Güc strukturlarının nümayəndələri Mətbuat Şurasının komissiyasında təmsil olunacaq

Arif Əliyev: Mətbuat Şurasının işi ictimai qınaq yaratmaqdır

Source:


Arif Əliyev: Mətbuat Şurasının işi ictimai qınaq yaratmaqdır

Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılır, tərkibi genişləndirilir.

Bu barədə “BakiPost.az”-a MŞ sədri Əflatun Amaşov məlumat verib.

 Şura sədrinin sözlərinə görə, prosesə dövlət qurumları da cəlb olunub:

 “Komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa, komissiya hərəkətə keçəcək”.

 Ə.Amaşov bildirib ki, komissiyanın məqsədi reketçiliklə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır:

“Həmişə şikayət olur ki, jurnalist və yaxud mətbuat orqanı reketçilik edir. Amma bunun qarşı tərəfi də var axı… Yəni şantaj olunan məmur, təşkilat, yaxud dövlət qurumu. Məmurun nə marağı var ki, jurnalistə pul verir? Elə məqam ola bilər ki, hansısa qurum, hansısa təşkilat mətbuat orqanını, jurnalisti ittiham edər. Əgər Mətbuat Şurasına bu sayaq şikayətlər daxil olarsa, komissiyaya qeyd olunan qurumların da nümayəndələri dəvət olunacaq və geniş şəkildə araşdırılacaq. İddiaların nə dərəcədə doğru olub-olmadığı, təşkilat rəhbərinin kimliyi, həmin o jurnalistlə bağlılığı, jurnalistlərə pul veribmi, verməyibmi – bunlar hamısı gün işığına çıxarılacaq. Yəni komissiyanın tərkibinin genişləndirilməsi, ora dövlət qurumlarının da cəlb edilməsində məqsəd jurnalistikanın birtərəfli ittiham olunmasının qarşısını almaqdır”.

 Şura sədri bildirib  ki, həmin komissiyada internet medianı Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Parlament Jurnalistləri birliyinin sədri Elşad Eyvazlı təmsil edəcək.

 “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Meydan TV-yə bildirib ki, mətbuat şuralarının mahiyyətindən və təbiətindən çıxış etdikdə, belə bir qurum olmamalıdır:

“Çünki Mətbuat Şurasının nizamnaməsinə əsasən yeganə təsir vasitəsi ictimai qınaqdır, yaxud KİV-lərin toplanıb ona verdiyi əlavə səlahiyyətlərdir. Məsələn, cərimə forması və s.”

Arif Əliyev

Arif Əliyev deyib ki, reket jurnalistikası çox mənfi və utanc gətirən fenomendir:

“Məsələ ondadır ki, reket jurnalistikası olmur, reketlik konkret cinayət fəaliyyətidir. Bu fəaliyyətlə də mübarizə aparan müvafiq dövlət strukturları var. Ancaq belə bir fenomen Azərbaycanda mövcuddur. Dəfələrlə şura rəhbərliyində olanlar da qeyd edib ki, bu fenomenin mövcudluğunda  və möhkəmlənməsində dövlət orqanlarının iştirakı var. Bu baxımdan belə bir komissiya ictimai səlahiyyətlərlə yaradılırsa, başa düşmək olar. Yox, əgər komissiya konkret hərəkətlərlə cəza tədbirlərinə keçəcək, yaxud bunun təşəbbüsçüsü olacaqsa, deməli, problemli qurum olacaq. Nəticədə şura mahiyyətindən, özünü tənzimləmə orqanı kimi çərçivəsindən kənara çıxacaq”.

Media üzrə hüquqşünas Xalid Ağaliyevin fikrincə, ümumiyyətlə, reketçiliyin jurnalistikaya heç bir aidiyyatı olmadığını mütləq qəbul etmək lazımdır:

“Reket jurnalistikası jurnalistikanın problemi deyil. Onu jurnalistikanın peşəkar olub-olmaması yox, tügyan edən korrupsiya doğub.

Mətbuat Şurasının funksiyası isə tamamilə başqadır. İctimai qurum olaraq şura ancaq ictimai qınaq kimi alətlərdən yararlanmaqla, çözülə biləcək problemlərlə məşğul olmalıdır. Mətbuat Şurası istəsə belə, ölkədəki sistemin pis məhsullarından olan reketçilik kimi təzahürləri aradan qaldıra, cilovlaya bilməz. Jurnalistin işi xəbərləməkdir. Necə xəbərləməli, peşəkarlıq kimi məsələlər jurnalist bilrliklərinin işi olmalıdır. Reketlik isə cinayət əməlidir. Onunla məşğul olmaq hüquq-mühafizə qurumlarının işidir. Ona görə də düşünürəm ki, mətbuatın reklam bazarının zənginləşdirilməsi, peşəkarlığın artırılması, mətbuatın sosial durumunun irəliyə aparılması və s. kimi çağırışların reallaşmasında Mətbuat Şurası nə qədər uğurlu olubsa, reketçiliyin cilovlanması təşəbbüsü də o qədər uğurlu olacaq”.

Xalid Ağaliyev foto Meydan TV

Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirməlidir.

Yarandığı gündən quruma Əflatun Amaşov sədrlik edir.

Ana səhifəXəbərlərGüc strukturlarının nümayəndələri Mətbuat Şurasının komissiyasında təmsil olunacaq