Gültəkin Hacıbəyli Türkiyədə deportasiya mərkəzində saxlanılır

Gültəkin Hacıbəyli – Foto: Şəxsi “Facebook” səhifəsindən

Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli hazırda Türkiyədəki Arnavutköy deportasiya mərkəzində saxlanılır və ona oğlu ilə görüşməyə icazə verilmir.

Bu barədə Meydan TV-yə vəkil Bəhruz Bayramov məlumat verib.

“Oğlu Toğrul Mehdili ötən gün mənimlə telefonla danışanda, bildirdi ki, anası ilə görüşməyə icazə verilməyib. Gültəkin Hacıbəylinin hansı əsaslarla saxlanılması barədə də heç bir rəsmi qərar yoxdur və saxlanılması şərh olunmayıb. Azərbaycana gətirilib-gətirilməyəcəyi barədə də heç bir məlumatımız yoxdur”, – Bəhruz Bayramov belə deyib. 

Gültəkin Hacıbəyli, noyabrın 30-na keçən gecə İstanbulda kirayə yaşadığı evdən Taksim Polis Şöbəsinə aparılıb. Onun noyabrın 29-da Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə əlaqədar saxlanıldığı ehtimal edilir.

Noyabrın 30-da Milli Şuranın sədri Cəmil Həsənli də Dövlət Təhlükəsizlik Xidmətinə çağırılaraq, şahid qismində ifadəsi alınıb.

Hökumət mediasında müxalif siyasətçilərə qarşı baş verən həbs və dindirilmələrin Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparıldığı bildirilib.

Dekabrın 1-də Əli Kərimli və Məmməd İbrahim barəsində hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham olunaraq 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Gültəkin Hacıbəyli Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə işbirliyində olması ittihamını absurd adlandırıb. Siyasətçi iki illik rəsmi oturum izni olmasına baxmayaraq Türkiyədən Azərbaycana deportasiya olunacağını istisna etməyib:

“Görünür, Azərbaycan hakimiyyətinə Ramiz Mehdiyev olayı müxalifəti sıradan çıxarmaq üçün bir vasitə kimi lazımdır. Buna görə mən də təəssüf edirəm”.

Ana səhifəSiyasətGültəkin Hacıbəyli Türkiyədə deportasiya mərkəzində saxlanılır