“Güllələnənlərin heç biri Ceyhun Çoydarovun qohumu deyil”
“Görüşməyə icazə vermirlər, bircə onu bilirik ki, vəziyyəti ağırdır”. Bunu ötən gün “Gürcü Arzusu” Partiyasının güllələnən milliyyətcə azərbaycanlı olan namizədin qohumu Gülzadə Əliyeva deyib.
Əsasən etnik azərbaycanlıların yaşadığı Marneuli rayonunun Qızılhacılı kəndində majoritar namizəd olan Ceyhun Çoydarov və daha beş nəfər seçki məntəqəsinin önündə güllələnib. Rayon Mərkəzi Xəstəxanasında olarkən Ceyhun Çoydarovun yerləşdirildiyi palatanın qarşısında toplaşan qohumları ilə söhbət etmək mümkün oldu. Namizədin əmisi qızı Gülzadə Əliyeva deyir ki, C.Çoydarov qohumları ilə yox, dostları ilə birgə güllələnib:
“Hadisə vaxtı daha beş nəfəri güllələyiblər, onlar da Ceyhunun qohumları deyil, həmişə bir yerdə oturub söhbətləşdiyi dost-tanışlar, gənclərdi. Hamısı kəndin yaxşı, seçilmiş uşaqlarıdır”.
G.Əliyevanın sözlərinə görə, hələ ki, ailə üzvlərinin hadisə ilə bağlı şübhəli bildikləri kimsə yoxdur:
“Ceyhun elə şəxs deyil ki, kiminləsə problemi olsun. Kəndin ağsaqqalına da, cavanına da hörməti var. Çox rahat, kəndin əxlaqlı gənclərindən biridir. Yəqin gözü götürməyənlər edib. Bir arzumuz odur ki, Ceyhun tezliklə sağalsın və onu güllələyənlərin də cəzasını Allah öz versin”.
Xəstəxananın həkimi Sulxan Sarani C.Çoydarovun hələ də reanimasiyada olduğunu və vəziyyətinin ağır olaraq qaldığını bildirdi:
“Süni nəfəs aparatına qoşulub və lazımi tədbirlər görülür. Digər beş nəfərin də vəziyyəti eynilə belədir. Onlar da reanimasiyadadırlar və süni nəfəs aparatına qoşulublar”.
Namizədin yaxınları bildirdi ki, hadisə ilə bağlı artıq polis tərəfindən araşdırma başlayıb.
Oktyabrın 21-də Ceyhun Çoydarovun namizədliyini irəli sürdüyü kənddə seçkilər öz axarı ilə keçib. Həmin kəndin 49 saylı seçki məntəqəsində olarkən komissiya üzvləri ilə söhbət zamanı məlum oldu ki, sözügedən güllələnmə olayı insanların seçkidə iştirakına ciddi təsir etməyib. Qızılhacılı 49 saylı seçki məntəqədə 1500 vətəndaş qeydiyyatdadır və saat 12:30-a qədər onlardan 250 nəfəri artıq səs vermədə iştirak etmişdi. Komissiya üzvləri günün birinci yarısı qanun pozuntusu isə qeydə alınmadığını bildirdilər.
Bu xəbər, İnsan Hüquqları Evi Tbilisinin Niderland Krallığı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən media layihə çərçivəsində hazırlanıb. Məqaləyə görə məsuliyyəti İnsan Hüquqları Evi Tbilisi daşıyır və yazının əks etdirdiyi fikirlər Hollandiya Krallığı Səfirliyinin fikirlərini ifadə etmir.