“Həmin şəxsi bəhanə edib, mənim siyasi fəaliyyətimə görə övladıma faşist metodlarıyla təzyiq göstərirlər”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin oğlu, 2004-cü il təvəllüdlü Toğrul Mehdi təhsil üçün Almaniyaya getmək istəsə də, ona imkan verilmir. G.Hacıbəyli bununla əlaqədar məhkəməyə müraciət edib.
G.Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev oğlunun ölkədən çıxışı üçün razılıq vermir. Ona görə də G.Hacıbəyli məhkəməyə müraciət edərək, övladının istənilən vaxt ölkədən müvəqqəti çıxmasına izacə verilməsi barədə qərar qəbul edilməsini istəyib. Lakin Nəsimi Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Məhkəmənin qərarında da göstərilib ki, övladının onun razılığı olmadan ölkədən kənara çıxarılması atanın hüquqlarını məhdudlaşdırır.
Bakı Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Ali Məhkəməyə kassasiya şikayəti verən G.Hacıbəyli yazıb ki, bu məhkəmə qərarları qərəzlidir, qanunsuzdur. Onun sözlərinə görə, məhkəmə 15 yaşına qədər atanın bu uşaqla maraqlanmaması, özünün uşaqla ünsiyyətdən imtina barədə ərizəsini nəzərə almayıb.
Toğrul 2004-cü ildə anadan olub, valideynləri onun 1 yaşı olanda rəsmi şəkildə boşanıb.
“8-9 il oğlu, ümumiyyətlə, bu adamın yadına düşməyib. 2013-cü ildə hökumət siyasi baxışlarıma görə mənə qarşı “qara piar” kampaniyasına başlayanda bunun da yadına övladının olduğu düşdü və məhkəməyə müraciət edərək, uşaqla ünsiyyət hüququnun tanınmasını istədi. Məhkəmə bu barədə qərar çıxarsa da, sonradan özü uşaqla görüşlərdən imtina etdi. Bu barədə Nəsimi Rayon İcra Şöbəsinə ərizələri var. Özü uşaqla ünsiyyətdən imtina etdiyi, bu günə qədər onunla əlaqə saxlamadığı halda, məhkəmələr qərəzli şəkildə bu məsələlərə göz yumur. Siyasi fəaliyyətimə görə övladımın təhsil, istirahət hüququ pozulur”, deyə G.Hacıbəyli kassasiya şikayətində bildirib.
Hazırda oğlu Toğrulun alman dilini öyrəndiyini və dili daha mükəmməl qavraması üçün getdiyi tədris müəssisəsinin – “Alman dili Tədris Mərkəzi Azərbaycan” MMC-nin onları Almaniyaya kurslara göndərdiyini vurğulayan G.Hacıbəylinin sözlərinə görə, övladı bu imkandan məhrum edilib: “Toğrulun bütün kurs yoldaşları, sinif yoldaşları artıq Almaniyaya gediblər. O isə heç istirahət məqsədilə də gedə bilmir. Çünki heç vaxt onunla maraqlanmayan, zəng belə etməyən, üzü belə yadından çıxan “atası“nın övladı ilə ünsiyyət hüququ pozulurmuş…”
G.Hacıbəyli baş verənləri ona qarşı təzyiqlərin tərkib hissəsi sayır. Deyir ki, hökumət keçmiş ərindən növbəti dəfə ona qarşı istifadə edir: “Həmin şəxsi bəhanə edib, mənim siyasi fəaliyyətimə görə övladıma faşist metodlarıyla təzyiq göstərirlər”.
Mahmud Mehdiyev prokurorluq əməkdaşına yaraşmayan hərəkətə – hərbi xidmətdən yayınmağa görə Baş prokuror Zakir Qaralovun əmri ilə bu orqanlardan xaric edilmişdi. 2013-cü ildə G.Hacıbəylinin əleyhinə mətbuat konfransı keçirib, uşaqla bağlı məhkəməyə müraciətindən sonra yenidən prokurorluğa bərpa olundu.
M.Mehdiyevin anası Nəhayət Məmmədova da keçmiş gəlininə qarşı 50 min dollarlıq iddia qaldırıb. Bugünlərdə Nəsimi Rayon Məhkəməsi həmin iddianı da təmin edib.
N.Məmmədova iddia edir ki, 2003-cü ildə G.Hacıbəyliyə evini təmir etdirmək üçün 50 min dollar borc verib. G.Hacıbəyli isə bunun yalan olduğunu bildirir: “Hələ illər öncə demişdilər ki, hökumət mənə qarşı kampaniyaya görə onlara vədlər verib. Oğlu qovulduğu vəzifəyə qaytarıldı. İndi də məndən alıb ona 50 min dollar vermək istəyirlər”.
Bu məsələyə görə G.Hacıbəylinin həm evinin, həm də maşınının üzərinə həbs qoyulub.