Güllə altında çörək qazananlar (VİDEO)

Onları əhatələyən dağlarda, bulaqlarda, çəmənliklərdə dinclik tapardılar, bir güllə səsi olmasaydı. Bura Gədəbəyin İvanovka kəndidir. Kənd əhli mal-qarasını yığıb yaylağa gəlib. Dağın ətəyində çadırlar qurub, mal-qarasını otarır, qış üçün pendir, yağ, bal tədarükünü görür. Amma gün axşama əyiləndə güllə səsləri onları çadırlarından edir.

Kənd sakini Ağca Əliyeva əlindəki çubuqla erməni postlarını göstərir: “Bax bu gördüyün təpələrin, ən yüksəklikdə olanlarının hamısı erməni postudur. Biz aşağıdayıq, onlar yuxarıdadırlar”.

Lilpar Tapdıqova deyir ki, “Atışmalar olur, uşaqlarımız ağlaşır. Keçən dəfə də bir şəhid vermişik”.

Sadıq Sadıqov:  “İki gün əvvəl bizim əsgərlər gətirib bura top qoydular. Onlar atsaydılar, ermənilər də bu tərəfə atsa, çox təhlükəli olardı. Onların atdığı mərmi kəndə düşə bilərdi”.

Atışmalar olanda kəndlilər dərəyə düşüb, atışmanın dayanmasını bir-iki saat gözləyirlər.  Onlar deyirlər ki, ermənilər ara-sıra postdan enərək onların mal-qarasını aparır.

Atışmalar qorxutsa da, kəndililər işlərinə davam edirlər. Hər ilin mayında yaylağa gəlib oktyabrda kəndə köçürlər. Deyirlər ki, kənddə örüş yeri yoxdur deyə yaylağa gəlməyə məcburdular. Yeganə qazanc yerləri də buradır.  Yaylaqda hazırladıqları məhsulları həm qışda özləri istifadə edirlər, həm də satıb qalan ehtiyaclarını qarşılayırlar.

Ana səhifəVideoGüllə altında çörək qazananlar (VİDEO)