Məhkəmə siyasətçinin şikayətini qismən təmin edib
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin 17 yaşlı oğlu Toğrulun ölkədən çıxması üçün on ildir davam edən maneə aradan qalxıb. Bakı Apelyasiya Məhkəməsi Gültəkin Hacıbəylinin bu barədə şikayətini qismən təmin edib. Azad İmanovun sədrlik etdiyi hakimlər kollegiyası qərar verib ki, Toğrul Mehdi 18 yaşına qədər xaricdə daimi yaşamaq istisna olmaqla, digər hallarda ölkəni tərk edə bilər.
Ötən məhkəmə iclasında Gültəkin Hacıbəyli hakimlərə oğlunun Almaniya universitetinə qəbulunu təsdiqləyən sənədi təqdim etmişdi.
Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev 2011-ci ildə Dövlət Sərhəd Xidmətinə məktub göndərərək, oğlunun ölkədən çıxışı üçün onun anasına verdiyi etibarnamənin ləğv olunduğunu xəbər verib. Mahmud Mehdiyev bu addımını keçmiş həyat yoldaşının uşağı ondan gizlədərək, daimi yaşamaq üçün xaricə aparmaq ehtimalı ilə izah edib.
Gültəkin Hacıbəyli isə bildirirdi ki, Mahmud Mehdiyev heç vaxt oğlu ilə maraqlanmayıb, hətta özü 2014-cü ildə Nəsimi Rayon İcra Şöbəsinə ərizə yazaraq, həftədə bir dəfə də uşaqla görüşməkdən imtina edib. Onun fikrincə, uşağın bu əsasla ölkədən buraxılmaması onun müxalif mövqeyinə görə siyasi sifariş idi: “Sadəcə, bu sifariş Mahmud Mehdiyevin əli ilə icra olunurdu…”
Məhkəmənin qərarını Meydan TV-yə şərh edən Gültəkin Hacıbəyli bildirib ki, onun xarici ölkəyə köçmək fikri yoxdur. Məqsədi də oğlunun Avropada təhsilini davam etdirməsinə imkan verilməsidir: “Məqsədim bu idi ki, uşağın təhsil hüququ məhdudlaşdırılmasın”.
Mahmud Mehdiyevin anası Nəhayət Məmmədova Gültəkin Hacıbəyliyə qarşı iddia qaldıraraq, 2003-cü ildə evini təmir etdirmək üçün ona 50 min dollar pul verdiyini bildirib. Ötən il məhkəmə keçmiş qayınananın bu iddiasını təmin edib. Bununla əlaqədar Gültəkin Hacıbəylinin avtomobili iki ildir ki, cərimə meydançasındadır. Avtomobillə yanaşı, evinin də üzərinə həbs qoyulub.
Mahmud Mehdiyev və onun ailəsilə Gültəkin Hacıbəyli məhkəmə çəkişmələri 2012-ci ildən başlayıb. Həmin vaxt prokurorluq orqanlarından xaric olunmuş Mahmud Mehdiyev daha sonra Xətai Rayon Prokurorluğuna müstəntiq təyin edilib. Bu yaxınlarda isə o, Baş Prokurorluğa şöbə prokuroru vəzifəsinə gətirilib.