Gül bayramı sonuncu olsun

Gül yox, Kitab bayramı keçirmək lazımdır…

Source:

2000-ci ildən bu günədək keçirilən Gül Bayramına milyonlarla dollar pul xərclənib. Nə üçün Gül Bayramı? Şübhəsiz, ideya hansısa yüksək çinli bir və ya bir neçə məmura məxsusdur. Görəsən, məhz Gül Bayramı keçirməyin motivləri nələrdir? Xoşa gəlmək, pul silmək, yoxsa, dünya çapında analoqu olmayan hansısa original bir ideyaya imza atmaq?

Heç kəs heç kəsi, hələ-hələ hakimiyyətdə olan mütləq gücləri, xoşa gəlməkdə, pul silməkdə və ya original bir ideyaya imza atmaqda ittiham edə bilməz. Əgər bu ideyada azacıq da olsa, kreativlik və gələcəyə yönəlik faydalılıq olsaydı. Axı, hər bir layihənin praktik faydası və davamlılığı olmalıdır. Məsələn, Gül Bayramı yerinə Kitab Bayramı keçirilərsə, bunun davamlılığını və faydalılığını təsəvvür etmək çətin deyil.

Baş verənlərdən çıxardığım nəticələrə görə, hakimiyyətdəki insanlar kreativ düşünməyi bacarmırlar. Bəlkə də, içərilərində bacaranlar var, lakin bu ideyaların həyata keçməsi hansı səbəblərə görəsə mümkün olmamaqdadır. Yoxsa, cəmi bir gündən sonra lazımsız ot yığınına çevrilən, mala-heyvana belə yararlı olmayan Gülə milyonlar xərcləmənin arxasında hansı dəmir-beton zehniyyətin dayandığını izah etmək mümkün deyildir.

Hətta Gül Bayramının özünü də hansısa mənada davamlılığı olan və iqtisadi mənada faydalı edən bir aksiyaya çevirmək olardı. Məsələn, o güllər xaricən gətirilməzdi, elə Azərbaycan rayonlarında yetişdirilərdi. Həm milli valyuta xaricə axmaz və yerli istehsalçılar da qazanardı. Həm də  yeni iş yerləri açılar, hətta yetişdirilən güllər xaricə də satılardı.  Lakin, bizim hakimiyyət bu bəsit gerçəyi görmək və həyata keçirmək bəsirətinə malik deyil. Halbuki, yenə də pul silmək, xoşa gəlməkvə original görünmək məsələlərində dəyişən bir şey olmayacaqdı.

Nə qədər sadəlövh görünsəm də, mən bu məqaləni yazaraq, Azərbaycan hökümətinə öz təklifimi vermək istəyirəm. Gələn ildən etibarən, mənasız Gül Bayramları keçirməyə son verilsin. Bunun yerinə respublika səviyyəsində, Kitab Bayramına start verilsin. Örnək olaraq, hər il Almaniyada keçirilən Oxu Gününə bənzər geniş bir layihə həyata keçirilə bilər. Hər il Almaniyada təqribən 1 milyon məktəblini əhatə edən Oxu Günləri yarışması təşkil edilir. Bütün məktəblər, mətbuat, televiziya bu yarışmaya səfərbər edilir. Yarışma kitab bazarının canlanmasına ciddi təsir göstərir, ən yaxşı qiraət edən məktəblilər mükafatlandırılır.

Ümumən, bu yarışma yazarlara, naşirlərə, kitab satış şəbəkəsinə güclü stimul verir. Həm xalqın maariflənməsi, həm də iqtisadi faydalılıq baxımından Kitab Bayramlarının keçirilməsi Gül Bayramlarının keçirilməsindən daha məqsədəuyğun olardı. Belə bir bayramın keçirilməsi bizim məmurlar üçün pul silmək baxımından da az sərfəli olmazdı. Amma bütün hallarda, mənim düşüncəmə görə, Kitab Bayramı Gül Bayramından daha kreativ və davamlılıq baxımından daha əlverişli sayılmalıdır.

Heç olmasa, ac qoyun ota cuman kimi, cəmi iki gündən sonra solub gedəcək olan güllərə cuman xalqımı kitaba cuman görmək, məni mutlu edərdi. Bu mənzərəni görən ulu öndərin ruhu da şad olardı.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəGül bayramı sonuncu olsun