Gülən kampaniyasında rəsmi Bakı özünü ifşa etdi

Rusiyanın Azərbaycanda Gülən əndişəsi Türkiyəyə və prezident Ərdoğana rəğbətdən irəli gəlmir

Foto: Meydan TV
Cəmil Həsənli
Cəmil Həsənli

Rusiyanın Azərbaycanda Gülən əndişəsi Türkiyəyə və prezident Ərdoğana rəğbətdən irəli gəlmir

Ötən gün Rusiyanın “Vesti” proqramı həftənın yekunlarına dair efirə verdiyi proqramda “Azərbaycanda Gülənçi” çevriliş barədə tamamilə mifik bir məlumat verdi. Məsələnin ən təəccüblü tərəfi dövlətə bağlı olan Rusiya televiziyasının ciddi cəhdlə Azərbaycanda Gülənə bağlı olan kəsimi Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə əlaqələndirmək təşəbbüsü idi. Şübhəsiz ki, bu məlumat, onun hazırlanması və təqdimat mexanizmi bir vaxtlar Sovet İttifaqında mövcud olmuş soyuq müharibə texnologiyasını xatırladır. Həmin vaxt qonşu dövlətləri və həmin ölkələrdə fəaliyyət göstərən ayrı-ayrı partiya və hərəkatları çökdürmək üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, Sovet Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının mətbəxində hazırlanmış təhdidedici materiallar ya jurnalistlərin adından, ya da gizli adlarla dövriyyəyə verilirdi. Son illər Rusiyada bu ənənə yenidən bərpa olunur. Gülən məsələsində Azərbaycan hökumətinin Rusiya ilə əməkdaşlığı göz qabağındadır.

“Vesti”nin Bakıdan hazırladığı süjetdən bu, açıq-aydın görünürdü. “Vesti”nin jurnalisti Andrey Qriqoryev Azərbaycanda çevriliş olacağı və müsəlman dövləti yaradılacağı təhlükəsindən danışır. Bunun guya AXCP-nin edəcəyi ilə Rusiya və dünya ictimaiyyətini aldadır. Jurnalist unudur ki, süjetdə təhlükə mənbəyi kimi təqdim etdiyi Gülən məktəbləri, Qafqaz Universiteti, Nurçu şəbəkəsi elə Azərbaycan hökumətinin özü tərəfindən yaradılıb və idarə edilib. Məlumatlı bir telejurnalist kimi Andrey Qriqoryev bilməmiş deyildir ki, strateji məqsədlərinə ulaşmaq üçün Gülən şəbəkəsi, hər yerdə, o cümlədən Azərbaycanda da iqtidarla birgə çalışır, hətta xidmət etdiyi iqtidarla birlikdə müxalifətə qarşı mübarizə də onun funksiyalarına daxil idi.

Biz bunu gülənçilərin Bakıda başlıca ideoloji ruporu olmuş “Xəzər” televiziyasının timsalında açıqca görmüşük. Andrey müəllim unudur ki, Azərbaycanda gülənçilərlə bağlı birinci böhran 2014-cü ilin yazında oldu və həmin böhran zamanı bilavasitə Prezident Aparatında, ayrı-ayrı nazirliklərdə və hökumət qurumlarında, Milli Məclisdə tək-tük hakimiyyət rəsmiləri vuruldu. Amma bu, həmin vaxt prezident Ərdoğanı sakitləşdirmək üçün atılan epizodik addımlar idi. Necə oldu ki, həmin vaxt bircə AXCP təmsilçisinin Gülən şəbəkəsi ilə əlaqəsi müəyyən edilmədi? Çünki öz ideya istiqamətinə, baxışlar sisteminə, dünyəvi dəyərlərə münasibətinə görə, bu, mümkün olan bir şey deyildi. Əks təqdirdə həmin vaxt hələ fəaliyyət göstərən MTN-nin Azərbaycanın dövlət orqanlarında, gənclər təşkilatlarında, ictimai-siyasi qurumlarında fəaliyyət göstərən gülənçilər haqqında hazırlayıb rəsmi orqanlara təqdim etdiyi siyahıda heç olmasa bircə CƏBHƏÇİ olardı.

“Vesti”nin süjeti bir həqiqəti də ortaya qoydu. Azərbaycan hakimiyyəti müxalifətə qarşı natəmiz yollarla mübarizədə Qarabağın və ətraf rayonların işğalında bilavasitə iştirak etmiş, bu işğal prosesində davamlı olaraq Ermənistana hərbi, siyasi, diplomatik dəstək vermiş Rusiya ilə işbirliyinə girdi. Əlbəttə, bu işbirliyində Rusiyanın özəl maraqları var. Hələ 1918-ci ildən onlar Bakıda türk simpatiyasını məhv etməyi, türklərin Bakıya yolunu bağlamaq üçün 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsini planladılar. Şübhəsiz ki, Rusiyanın Azərbaycanda Gülən əndişəsi Türkiyəyə və prezident Ərdoğana rəğbətdən irəli gəlmir.

Azərbaycan hakimiyyətinin isə Rusiya ilə işbirliyinə girib bir vaxtlar Azərbaycana müstəqillik qazandırmış Xalq Cəbhəsini Moskvanın dəstəyi ilə çökdürmək niyyəti ortadadır. Məhz, Rusiyanın informasiya dəstəyi (bizə məlum olmayan digər dəstəyin olması da istisna edilmir) ilə rəsmi Bakı, zaman-zaman Türkiyənin haqq işinə dəstək verən, məşum 15 iyul axşamı xalqın iradəsi ilə seçilmiş Ərdoğan hökumətinə dərhal öz sayğısını ifadə edən Xalq Cəbhəsindən, onun lideri Əli Kərimlidən canını qurtarmaq istəyir. Çətin ki, mümkün olsun. Çünki hökumət bədnam Gülən kampaniyasında həm siyasi, həm milli, həm mənəvi, həm də əxlaqi baxımdan özünü ifşa etdi.

Ana səhifəMənim FikrimcəGülən kampaniyasında rəsmi Bakı özünü ifşa etdi