adam da yaxın durmur”.
Ana hadisədən 23 gün sonra polisə şikayət ərizəsi ilə müraciət edib. İşi göndəriblər Bakı Şəhər Polis İdarəsinə: “Orda dedilər, guya Daxili İşlər Nazirliyinə göndərilib. Amma günahkar barəsində heç bir tədbir görülməyib. Mən çox şey istəmirəm ki… Bu günə qədər 35 minə yaxın xərcim çıxıb. Bunlar bir yana, heç olmasa qarşı tərəf bundan sonra çıxacaq xərcləri qarşılasın”.
Nəzakət Abbasova prokurorluğun işə obyektiv baxdığını deyir: “Oğlum zərərçəkmiş kimi tanındı. Avtoekspertiza da oğlumun heç bir günahının olmadığını təsdiqlədi. Ancaq bu günə qədər bizə heç bir kömək edilməyib. Nəinki maddi kömək, heç adicə üzrxahlıq da etməyiblər. Övladım da günü-gündən pisləşir. Günahkar kimdi? Əlbəttə ki, 16 yaşı tamam olmamış, sürücülük vəsiqəsi olmayan oğluna maşının açarını verən atadır günahkar. İndi də zəhmət çəkib bizim zərərimizi qarşılasınlar”.
Məsələyə münasibət öyrənmək üçün Meydan TV Fəqan Nəcəflinin atası Əfqan Nəcəfovla əlaqə saxlayıb. Ata oğlunun günahsız olduğunu deyib: “Məsələyə əvvəl polis bölməsində baxılırdı. Sonradan Bakı Şəhər Polis İdarəsinə verildi. İş bağlandı. Yenidən bu xanım məhkəməyə müraciət etdi. Ayın 4-də məhkəməyə çağırılmışıq. Onda bilinəcək günahkar kimdi. Günah onlarda olub. Məndə onun kaseti də var”.
Oğlunun sürücülük vəsiqəsinin olmaması iddiasına isə Əfqan Nəcəfli bildirdi ki, Nəzakət xanım yalan danışır: “Olmayan işi deyir, yalan danışır. İş bağlanıb. İndi yenidən, o, nəsə edə bilməz”.