Gün işığına həsrət qalanlar (VİDEO)


Sakinlər Avropa Məhkəməsinə qədər gedəcəklərini deyir

Xətai rayonundakı Həzi Aslanov qəsəbəsinin bir qrup sakini uşaqlarının istirahət yeri olan parkın sökülməsindən şikayətçidir. Sakinlər deyir ki, 2014-cü ilin avqust ayında rayon icra hakimiyyəti ərazidə dördmərtəbəli ofis binasının tikilməsi üçün sərəncam verib. Şikayətçilər bu sərəncamı qanunsuz hesab edir. Onların dediyinə görə, binanın tikilməsi evlərinə gələn gün işığının və havanın qarşısını kəsəcək.

Sakinlər bildirir ki, icra hakimiyyəti dördmərtəbəli binanın tikilməsinə icazə versə də, hazırda ərazidə yeddimərtəbəli yaşayış binası tikilir.

Şikayətçilərin sözlərinə görə, binanı tikdirənlər onları təhdid edirlər.

Şikayətlə bağlı sonuncu məhkəməni uduzan sakinlər apellyasiya şikayəti veriblər. Onlar Avropa Məhkəməsinə qədər getməkdə israrlıdırlar.

Məlum ərazidə tikinti aparan binanın mühəndisi Meydan tv-yə bütün sənədlərinin qaydasında olduğunu deməklə kifayətlənib.

Xətai Rayon İcra Hakimiyyətindən bir həftə ərzində sorğuya cavab verilməyib.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova deyir ki, şəhərsalma qanununa görə, sözügedən bina yeddimərtəbəli olacaqsa, onlar arasındakı məsafə ən azı 25 metr olmalıdır.

Memar evə günəş şüasının düşməsinin çox önəmli olduğunu bildirir.

Ana səhifəVideoGün işığına həsrət qalanlar (VİDEO)