Güllə sədaları altında sülh

Və ya “yolunu azmışlar” Tbilisidə

Source:


Dəmiryol stansiyasına çatanda axşam saat səkkiz idi. Hələ taksidə yadıma düşdü ki, biletimi onlayn alandan sonra kassada çap elətdirməmişəm. Maşından düşüb qan-tər içində təmirə dayanmış terminaldan keçdim və aşağıdakı kassaya endim. Bəxtimdən kassaların hamısı məşğul idi. Elə bil hamının ölkədən qaçmağı tutmuşdu.

7-ci kassadakı xanım qımışa-qımışa əllərini dar şüşədən içəri soxan kişiləri yola salmağa çalışırdı. Gülərüz göründüyü üçün mən də pasportumu çıxardıb həmin kassaya yaxınlaşdım. Göydə yellənən əllərin arasından passportumu içəri dürtdüm və bileti onlayn aldığımı dedim. Öz hərəkətimdən utansam da başqa əlacım yox idi. Bir az komputerin arxasında qurdalanandan sonra xanım pasportu mənə uzadaraq yüksək səslə adıma biletin olmadığını dedi.

Elə bunu demişdi ki, gözüm divardakı elana satışdı. Elanda deyilirdi ki, onlayn bilet alan sərnişinlər növbədən kənar qəbul olunur. Ürəklənib passportumu xanıma geri qaytardım və yaxşı baxmağını xahiş elədim. Bir də yoxlayandan sonra xanım bileti şəxsiyyət vəsiqəsi ilə aldığımı dedi və əsəbi halda üstümə tulladı. Ondan da bərk qışqıraraq sistemdə xarici passort seçimi olmadığını dedim və pasportumu içəri tulladım. Başını bulaya-bulaya xanım bir neçə dəqiqədən sonra biletimi çap elədi. Dərin təşəkkür edib, çamadanımı götürdüm və özümü qatara verdim.

Biletim SV-yə olduğu üçün içəridə iki yataq yeri vardı. Kupe kifayət qədər təmiz idi. Kiçik qatlama stolun üstündə balaca vazada plastik çiçək qoyulmuşdu. Pərdələrin isə kənarı tüllə bəzədilmişdi. Çamodanımı yatağın altına yerləşdirib gündəlik qeydlərimi aparmaq üçün komputerimi çıxartdım. Qatar yavaş-yavaş tərpənməyə başlamışdı ki, yan kupedən bir kişi başını çıxartdı və qonşu olduğumuzu dedi.

Nəzakət xatirinə gülümsədim. Ürəyim möhkəm döyünürdü. Hər dəfə sərhəddi keçəndə dönüşüm olmaya bilər deyə həyəcanlanırdım. Yan kupedə iki səsli-küylü qadın vardı. Səhərə qədər bütün var-yoxlarının qeybətini qırıb, hündürdən gülüşürdülər. Azərbaycan sərhəd keçid məntəqəsində bizi iki saat saxladıqdan sonra yolumuza davam elədik. Az keçmişdi ki, Gürcüstan gömrüyünə çatdıq.

Qatara gömrük işciləri daxil olub, passportlarımızı topladı. Gömrük əməkdaşlarından biri olduğum kupeyə daxil oldu və rusca mənə tez-tez rast gəldiyini, niyə həmişə tək səfər elədiyimi və harada qalacağımı soruşdu. Səmimiyyəti xoşuma gəlməsə də, dostlarımla qalacam dedim və Dostoyevskinin “Alçalmışlar və təhqir olunmuşlar” romanına geri döndüm.

Gürcü nəzarət xidmətini keçən kimi, qadınlar da susdu. Nəhayət ki, yatdım və bir də səhər bələdçinin qapını döyməsinə oyandım. Kupedə tək idim. Durub qapını açdım. Həmişəkindən fərqli olaraq bu dəfə səliqə ilə yatağımı topladım və xanıma geri qaytardım.

