Türkiyədəki seçkilərdən gözləntilər
Mayın 14-də Türkiyədə seçkilər keçiriləcək. Əslinə qalsa, “Türkiyənin daxili işidir” deyib keçə bilərik. Amma o qədər həssas bir dönəmdən keçirik ki, Türkiyədə, Rusiyada ola biləcək dəyişikliklər bizə də birbaşa təsir edəcək. Düşünsək ki, Türkiyə bütün qüsurlara baxmayaraq, bölgədə seçki institutu formalaşmış tək ölkədir və bütünlükdə örnək olmaq baxımından da təsir gücünə sahibdir.
Yaxında Türkiyəyə etdiyim səfər zamanı həm də başqa bir amil seçkiləri yaxından izləməyimə səbəb olub. İnsanlar ümidsiz, kasıb, gərgin, pərişandır. Əvvəllər Türkiyədə bu qədər yoxsul insanı bir arada görə bilməzdin və düşünürəm ki, dünyanın heç bir yerində hansısa xalq yarıtmaz idarəetmə üzündən bu qədər pis və ümidsiz yaşamağı haqq etmir. Digər tərəfdən, Türkiyədə layiklik ciddi şəkildə təhlükə altındadır və bunu hər addımbaşı hiss etmək mümkündür. Sərhədlərimizdə ikinci İran kimi bir dövlətin yaranması və hələ Türkiyə kimi bizə çox təsiri olan bir ölkədə baş verməsi təhlükəsini də nəzərə alsaq, deməli, oradakı seçkilər bizə həm də birbaşa təsir edəcək.
Türkiyə zəngin dövlətçilik ənənəsi olan ölkədir. Hansı ki bu zəngin ənənədə din hər zaman böyük rol oynayıb. Osmanlının idarəetməsində hər zaman dini dəyərlər siyasi idarəetmənin imkan verə biləcəyi qədər yer alıb. Demək ki, Türkiyədə dinin siyasi idarəetməyə nüfuzetmə kimi alt yapısı var və son 20 ildə Ərdoğan iqtidarı bu alt yapıdan məharətlə istifadə edə bilib.
Bəzən bizə məsum, hətta səmimi görünən ifadələrdən tutmuş, hər baş verən hadisəyə “kader” deməyə qədər Ərdoğan Türkiyənin dindar kəsimini çox məharətlə manipulyasiya edə, 20 ildə dindar kəsimdən sabit seçici yarada bilib. Hətta özünü Osmanlı sultanı kimi hiss etdirdiyi çıxışlarında “mənim ümmətim” deyəcək qədər irəli gedən Ərdoğanın zəlzələ bölgəsinə gedərkən işlətdiyi ilk ifadə də “kader”, son ifadəsə, “Adıyamana istədiyimiz kimi yetişəmədik. Haqqınızı halal edin” deməsi oldu. Bu, ilk baxışdan dindar bir adamın səmimiyyəti kimi görünə bilər. Amma “madəm ki, hər şeyi “kader” və Tanrı idarə edirsə, sən orda niyə oturmusan?” sualı tam yerinə düşür. Ya da “ümmətim” sözünü insanlara uddurub bununla onların özünü bir cümhiriyyətin vətəndaşı kimi hiss etməsini zədələmiş olur. Təəssüf ki, Türkiyədə də azadlığını itirmiş media bunları sorğulamaqdan da uzaq düşdü və nəticədə Türkiyə addım-addım indiki iqtidar tərəfindən hazırlanan “kader”ə yaxınlaşmış oldu.
Bu, bir gerçəklikdir ki, Türkiyədə insanların böyük əksəriyyəti narazı və gileylidir. Qiymətlərin bahalaşmasından, həyat şərtlərinin ağırlaşmasından hamı danışır. Amma ölkənin Sivas, Tokat və s. kimi dindarların çoxluq təşkil etdiyi şəhərlərində narazı insanlar yenə də seçimlərdə Ərdoğana səs verəcəkmiş kimi görünür. Çünki dindar kəsimin böyük bir hissəsi hər şeyə rəğmən, Ərdoğan hakimiyyətini özünün dini etiqadlarını azad şəkildə yaşaya bilməsinin qarantı kimi görür. Bu üzdən də kasıb yaşayacağı təqdirdə belə, onun iqtidardan getməsini istəmir.
