Gültəkin Hacıbəyli: Azərbaycan iqtidarı Avropa Birliyi ilə münasibətləri dərinləşdirə bilmir

”Ölkədə korrupsiya, insan haqları pozuntusu Avropa dəyərləri ilə dərin ziddiyyət təşkil edir”

Source:


”Ölkədə korrupsiya, insan haqları pozuntusu Avropa dəyərləri ilə dərin ziddiyyət təşkil edir”

Belçikanın paytaxtı Brüsseldə noyabrın 24-də baş tutan “Şərq Tərəfdaşlığı” sammiti iki məqamı ilə yadda qaldı.

Birinci Azərbaycandan fərqli olaraq Ermənistan Avropa Birliyi ilə saziş imzaladı. İkinci məqam toplantının yekununda qəbul edilən bəyannamədə Avropa Birliyinin tərəfdaşlarının ərazi bütovlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyi və bunun qorunmasına görə öhdəlik daşıdığı vurğulandı.

Sammitdən sonra rəsmi və qeyri-rəsmi təbliğatda Bakı ilə Brüssel arasında imzalanmayan və detalları indiyə qədər açıqlanmayan saziş barədə təhlil yazılarının sayı artır. Hətta sənədin adında anlaşılmazlıq var. Bir sıra hallarda o,  “assostiativ”, digərlərində “çərçivə” sazişi adlandırılır.

Sual olunur, jurnalistlər hansı mənbələrə istinadən məxfi aparılan danışıqlar barədə informativ-təhlillər aparır və Avropa Birliyinin, “Şərq Tərəfdaşlığı” sammitinin öz öhdəliklərini yerinə yetirmədiyini xüsusi vurğulayırlar.

Milli Şuranın beynəlxalq məsələlər üzrə koordinatoru, sabiq deputat Gültəkin Hacıbəyli Meydan TV-yə bildirib ki, danışıqların detallarının açıqlanmaması ikitərəfli razılaşma əsasında olur. Diplomatik etiketə görə tərəflər razı olmasa, detallar açıqlanmır.

Amma Gültəkin Hacıbəyli detalların açıqlanmamasında başqa bir səbəbin də olduğunu deyir:

“Bugünə qədər Avropaya inteqrasiya istiqamətində Azərbaycan hökumətini addım atmamaqda qınayırdıq. İndi başqa bir gerçəklik var. Ölkədə korrupsiyanın durumu, insan haqları pozuntusu o dərəcədə acınacaqlı və Avropa dəyərləri ilə dərin ziddiyyət təşkil edir ki, artıq Brüssel özü də Bakı ilə münasibətlərini dərinləşdirməkdə maraqlı deyil”.

O qeyd edib ki, hazırda Avropa Birliyi Azərbaycan qarşısında şərtlər qoyur. Bu şərtlər insan haqları istiqamətində dəyişikliklər, siyasi məhbus probleminin tamamilə həlli, vətəndaş cəmiyyətinə basqıların dayandırlması ilə bağlıdır.

“Təbii ki, Avropa Birliyi Azərbaycan xalqı və dövləti ilə bütövləşməyin tərəfdarıdır. Sadəcə, Brüssel indiki reallığlı qəbul etmir. Məncə, danışıqlarda Avropa Birliyi kifayət qədər ciddi tələblər irəli sürür, detallar da ona görə açıqlanmır”.

G.Hacıbəylinin sözlərinə görə, hər iki tərəfdən etimadsızlıq və narazılıq var, amma Brüssel haqlıdır.

“Çünki Avropa Birliyi Azərbaycandan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb edir. Həmin öhdəlikləri hökumət Avropa Şurasına üzv olarkən götürüb və Konstitusiyanın 12-ci maddəsi dövlətin ən ali məqsədi insan və vətəndaşların hüquq və azadlıqlarının qorunmasını ehtiva edir. Elə Avropa Birliyi də Konstitusiyaya riayət olunmasını tələb edir”.

Sabiq deputat hesab edir ki, rəsmi təbliğatda Avropa Birliyinin hədəf alınmasında məqsəd hakimiyyətin özünü təmizə çıxartmaq niyyəti görünür.

Gültəkin Hacıbəyli

O, vurğulayıb ki, Rusiyanın hərbi-siyasi müttəfiqi olan və Dağlıq Qarabağın işğalında şimal dövlətlə bir yerdə iştitrak edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü Ermənistan Avropa Birliyi ilə münaibətlərdə xeyli irəli getdi.

“Düzdür, bu saziş Ukrayna və Gürcüstanın imzaladığı sənəd qədər əhatəli deyil, amma kifayət qədər ciddi addımdır və Ermənistanın Avrointeqrasiya istiqamətində uğurlarından xəbər verir. Uzun illər Qərbin strateji tərəfdaşı olması, balanslaşdırılmış xarici siyasətlə bağlı fikirlər səsləndirən hakimiyyət özünü bu cür təqdim edir. İndi məlum olur ki, əsl balanslaşdırılmış siyasəti Erməınistan həyata keçirir – həm Rusiya ilə münasibətləri yüksək səviyyədədir, həm də Avropa ilə münasibətlərini dərinləşdirir”.

