Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verilmir

Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları T.Edilov və R.Quliyev tərəfindən tərtib olunmuş 29.09.2014-cü il tarixli aktda deyilir ki, Mahmud Mehdiyevlə mobil telefonla əlaqə saxlanıldı və tələbkar işdən çıxa bilmədiyini bildirdi.

Source:


''Despotik bir rejimi bundan yaxşı heç nə səciyyələndirə bilməz''

Keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdi 2011-ci ildən ölkədən kənara çıxa bilmir.

2004-cü il doğumlu Toğrul Mehdi xaricdə təhsil almaq niyyətində olduğundan anası olayı ictimailəşdirib.

Bu barədə Meydan TV-yə Gültəkin Hacıbəyli özü məlumat verib.

Gültəkin Hacıbəyli bildirib ki, 8 ildir bununla bağlı hüquq-mühafizə orqanlarına və məhkəmələrə şikayət ünvanlayır:

“Mənə qarşı düz səkkiz ildir bitməyən təqiblər barədə danışmağı sevməsəm də, bəzən buna məcbur oluram, xüsusilə də, söhbət Azərbaycan hakimiyyətinin öz siyasi opponentindən övladı ilə qisas almasından, anasının siyasi fəaliyyətinə görə uşağa mənəvi işgəncə verməsindən gedirsə, bunu hamı bilsə yaxşıdır. Çünki bir despotik rejimi bundan yaxşı heç nə səciyyələndirə bilməz. Bu dövlətin milyardlarını oğurlayan məmurların harın, qudurğan, tüfeyli övladları millətdən çalınan haram pullarla, qollarında 2,5 milyonluq saat gecəsi 2 min avroluq İbiza otellərində kef etdiyi vaxt Azərbaycan hakimiyyəti mənim 15 yaşlı övladımın ölkədən çıxışına yasaq qoyub. Oğlum 2011-ci ildən sonra ölkədən çıxa bilmir. Əvvəl uşaq idi, sadəcə, istirahət hüququ pozulurdu, indi artıq böyüyüb, xaricdə təhsil almaq niyyətindədir və şanlı hökumətimiz onun təhsil hüququnu da əlindən alır. Necə ola bilər, harınlanmış məmur övladları xaricdə veyillənə bilərlər, siyasi müxaliflərin övladları isə xaricdə təhsil ala bilməz?!”.

20190703_130556[1].jpg
məhkəmə hökmü

Sabiq deputat 2018-ci ilin oktyabr ayında oğlunun xaricə çıxmasına icazə almaq üçün məhkəməyə müraciət edib:

“İşi uzatdılar və üç aydan sonra, bu ilin yanvar ayının 22-də yox cavabı verdilər. Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədov özünə əziyyət verib imtinanı heç əsaslandırmadı da. Bizim iddia ərizəsində göstərdiyimiz hüquqi əsaslandırmanı bütövlükdə məhkəmə qətnaməsinə köçürüb, təxminən "uşağın mənafeləri üstün tutularaq onun təhsil və istirahət hüququ məhdudlaşdırlmalıdır" məzmunlu sərsəm bir qərar çıxardı. Apelyasiya şikayəti verdim. Bakı Apelyasiya Məhkəməsində iş hakim Aida Hüseynin icraatına veriləndə fikirləşmişdim ki, hər halda qadındır, anadır, yəqin ən azı etdikləri pisliklərin artıqlaması ilə öz övladlarının qarşısına çıxacağından qorxar, ədalətli qərar çıxarar. Amma hakim apelyasiya şikayətimizi rədd edərkən imtinanı onunla əsaslandırdı ki, atasının uşaqla görüşmək hüquqi var və bu hüquq uşağın təhsil və istirahət hüququndan da üstün tutulmalıdır! Ata deyəndə söhbət vaxtilə işlədiyi prokurorluq orqanlarından bu orqan əməkdaşına yaraşmayan hərəkərlərə və fərari olduğunu gizlətdiyinə görə Zakir Qaralovun əmri ilə qovulmuş şəxsdən gedir. 2013-cü ildə bu "atanın" bacısı

Aynur Mehdiyeva

insan alveri çinayətinə görə yaxalandı. Prezident Administrasiyasından Zakir Qaralova təcili tapşırıq verildi ki, həmin şəxsi tapıb Gültəkin Hacıbəyliyə qarşı

mətbuat konfransı

təşkil etməyə, ona qarşı qaralama kampaniyası aparmağa razı salsanız, özünü prokurorluq orqanlarına bərpa edəcəyik, insan alverçisi olan bacısını isə şərti cəza ilə həbsdən azad edəcəyik.