Gəlin, bu tabloya bir az tarixdən baxaq. Bu gün Türkiyənin iki yerə parçalanması, dindarlarla cümhuriyyətçi kəsimin üz-üzə dayanması ancaq Ərdoğanın 20 illik xidmətidirmi? Fikrimcə, deyil.
Əslində, Türkiyənin 100 illik cümhuriyyət tarixində bundan əvvəlki iqtidarların ölkənin dindar kəsiminə qarşı sərgilədiyi münasibət Ərdoğanın əlini möhkəmləndirib. İndiki iqtidar “dindarlara bidon baş deyirdilər” deyib hər seçki öncəsi təbliğat apararaq ölkənin dindar kəsiminin yarasına duz basmaqla, o yaranın acısından məharətlə xeyirlərinə yararlana bilir.
Türkiyə başı bağlı olduğuna görə universitetə buraxılmayan tələbələrin hekayələri ilə doludur. Türkiyənin tarixi və bu hekayələr, bəlkə də, ən məsum olanlardır. Beləcə, aldıqları zədələri nəsillərə ötürən böyük bir kəsim var, onlar bunu təkrar yaşamaq istəmir.
Ərdoğan hüquqları əzilmiş dindar kəsimin qoruyucu “mələyi” rolundadır və özü də bunun fərqində olduğundan davamlı olaraq rəqibi Kılıçdaroğlunu səccadədən, dindən vurur.
Kılıçdaroğlunun seçiləcəyi təqdirdə yenə eyni təzyiqlərlə üzləşəcəyindən qorxan, hətta “onsuz da gələn də eynisi olacaq, heç olmasa indi rahat ibadətimi edirəm” deyən dindar kəsim Ərdoğanın yanlışlarını belə tolerə etməyə hazır kimi görünür. İkinci bir tərəfdən, Ərdoğan populist çıxışları ilə Türkiyənin dindar kəsimini manipulyasiya edə, olanların da tale, qəzavü-qədər olduğuna inandıra bildiyi kimi, İslam dinində sorğulamağın günah olduğu yanaşmasından da məharətlə istifadə edir. Dindar kəsim dinin və din adına onlara öyrədilmiş dəyələri və yanaşmaları sorğulamağa isti yanaşmır.
Bəs Kılıçdaroğlu gələrsə, nə baş verəcək? Ya da sualı belə qoyaq. Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyə üçün edə biləcəyi ən böyük iş nə ola bilər?
Təbii, il ağla iqtisadiyyatın güclənməsi, dəyərini itirmiş lirənin dəyər qazanması, media azadlığı, siyasi məhbusların azad edilməsi və s. kimi şeylər gəlir. Amma bir ölkə, hələ-hələ Türkiyə kimi ölkədə bir liderin görə biləcəyi ən böyük iş məhz güclü lider institutunu güclü sistem institutu ilə əvəz edə bilməsidir. Baxmayaraq ki, Türkiyənin 100 illik cümhuriyət tarixi var, amma nə yazıq ki, Atatürkdən başlayan güclü lider institutu olduğu kimi qalıb. Təbii, ilk baxışdan elə görünür ki, dövlətçilik ənənələri zəif olan ölkələr üçün güclü lider müəyyən bir dönəm üçün çox vacibdir. Amma ən güclü lider elə ölkədə güclü sistemi oluşduran, oturda bilən liderdir, hansı ki Atatürk bu prosesi Türkiyədə tamamlaya bilmədi.
Dövlət elə bir hala gəlməlidir ki, liderlər, iqtidarlar gəldiyində və getdiyində onun təməl prinsiplərində, strategiyasında ciddi dəyişiklik olmasın. Məsələn, biz Tramp kimi birinin ABŞ -da prezident olduğunu gördük. Amma bu, ABŞ-ın dövlət siyasəti, strategiya və dövlətçilik təməllərinə təsir etmədi. Niyə? Çünki lider deyil, sistem güclüdür. Ya da Şotlandiya özünə müsəlman baş nazir seçdi və əhalisinin əksəriyyəti xristian olan ölkədə kimsə bunu problem zənn etmir. Çünki siyasi sistemə baş nazirin dini dünyagörüşü təsir edə bilməyəcək.