G.Hacıbəyli bəyan edib ki, Azərbaycan iqtidarı isə özünün dediyi kimi iqtisadi baxımdan inteqrasiya etdiyi Avropa ilə münasibətləri dərinləşdirə bilmir.

“Azərbaycanın iqtisadi inteqrasiya siyasəti neft satışından ibarətdir. Amma Brüsselin Bakıya daha dərin iqtisadi saziş təklifi hakimiyyətə sərf etmir. Səbəb Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmamasıdır. Həmin təşkilata üzvlük isə gömrük və digər iqtisadi inhisarları aradan qaldırmağı tələb edir. Hakimiyyətin bu şərtləri yerinə yetirmək niyyəti yoxdur. Bu, rəsmi Bakının siyasi-iqtisadi mövqeyini tam çılpaqlığı ilə ortaya qoyur. Əgər hakimiyyət Azərbaycanı bütün siyasi-iqtisadi mövqelər üzrə Ermənistana uduzdurursa, rəsmi təbliğatın Avropanı günahlandırması təbii saylılmalıdır. Guya, Avropa Birliyi Azərbaycan ərazisini işğal edən Ermənistanla əlaqələrini genişləndirir, əsas ritorika budur”.

Gültəkin Hacıbəyli deyib ki, Avropa İttifaqının Azərbaycanla bağlı bütün öhdəklikləri yerinə yetirilib. Əgər ərazi bütövlüyü məsələsini vurğulayırlarsa, sonuncu sammitdə qəbul edilən bəyannamədə bütün ölkələrin ərazi bütövlüyün tanınması qeyd olundu:

“İqtisadi sahələrə gəlincə, ölkəyə kifayət qədər kreditlər ayrılıb, enerji layihəsinin maliyyələşməsində ayrılan kreditləri misal gətirmək olar. Bəlkə həmin kreditlərin ayrılmasından hansısa problemlər yaranıb, amma başqa ciddi öhdəliklər yoxdur. TANAP qaz kəməri isə israfçı layihədir, hakimiyyətin şəxsi maraqları bu layihənin böyük yükünü Bakının öz üzərinə götürməsi olə nəticələndi. Bundan sonra da hakimiyyət Avropadan çox ciddi kredit istədi, ola bilsin onların ödənməsində gecikmə var. Amma bu məsələdə məsuliyyət hakimiyyətin üzərinə düşür. Çünki faydalılığı və gəlirliyi şübhə altında olan bir layihəyə görə Azərbaycan büdcəsini o qədər yükləmək doğru deyildi. Artıq alternativ enerji erasının başladığı zaman Dövlət Neft Fondunun vəsaitlərini belə layihələrə xərcləmək uğursuz sayılmalıdır”.

Müsavat Partiyasının Divan üzvü Elman Fəttah isə xatırlatdı ki, “Şərq Tərəfdaşlığı” Proqramı üzrə 2009-cu ildə 6 ölkəyə “Assotiativ saziş” təklif olunmuşdu. Sənəd üzrə yekun görüş 2012-ci ildə Vilnüsdə keçirildi, toplantı ərəfəsində Gürcüstanın, Moldovanın və Ukraynanın sazişi imzalayacağı məlum oldu.

“Ermənistan, Belarus və Azərbaycan isə imzalamadı. Ardınca ikitərəfli əməkdaşlıq sazişləri təklif olundu, bu, “Assotiativ saziş”deyildi, Belarus bu proqramdan da imtina etdi, Ermənistanla olan “Çərçivə sazişi” artıq imzalanıb və ictimailəşib. Azərbaycanla danışıqlarda təkliflər istisna olmaqla sənədin mətni bəlli deyil, hətta adının olub-olmadığı belə ictimailəşməyib. Səbəb danışıqların gizli aparılmasıdır, əgər gizli aparılırsa, deməli, sövdələşmə xarakteri daşıyır. Problem hökumətlə Avropa Birliyi arasında danışıqların mövzusunun ictimailəşməməsidir”.

Elman Fəttah

Elman Fəttah hesab edir ki, hökumət danışıqların gizli keçirilməsindən sui-istifadə edərək sazişin yekunlaşmamasında məsuliyyəti Avropa Birliyinin üzərinə qoyur. Guya, Avropa Birliyi öhdəliklərini yerinə yetirmir:

“Biz də sənədin detallarını bilmədiyimizdən qənaətlərimizi ictimailəşdirmək imkanından məhrumuq. Bəli, Avropa Birliyini günahlandırıram ki, sənəd gizli müzakirə edildiyindən rəsmi Bakı baş tutmamış danışıqların yekununda manipulyasiya edib qarşı tərəfi ittiham edə bilir”.

Ana səhifəXəbərlərGültəkin Hacıbəyli: Azərbaycan iqtidarı Avropa Birliyi ilə münasibətləri dərinləşdirə bilmir