Qadınlar və kişilər ayaqyoluna girmək üçün dəhlizdə növbə gözləyirdilər. Qoxu o qədər dözülməz idi ki, dedim bəs bu dəqiqə ürəyim ağzıma gələcək. Dözməyib, içəri keçdim. Bələdçi mənə iki stəkan çay gətirdi. Qoyduğu konfetləri yemədiyimə təəcübləndisə də, heç nə demədi. Birbaşa konfransa gedirdim deyə özümə bir az əl gəzdirməli idim. Əyinimi dəyişdim və saçımı qaydasına saldım. Qatar yavaş-yavaş vağzala yaxınlaşırdı.

Çamodanımı götürüb aşağı endim. Taksi sürücülərinin hücümuna məruz qaldımsa da, gürcücə bildiyim iki sözü yan-yana qoşub “Ara taksi” dedim və özümlə fəxr edər kimi uzaqlaşdım. Vağzaldan çıxıb üç lariyə bir taksi tutub, otelə yollandım.

Nəhayət, otelə çatdım və qeydiyyatdan keçib otağıma getdim. Keçən dəfəkindən fərqli olaraq bu dəfə birinci mərtəbəyə salmışdılar. Çamadanımı itin zülümü ilə yuxarı çıxartmaqdan zəhləm gedirdi.


Konfrans otağının özü zirzəmidə yerləşsə də, pəncərəsi hündürdə olub həyətə baxırdı. Ordan içəri boylanıb iştirakçılara göz gəzdirdim. Zərdüşt müəllim əl-qolunu ölçə-ölçə nəsə danışırdı. Özümdən asılı olmayaraq gülümsədim və dostlarım üçün necə darıxdığımı düşündüm. İçəri keçib hamıya sakitcə başımla salam elədim. Yuxarı, düz Luizanın yanına keçdim. Luiza “Kirvə institutları” haqqında danışır, eşitdiyi hadisələri paylaşırdı. Nəhayət, çay fasiləsinə çıxdıq. Hamını illərlə görmürəmmiş kimi öpüb, qucaqladım.

Həmişəkindən fərqli olaraq bu dəfə hamının üzündə qəmgin bir ifadə vardı. Azərbaycanlı nümayəndələrin bəziləri xəstələnmişdi. Hətta zarafatla “ermənilər yeməyimizə nəsə qatıblar” deyib, gülüşdük. Xəstələnməkdən qorxduğum üçün tez özümü aptekə verdim. Qabaqlayıcı bir neçə dərman aldım. Geri dönəndə hamı bayırda siqaret çəkirdi. Cəbhədə vəziyyətin gərginləşməsi hamını birtəhər eləmişdi.

Çayımı içə-içə fikirləşdim ki, bu dalbadal ikinci ildir ki, biz erməni, gürcu və azərbaycanlı sülhdaşlarımızla sülhdən danışanda cəbhədə tufan qopur. Konfransın əsas mövzusu birbaşa sülh prosesi olmasa da Qafqazda baş verən hadisələrlə əlaqədar bəzi vacib məqamlara toxunurduq. Əsas mövzu isə çoxetnik icmalarda təhsil problemlərindən (Gürcüstan, Ermənistan və Azərbaycan) tutmuş sivil inteqrasiya, etnik nifrət və onun propoqandasına qədər zəngin məsələləri əhatə edirdi.

Maraqlı təqdimata baxmayaraq Ermənistan və Azərbaycandan olan iştirakçıların sifətləri mənasız bir ifadə ilə yerə sallanmış, gözləri yoxluqda bir boşluğa zillənmişdi. Təkcə etnik azlıqların inteqrasiyası haqqında həvəslə danışan gürcü kolleqaların səsi eşidilirdi. Bəzilərimiz xəbərləri oxuyur, bəzilərimiz sükutda bir-biri ilə danışırdı. Artıq uzun illər birlikdə işlədiyimiz üçün bir-birimizin üzlərindəki ifadənin nə demək olduğunu yaxşı bilirdik.

