Toğrul Əhmədovun cəzası azaldıldı
Keçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədova verilən cəza yüngülləşdirilib. Bu barədə Meydan TV-yə Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib.
T.Əhmədovun apelyasiya şikayətini Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırıb. Təxminən bir ay davam edən araşdırmalardan sonra Nərimanov Rayon Məhkəməsinin hökmü dəyişib – T.Əhmədova verilən 2 il azadlıqdan məhrumetmə cəzası 1 il 6 aya endirilib.
Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsilə ittiham olunan T.Əhmədov məhkəmədə özünü təqsirli bildiyini deyib.
Cinayət işinin materiallarına əsasən, T.Əhmədovu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Ona məxsus “BMW 650” markalı avtomobildən Amerika istehsalı olan “Glock-19” modelli tapança, 35 patron tapılıb.
Meydan TV-nin əldə etdiyi məlumata görə, T.Əhmədov 2014-2016-cı illərdə Azərbaycan hüquq-mühafizə orqanlarını silah və başqa avadanlıqlarla təchiz edən şirkətdə müdir müavini işləyib. T.Əhmədovun sözlərinə görə, şirkətdə işlədiyi vaxt müsbət fəaliyyətinə görə müdir ona “Glock-19” markalı tapancanı, iki darağı və 45 patron hədiyyə edib. Bir dəfə silahı yoxlamaq üçün Qaraheybət atış poliqonun yaxınlığında bir neçə dəfə atəş açıb. Qalan patronları isə silahla birlikdə maşınında saxlayıb.
T.Əhmədov şirkətdən öncə də Maliyyə Nazirliyində çalışıb.
2000-ci ildən 2012-ci ilə qədər deputat olmuş Gülər Əhmədova özü də Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 307-ci (cinayəti bilib xəbər verməmə) maddələrilə həbsdə olub. O, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin deputat olması üçün ondan 1 milyon almaqda ittiham edilirdi. Sabiq deputatla rektor arasındakı söhbətin videogörüntüsü yayılsa da, G.Əhmədova həmin kadrların montaj olduğunu iddia edirdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə G.Əhmədovaya 3 il həbs cəzası verilmişdi. O, 1 il 3 ay həbsdə qalandan sonra Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən o, şərti cəza ilə azadlığa buraxıldı.