Gültəkin Hacıbəyli: “Mən məcburiyyət qarşısında bu addımı atmalı oldum”

“Jurnalistlərə qarşı iddiamın məsuliyyəti Yasamal Rayon Məhkəməsinin üzərindədir”

Source:


“Jurnalistlərə qarşı iddiamın məsuliyyəti Yasamal Rayon Məhkəməsinin üzərindədir”

Mili Şuranın üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəyli “Yurd TV”nin, “Palitra” və “Kaspi” qəzetlərinin, teleqraf.com, sia.az saytlarının əməkdaşlarını məhkəməyə verib. G.Hacıbəyli jurnalistlərin xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb edir.

Jurnalistlərə qarşı iddia üzrə məhkəmənin hazırlıq iclası yanvarın 23-də Yasamal Rayon Məhkəməsində hakim Aqşin Əfəndiyevin sədrliyi ilə keçiriləcək.

Bu barədə informasiyanı Meydan TV-yə təsdiqləyən Gültəkin Hacıbəyli bildirib ki, o, Mahmud Mehdiyevi mətbuat konfransında haqqında səsləndirdiyi fikirlərə görə məhkəməyə verib: “Amma Mahmud Mehdiyev sonradan konfransda söylədiyi fikirləri təkzib etdi və jurnalistlərin onun dediklərini təhrif etdiyini bildirdi. Yəni məsuliyyəti jurnalistlərinə üzərinə atdı”.

Gültəkin Hacıbəyli deyib ki, o, fikir, söz azadlığının tərəfdarıdır və diffomasiyanın cinayət qaydasında təqibinin də əleyhinədir: “Hesab edirəm ki, Azərbaycan Avropa ailəsinə qovuşmalı və onların dəyərlərini paylaşmalıdır. Bu dəyərlər çərçivəsində fikir və söz azadlığı öndədir. O cümlədən, jurnalistlərə həmişə hörmətlə yanaşmışam və problemim də olmayıb. Məlum mətbuat konfransında haqqımda səsləndirdiyi aşırı təhqirlərə görə Xətai Rayon Prokurorluğunun müstəntiqi Mahmud Mehdiyevi xüsusi ittiham qaydasında məhkəməyə vermişəm. Onun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148 maddələri ilə cəzalandırılmasını istəmişəm. Şikayətə Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb. Amma hakim çox absurd şəkildə bəraət hökmü çıxarıb, hökmdə bildirilib ki, ifadələr Mahmud Mehdiyevə məxsus deyil, müəlliflər jurnalistlərdir. Bununla məsuliyyət Mehdiyevin üzərindən götürülərək jurnalistlərin üzərinə qoyulub. Əlbəttə, mən də həmin ifadələrin müəllifinin Mehdiyev olduğunu bilirəm. Təəssüf ki, hakim belə bir absurd qərar qəbul etdi. Mən də məcburiyyət qarşısında bu addımı atmalı oldum. Bir daha deyirəm, jurnalistləri məhkəməyə vermək niyyətində deyildim. Hakim Tağıyevin hökmündən apellyasiya şikayəti verərkən belə bir vəsatət verdik. Yanvarın 15-də Bakı Apellyasiya Məhməkəsində hakim İlqar Murquzovun sədrliyi ilə şikayətə baxış oldu. İşə məhkəmə istintaqı ilə baxılmasını və jurnalistlərin də dəvət olunmasını istədik. Ki, həmin təhqirlərin müəllifi onlar yox, məhz Mahmud Mehdiyevdir. Ancaq hakim tələbimizi rədd etdi, indi çıxılmaz vəziyyətdə qalmışıq. Ortada təhqir və böhtanlar var, bunlara da kimsə cavab verməlidir. Bütün bunlara baxmayaraq məhkəmələr Mehdiyevi gizlədib məsuliyyəti jurnalistlərin üzərinə atır. Beləliklə, mənim jurnalistlərə qarşı iddiamın məsuliyyəti Yasamal Rayon Məhkəməsinin üzərindədir”.

Gültəkin Hacıbəyli yanvarın 22-də Yasamal Rayon Məhkəməsində haqqında çıxarılacaq hökmə də münasibət bildirib: “Azərbaycan məhkəmələrindən hər şey gözləmək olar. Mahmud Mehdiyevə bu qədər açıq böhtanların müqabilində bəraət verən, yaxud iki ağır cinayət törətmiş Aynur Mehdiyevaya 8, il 6 ay həbs qarşılığında şərti cəza verən məhkəmələrdən hər şey gözləmək olar. Ona görə indidən proqnoz verə bilmərəm. Amma istənilən ittiham hökmü Azərbaycan məhkəmələri üçün rüsvayçılıq olacaq və mən bunların qarşılığında mübarizəmi davam etdirəcəm”.

Sabiq deputat deyib ki, əslində, bu işin icraata götürülməsi absurddur. Çünki ittiham saxtadır, məsələn, Aynur Mehdiyevin yerinə imzanı Mahmud Mehdiyevin qoyması prosesual qanunvericiliyə ziddir.

Ana səhifəXəbərlərGültəkin Hacıbəyli: “Mən məcburiyyət qarşısında bu addımı atmalı oldum”