Həmişəki kimi evdən gələn xəbərlər çox pis idi. Yenicə başlamağına baxmayaraq artıq Azərbaycan rəsmiləri dörd əsgərin həlak olduğunu və bir neçəsinin də yaralandığını bəyan etmişdi. Müdafiə Nazirliyinin web səhifəsində deyilirdi: savaş zamanı həlak olan mülki vətəndaşların ölümündən erməni ordusu məsuldur.

Hamımız qəzəbli və qəmgin ümidsizlik içində idik. Gərgin iş günündən sonra üzümüzdəki kədəri yumaq üçün qrupa qoşulub içməyə getdim.

Səhər hamımız durub icma görüşü üçün Təkəliyə (Gürcüstan-Ermənistan-Azərbaycan sərhəddindəki etnik azərbaycanlıların yaşadığı gürcü kəndi) gəldik. Həmişəki kimi yolun qırağında maşınlar dayanmışdı. İşsiz-gücsüz kənd camaatı yenə kələmliyin ortasında tək ağacın altına toplaşmış, papiros sorurdu. Köhnə tanışlarımızla öpüş-görüşdən sonra “palatka”mıza yığışmağa başladıq. Bu dəfə ermənistan tərəfdən gələnlər çox az idi. Səbəbini soruşanda dedilər ki, həmişə istifadə elədikləri marşrutun sürücüsünün nənəsi sərhədyanı kəndlərin birində vurulub, öldürülüb, anası isə ağır yaralanıb .

Xəbəri sükut içərisində və bəlkə də bir az utanc içərisində qarşıladıq. Bir neçə çıxışdan sonra Azərbaycanlı nümayəndələrdən biri Naxçıvan Respublikasında bir yüksək məmurun ХХI əsri “iks-iks-birinci” əsr adlandırmasına gülüşdük və çay fasiləsinə çıxdıq.

Çay fasiləmiz çaysız keçdi. Kənddə toy vardı deyə böyük samovarların ikisini də ora aparmışdılar. Həmişəkindən fərqli olaraq bizi bu dəfə toya çağırmamışdılar. Sözün düzü bir az hətta xətrimə də dəydi. Yemək fasiləsindən sonra insanlar orda-burda kiçik dəstə şəklində, sükutda papiros çəkə-çəkə dayanmışdılar. Öz-özümə fikirləşdim ki, bizim müharibənin ədalətsizlikləri ilə mübarizə üsülumuzdur bu əslində: sükutda amma birlikdə, ən əsası isə qarnı tox.

Konfransın üçüncü günü ənənəyə sadiq qalaraq, yeməyə getdik. Restoran Tiflisin kənarında bir yerdə yerləşirdi. Qrupda kədər baş alıb gedirdi deyə qərara aldıq ki, son günümüzdə Təkəli və müharibə başlayacağı təqdirdə nə edəcəyimiz haqqında bir az beyin həmləsi edək. Amma necə deyərlər nə qədər planlaşdırırsan planlaşdır, Qafqazda hər şey həmişəki kimi alınır. Əsas mövzumuz isə yemək idi.

Yenə otelin yeməyinin nə qədər bərbad, otaqların necə mənasız və çayın dadsız olduğu barədə danışdıq. İştirakçılar artıq qeyd-zad götürmürdülər. Başqalarını bilmirəm, amma mən qayıdışda bizi nələr gözlədiyini və cəbhədə həyatını boş bir amal uğruna qurban verən gəncləri düşünürdüm. Gözümün qabağına isə Kusturitsanın “Underground”u gəldi. Düşündüm ki, bir gün cənubi qafqaz milli maraqlarında orqazm yaşayaraq, savaşıb özünü dünyadan təcrid edəcək.

Hamı ilə sağollaşıb dəmir yol vağzalına doğru getdikcə kədərlənirdim. Zorla tutub saxladığım göz-yaşlarımsa əsl əlvida xəbərçisi idi.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəGüllə sədaları altında sülh