Keçmiş deputatın apellyasiya şikayətinə baxılır
İyulun 8-də Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın apellyasiya şikayətinə baxılıb.
Meydan TV əməkdaşının məlumatına görə, hakim Həsən Əhmədovun sədrlik etdiyi iclasda G. Əhmədovanın vəkili Adəm Məmmədov çıxış edərək bildirib ki, Gülər Əhmədova bir çox xəstəlikdən əziyyət çəkir: “Gülər Əhmədova 2003-cü ildə Moskvada onkoloji mərkəzdə əməliyyat olunub. Daha sonra bir neçə müalicə mərkəzində müalicə olunub”.
Hakim Həsən Əhmədov bildirib ki, ərizədə Almaniyada əməliyyat olunması məsələsi qoyulub, onun Azərbaycanda niyə müalicə olunmamasının səbəbini soruşub. Gülər Əhmədova isə deyib ki, o, talassemiya daşıyıcısıdır: “Mən talassemiya daşıyıcısıyam. Burda məni əməliyyat edə bilmirlər. Çünki qan dayanmır. Deputat olanda mütəmadi olaraq gedib-gəlirdim və heç kimə də məruzə etmirdim ki, xəstəyəm. Mən 24 yaşımda kliniki ölüm keçirdim. Onda bildilər ki, məndə bu xəstəlik var. Xahiş edirəm şikayətimizi təmin edin, gedib əməliyyat olunum “.
Prokuror isə şikayətin təmin olunmamasını istəyib. Məhkəmə iyulun 12-də davam edəcək.
G.Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə məhkəməyə vəsatət verib. Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunan G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verib və o, azadlığa buraxılıb