20190703_130120[1].jpg
keçmiş həyat yoldaşının ərizəsi

Zakir Qaralov vasitəçilik missiyasını Elmar Vəliyevin qudası olan və az sonra rəhmətə gedəcək bir şəxsə və səhv etmirəmsə, hazırda Nərimanov rayon prokuroru olan Vüqar Əliyevə tapşırdı. Məhkəmələrə də mənimlə bağlı sifarişləri prokuror təyin olunanadək həmin Vüqar Əliyev verirdi, sonra onu bu missiyasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov əvəz etdi. "Ata" dərhal razılaşıb və mənə qarşı 2013-cü ilin 17 mayında mətbuat konfransı keçirib "İlham Əliyevi sevməməkdə", Cinayət Məcəlləsinin maddələrinin yarısı qədər cinayət törətməkdə və oğlu ilə görüşməyinə imkan verməməkdə ittiham etdi. Sonra mənə qarşı özü və bacısı xüsusi ittiham qaydasında cinayət işi qaldırdı, anaları Nəhayət Məmmədovanın birdən yadına düşdü ki, sən demə, kasıb deputat olduğum üçün mənə 50 min dollar borc verib və nədənsə düz on il verdiyi borcu unudub, yalnız indi xatırlayıb. Elə o vaxt məhkəmə uşağın məndən alınaraq atasına verilməsinə bərabər bir qətnamə çıxardı, yəni, uşaq rəsmən mənim himayəmdə qalırdı, ancaq dərsdən sonra bütün vaxtını onlarla keçirməli idi. Sözün qısası, ailəlikcə məhkəmələrdə üzəduranlıq missiyasını yerinə yetirəndən sonra istədiklərini aldılar: "ata" qovulduğu prokurorluğa təyinat aldı, insan alverçisi kimi yarğılanan Aynur Mehdiyeva 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına bir il şərti məhkum edildi və bununla da uşaq sevdası bitdi. 9 il uşağı ilə maraqlanmayan, bir dəfə görüş üçün müraciət etməyən, bir manat aliment ödəməyən atanın uşaq nəyinə lazımdır ki?! Lakin məhkəmə qətnaməsi olduğu üçün Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları dəfələrlə həmin şəxsə – Mahmud Mehdiyevə zəng edib uşaqla görüş təşkil etmək istədiklərini deyiblər”.

20190703_130109[1].jpg
akt

Mahmud Mehdiyevdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları T.Edilov və R.Quliyev tərəfindən tərtib olunmuş 29.09.2014-cü il tarixli aktda deyilir ki, Mahmud Mehdiyevlə mobil telefonla əlaqə saxlanıldı və tələbkar işdən çıxa bilmədiyini bildirdi. İcra məmurlarının 08.10.2014-cü il tarixində tərtib etdikləri digər akta görə yenə də Mehdiyevlə əlaqə saxlanılıb, lakin tələbkar işi olduğundan uşağı ilə görüşə gələ bilmədiyini deyib. Buna bənzər başqa bir neçə akt tərtib ediləndən və tələbkarın həmişə işi çıxdığı üçün oğlu ilə görüşə gələ bilmədiyindən o özü Nəsimi rayon icra şöbəsinin rəisinin adına 24.10.2014-cü il tarixli ərizə ilə müraciət edib və ərizəsində yazıb: "…oğlum Toğrul ilə görüşlərimlə əlaqədar nəzərinizə çatdırmaq istəyirəm ki, hazırki vaxtda işimin çox olması ilə bağlı görüşə gələ bilmirəm. Göstərilənləri nəzərə alıb icra vərəqəsini, vaxtım olana kimi, icra etmədən məhkəməyə geri qaytarmağınızı xahiş edirəm".

Gültəkin Hacıbəyli də deyir ki, nə 2014-cü ildən keçən beş il, nə də Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət etdiyi son doqquz ay ərzində atanın uşaqla görüşməyə vaxtı olmayıb, o, buna tək bircə dəfə də cəhd etməyib:

“Onu da əlavə edim ki, oğlum onu qəbul etmir və 15 yaşlı yeniyetmənin öz seçimini etmək hüquqi var. Beləliklə, Azərbaycan hakimiyyəti oğlu ilə görüşməyə 15 ildə bir dəfə vaxtı olmayan fərarinin arxasında gizlənərək bir uşağın gələcəyini məhv edəcək qədər rəzildir, səviyyəsizdir, qeyri-insanidir. Ancaq onların mənim övladımın gələcəyini məhv etməyə gücləri yetməyəcək, bununla onlar yalnız öz övladlarının həyatlarını məhv etməyi bacaracaqlar!”.

20190703_130104[1].jpg
akt
Ana səhifəXəbərlərGültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verilmir