”Gəlib düzəltmək əvəzinə dağıdıb, getdilər”
“Guya təmir edəcək, problemimizi aradan götürəcəkdilər. Vurub korun gözünü də çıxardılar”, – Binəqədi rayonu Gülüstan massivi 13-ün sakinləri belə deyirlər.
Sakinlər bir müddət öncə evlərinin önündəki su borusunun partlamasına görə “Azərsu” ASC-yə müraciət ediblər.
Müraciətləri qəbul olunub və “Azərsu”-dan borunu təmir etmək üçün qrup göndərilib. Sakinlər deyirlər ki, əvvəl hər şey qaydasında getsə də, sonradan işlər dəyişib:
“Gəldilər, partlayan borunu çıxarmaq üçün yeri qazıb-tökdülər. Sonra da qazılmış vəziyyətdə qoyub,çıxıb getdilər. Çalanın dərinliyi 3 metrdən çoxdur. Həm su xəttinin partlaması nəticəsində yığılan sular, həm də yağış suları birləşib, həyət-bacamızı basıb.Vəziyyət acınacaqlıdır”.
Sakinlər aidiyyatı qurumlara yenidən müraciət etsələr də, səslərini eşidən olmayıb:
“İndi deyirlər, bir problemimiz olanda da müraciət etməyək? Buna nə adı vermək olar? Dedik, gəlin, bizi ağgünə çıxarın, daha da pis vəziyyətə qoyub getdilər. İndi əvvəlki vəziyyətə şükr edirik. Evlərimizin bünövrəsi zədələnsə, buna kim cavab verəcək?”
Meydan TV məsələyə münasibət öyrənmək üçün Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bu işlərə “Azərsu” ASC-nin baxdığı deyildi: “Bununla bağlı “Azərsu”ya müraciət edin.Su borusunun partlamasıilə bağlı işlərə onlar baxır”.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə dedi ki, həmin ərazidəki problemdən xəbərsizdir:
“Biz bu məsələni araşdırıb, problemi tezliklə aradan qaldıracağıq”.
Anar Cəbrayıllı problemi həll etmək üçün sakinlərin əlaqə nömrələrini və ünvanlarını da aldı.