Qərbi Avropada dövlətlər güclüdür, liderlər deyil, sistem idarə edir, hətta bu dövlətlərin başına gələnlərin özü belə iqtidarda olduğu müddətdə həmin sistemin xidmətçisinə, parçasına çevrilir. Güclü sistemə malik ölkələrdə seçilən özünün şəxsi keyfiyyəti, vicdanı və ya zalım, mərhəmətli olması ilə hərəkət etmir.
Türkiyə kimi ölkələrdəsə dövlət liderlərin və seçilənlərin insafına, dünyagörüşünə, hətta şəxsi keyfiyyətlərinə möhtac qaldığından hər gələn dövləti özünə uyğun şəkilləndirir. Bu hal təkçə Türkiyəyə xas deyil. Təbii, demokratik dəyərlərin oturmadığı və ya zəif olduğu bütün ölkələrdə bu kimi hallar müşahidə olunur. Azərbaycanda da bunun ən qatı nümunəsi var və cəmiyyət ölkə Sovet İttifaqından qopduqdan sonra davamlı olaraq güclü lider axtarışında, tapa bilməyəndəsə gileylənməkdədir. Lakin Türkiyədən fərqli olaraq, dövlət quruculuğu şikəst edilmiş Azərbaycan kimi bir ölkə üçün indiki mərhələdə güclü lider əli lazımdır, çünki məhz güclü lider güclü sistemin təməllərini ata və onu gələcəyə ötürə bilir.
Güclü lider hakimiyyətdə olduğu müddətdə özünün hakimiyyətinə deyil, dövlətin təməl prinsiplərinin oturmasına, sabit seçki institunun və demokratik ənənələrin formalaşmasına çalışır, ilk demokratik seçkidə də hakimiyyəti bir başqasına ötürməklə bunun nümunəsini, ənənəsini yaradır. Azərbaycanda bunun ənənəsini yarada biləcək güclü lider olmadığından, təəssüf ki, güclü sistem də formalaşa bilməyib və ölkə əvvəl olduğu yerdən də geri düşüb.
Türkiyə də bu seçimlərdə ya yenidən geriçiliyi seçəcək, ya da dəyişməyə cəhd edəcək, söyləmək çox çətindir. İlkin sorğular təbii ki, dəyişimin mümkünlüyünə inanmaq şansı yaradıb, amma son dövrlər Türkiyədə baş tutan seçkilərdə az da olsa özünü göstərən saxtakarlıqlar bu seçkidə kütləvi hal alarsa, bu başdan nəsə söyləmək çox çətindir.
Kılıçdaroğluna gəlincə, güclü, sərt lider kimi xarakterizə olunur. Bu, bəlkə də, son 20 ildə zehniyyət və yanaşmalarında geri düşən Türkiyə toplumunun şansı ola bilər. Türkiyədə az qala ağdərili, qaradərili səviyyəsində olan dindar kəsim və cümhuriyyətçi zehniyyət arasındakı ziddiyyəti aradan qalxa bilər. Bu iki kəsimdən biri digərini özünə təhdid kimi görür və indiki seçkilərdə Ərdoğan iqtidarı qazanarsa, yəqin ki, qarşıdurma daha da dərinləşəcək. Çünki layikliyin məğlubiyyətini dindar kəsimin Ərdoğana səs verməsi ilə dəyərləndirən cumhuriyyətçilər bu dəfə də onları birbaşa ölkənin gələcəyinə təhdidi kimi qiymətləndirib nifrət edəcək.
Son dönəm Türkiyə siyasətində söyüş, linç edilmə halları da, necə deyərlər, siyasətin gərəyinə çevrilib. Bu üzdən yeni gələcək iqtidar ölkədə təkçə lirənin deyil, həm də siyasi kültürün də bir dəyər qazanmasını təmin etməli olacaq. Çünki bəhs etdiyimiz güclü sistemin ən güclü təməli demokratik seçkilər olduğu kimi, eyni zamanda sağlam siyasi rəqabətdir.