Birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb
Fevralın 16-da Bakı Apelyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal rayon Məhkəməsinə etdiyi müraciətin rədd edildiyi qərardan verdiyi apelyasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, bu gün hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə G.Əhmədovanın şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə isə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verildi və o, azadlığa buraxıldı.
Sabiq YAP-çı deputat G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.
O, Beynəlxalq Azərbaycan Universutetinin mühacirətə getmiş sabiq rektoru Elşad Abdullayevin yaydığı video kadrlardan sonra həbs olunmuşdu. E.Abdullayev iddia edirdi ki, G.Əhmədova ondan 2 milyon manat qarşılığında Milli Məclisə üzv seçiləcəyi vədi vermişdi.