Gülüşə ac insanlar

Özlərinə gülənlərin dramı

Source:

Bu yaxınlarda Bakıdan rayona yola düşən avtobusların birində “Bu şəhərdə”nin konsertlərindən birini göstərirdilər. Xatırladım ki, bu tip konsertləri istənilən zaman rayonlara gedən avtobuslarda izləmək şansımz var. Mənimlə bərabər yol gedən yoldaş digər sərnişinlərin o konsertə necə diqqətlə baxdığını, baxıb necə ürəkdən güldüyünü görüb, təəccüblənirdi. Amma mən belə şeylərin çoxdan şahidi olmuşam, ona görə rahat idim.

Hətta gözümün qabağında bu şounu yarımçıq qoyulduğu üçün sürücünü döymək istəyən sərnişinləri də görmüşəm. Səliqəsiz, bir-birinə yol verməyi bacarmayan, ətrafa qarşı diqqətsiz və hörmətsiz insanlar eyni hərəkətlərin səhnəsinə yol boyu tamaşa edib, gülürdülər. Həqiqətən, möcüzəli hadisələrdir. Bir insan özünə baxıb gülür və bundan zövq alır. Dəhşətdi! Amma bunun bir səbəbi olmalıdır. Yəni bu insanlar həqiqətənmi özlərinə gülürlər, yoxsa bundan xəbərsizdilər?!

Mən ad çəkmək istəməzdim amma görünən odur ki, uzun zamandır xalqın daha böyük rəğbət bəslədiyi “Bu şəhərdə”nin aktyorları və onlar kimi digər “gülüş ustaları” aktyorlar telekanalları və böyük səhnələri zəbt edib. Onlar bu xalqın gündəlik həyatını göstərir və xalq buna baxıb gülür. Təkcə gülməklə kifayyətlənmir, eyni zamanda onları sevir və dəstəkləyirlər.

Avtobusda gördüklərim yaxşıdır, mən ondan daha acınacaqlısının şahidi olmuşam. Təsəvvür edin, o səhnələrə baxıb gülən ailələr elə eyni zamanda güldükləri səhnələri gözümün özündəcə təkrar ediblər. Məsələn, Azərbaycan ailələrinin bitməz, izaholunmaz problemləri, gəlin-qayana, ata-oğul, bacı-qardaş arasında yaşananlar, mental dəyərlərin yaratdığı bərbad həyat tərzi və.s bunlar hamısı o konsertlərdə göstərilir və həmin ailələr onlara baxıb, gülür.

Bəs, niyə düzəlmirlər?

Düzəlmirlər. Ona görə ki, özlərini sevirlər və ya onlara baxıb gülərkən özlərini unudurlar, öz problemlərinin bu qədər gülməli olduğunu anlamırlar. Çünki Azərbaycan xalqı gülüşə acdır, həmin güldükləri səhnələri hər gün yaşayırlar və həyatlarını məhv etmiş problemləri hələ də çözə bilməyiblər. Ən böyük səbəblərdən biri də odur ki, həmin səhnələri yaradan insanlar xalqı inandırıb ki, bütün bu olanlar gözəldir, onların özlərini özlərinə güldürən bu insanlar heç vaxt xalqı bu acı gülüşdən xilas etməyi düşünməyiblər. Ona görə də, xalq özünü sevir, nə qədər gülməli, bayağı həyat yaşasalar da, bu onlara xoşdur.

Bu insanların etdikləri ən mundar iş isə hər dəfə səhnədə xalqın zəif nöqtəsini tutub, onlara yem atmalarıdır. Hər dəfə onların erməni xalqını, avropalıları söydükləri, homoseksualları təhqir etdikləri səhnələrin xususi yer alması, Qarabağ, vətən, millət deyərək bu boyda xalqı öz gülməli hallarına güldürməyi, eyni zamanda özlərini sevdirməyi bacarmaqları da bir dərddir.

Bu gün o insanları ayaqda saxlayan xalqdır, bütün tənqidlərə baxmayaraq, hələ də böyük səhnələrdə bu qədər kütlə yığa bilirlərsə, demək xalq özünü tapmayıb, özünü kəşf edə bilməyib, özünə gülməyi sevir. İndi bizim bəlamıza çevrilmiş bu insanlar çox yaxşı bilirlər ki, xalqın sevgisi haradan qaynaqlanır. Bunların hamısı düşünməməkdən irəli gəlir. Məsələn, ciddi bir tamaşaya baxıb gülən və ya saatlarla diqqətlə o tamaşanı izləyən insanlara tamaşadan sonra sual versən ki, “orada izlədiyin hadisələr nədən bəhs edirdi?”- donub qalarlar, bir kəlmə söz tapa bilməzlər.

Sistemin, rejimin vurduğu zərbələrin yaratdığı boşluqlardan nə vaxtsa qurtulmaq olar, amma xalqın düşünmə boşluğunu bərpa etməsi ən çətin işdir. Azərbaycan üçün danılmaz bir həqiqət var, burada insanlar yerində deyil. Azərbaycanı tam izah edən, deyilmiş belə bir məsəl var : “İndi Sabirin qəhrəmanları hər il yığışıb, ona təntənəli ad günü qeyd edir, heykəlini ziyarət edirlər.”

Ən pisi də odur ki, o insanların çoxu onun bütün əsərlərini oxuyublar, sadəcə, özlərini orada tapa bilməyiblər.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəGülüşə ac insanlar