Ermənistanda Gümrü şəhərinin meri Vardan Qukasyan korrupsiya ittihamı ilə həbs olunub. Bu barədə onun vəkili Ayrapetyan məlumat verib.
Gümrünün meri və daha yeddi nəfərin rüşvət alma və vermə ittihamı ilə həbsinə qərar verilib. Bu haqda Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. Amma buna baxmayaraq mer Vardan Qukasyanın hələ də meriyada qaldığı bildirilirdi. Binanın qarşısında isə onun tərəfdarlarının etiraz aksiyası keçirilirdi.
Vəkil bildirib ki, Qukasyan saxlanılaraq artıq Yerevanda yerləşən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təhvil verilib.
Vəkilin sözlərinə görə, ittihamlar hələlik əsaslandırılmayıb:
“Şübhələr var ki, bəzi şəxslərin əməllərini Vardan Qukasyanla əlaqələndirməyə çalışırlar. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi başlamazdan əvvəl istintaq materiallarını açıqlayırdı. Bu isə hüquqi prosedura ziddir”, – Ayrapetyan bildirib.
Vəkil həmçinin qeyd edib ki, Komitənin dərc etdiyi materiallarda rüşvətlə bağlı konkret sübut yoxdur:
“Yayılan məlumatlarda heç bir rüşvət faktı qeyd olunmayıb. Həm də orada təsvir edilən hallar Vardan Qukasyana aid deyil, başqa şəxsə aiddir”, – o vurğulayıb.
Şəhərdə gərginlik – polis meriyanı mühasirəyə alıb
Bu gün səhər saatlarından etibarən hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü şəhər meriyasına daxil olaraq binanı nəzarətə götürüblər. Polis meriyaya giriş-çıxışı tam bağlayıb, əməkdaşların içəri daxil olmasına icazə verməyib. Bundan sonra meriyanın qarşısına toplaşan Qukasyanın tərəfdarları aksiyaya başlayıblar.
Gün ərzində meriya binasının ətrafında gərginlik dəfələrlə artıb. Meriya binasına əlavə polis qüvvələri, o cümlədən xüsusi təyinatlılar cəlb edilib. Meriya yaxınlığında toplaşan vətəndaşlarla polis arasında toqquşma baş verib, bir nəfər saxlanılıb.
Hazırda meriya binasının ətrafı polis qüvvələrinin nəzarəti altındadır.
Qukasyanın tərəfdarları isə onun həbsini siyasi sifariş adlandırır.
V.Qukasyan 1998-2008-ci illərdə prezident olmuş, hazırda müxalifət lideri hesab olunan Robert Koçaryanın tərəfdarıdır.
Gümrü merinin yazda keçirilmiş seçkidəki qələbəsini Baş nazir Nikol Paşinyan bu ayın əvvəlində şübhə altına alıb, onun vəzifədən kənarlaşdırılacağını bildirmişdi.
Qukasyan 1999-2013-ci illərdə də Gümrünün meri olub və həmin dövrlə bağlı ona bir sıra ittihamlar irəli sürülüb. Oğlu Spartak ötən həftə zorla pul qoparma ittihamıyla ev dustağı edilib, atası bunu siyasi motivli adlandırıb.