Gözünə döndüyüm Con

ABŞ, Rusiya və Azərbaycan. Foto: OnePixelStudio/shutterstock

Zərdüşt Əlizadə

Bir müsahibədə deyilənlər

Şura hökuməti dağılanda, cəmi övladi-kərpic hədsiz xoşbəxt idi. Bu bisavad kəslər güman edirdi ki, indicə Qərbin səbətinin dibi yırtılacaq və oradan onların geniş açılmış ağızlarına şipşirin gilas töküləcək.

Alınmadı. İmperialist Qərb imperialist Rusiyanın yerini tutub sabiq sovet respublikaları ilə lap elə Kreml kimi davranmağa başladı. Cənubi Qafqazda Rusiyanın rolunu  Qərb ifa etməyə başladı.

Yazar Zərdüşt Əlizadə
Source: Meydan.tv

Qərbi ülvi məhəbbətlə sevən və heç cür şirin gilas eşqi ilə vidalaşmaq istəməyən demşiza (kommunist şizofreniklərdən – komşizadan fərqli olan demokratik şizofreniklər) bu acı gerçəkliyi heç cür qəbul etmək istəməyərək elə-hey ümid edirdilər ki, Qərb sadəcə həqiqəti bilmir, ona bu həqiqəti izah etmək lazımdır. Rəhmətlik Tofiq Qasımov Az.TV ekranından deyəndə ki, “mən yarım saata ABŞ-ın dövlət katibi Beykerə Qarabağ münaqişəsinin mahiyyətini izah etdim”, fizik Tofiq bəydən fərqli olaraq ən ali siyasi məqamlarda beş il dilmanclıq etdiyimdən məni gülmək tutdu, zira bilirdim ki, Beyker özü Tofiq bəyə Qarabağ münaqişəsindən azı bir saat dərs deyər.

Lakin onu da bilirdim ki, gerçəklik dərslərini qavramaq sahəsində demşiza komşizadan əsla üstün deyil, əgər komşizaya ayılmaq üçün 70 il bəs etdisə, demşizaya bundan az vaxt lazım olmayacaq. Yəni xalq həmindir, istər “kom” olsun, istər “dem”.

Müstəqilliyin artıq 32-ci ilini başa vururuq, yəni sözümün canı odur ki, postsovet ölkələrində ağıllanmaq prosesi başlamalıdır, gilas dolu səbətə inanmağın vaxtı keçib, açılmış ağızları bağlayıb ağı ağ, qaranı qara görməyin zamanıdır. Övladi-kərpiclikdən çıxıb zəmanə övladı olmağın dəmidir. Şərait bunu tələb edir, fürsət də ələ düşür.

Məsələn, mən heç cür gözləmirdim ki, erməni millətçilərinin böylə iştahla yeməyə girişdiyi “Qərb bizə kömək edəcək” xəyal-plovu belə ani sürətlə dağılmağa başlasın.

Baxıram “Rusarminfo” kanalında üçlü müsahibəyə, müsahibəni aparır Nver Mnatsakyan, müsahibə verirlər savadlı Boris Navasardayan və ilk dəfə gördüyüm Con adlı amerikan geosiyasət mütəxəssisi.

Nverə tez-tez baxıram, zira rus ermənişünaslarını müntəzəm dəvət edir, onlar da çox məharətlə izah edirlər ki, Rusiya niyə Ermənistanı baqaja qoyub. Borisi də yaxşı tanıyıram, zira erməni analitikləri arasında yeganə sağlam düşüncəli insandır. Sağlam deyəndə ki, gözəl anlayır: Qarabağ müşkülü qurtarıb.

Conu ilk dəfədir görürəm. Familini erməni hərfləri ilə yazmışdılar, oxuya bilmədim, amma söhbət əsnasında ona Con deyə müraciət edirdilər, mən də bu göygöz Cona qulaq asıb onu çox sevdim.

Bu gözünə döndüyüm Con açıq etiraf edirdi ki, yerli regional müşküllərdən bixəbərdir, çünki onun ixtisası “amerikan geosiyasəti, xarici və hərbi siyasət sahələridir”. İnandım onun dediyinə, çünki Nver ona Zəngəzur dəhlizi barədə sual verəndə soruşdu ki, “o, nəmənədi?” Nver ona öz sınıq-salxaq rus dilində izah etmək istədi, Con bu şoğərib Zəngəzur dəhlizini anlamadı. Boris məsələyə müdaxilə edib öz mükəmməl rus dilində Cona anlatdı ki, Zəngəzur dəhlizi nəmənədir. Con bir az pərt oldu və öz bixəbərliyini örtmək üçün hesab etdi ki, müsahiblərində öz dərin nəzəri bilik səviyyəsini nümayiş etdirmək lazımdır.

Açdı ağzını və amerikan geosiyasət gövhərini səpdi erməni müsahiblərinin fikir süfrəsinə.
Gözünə döndüyüm Con erməni müsahiblərinə nə dedi? O deyirdi, mən də dəftərimdə yazırdım və görürdüm ki, sən demə özüm, elə Con olmadan, ABŞ-ın Cənubi Qafqazda yürütdüyü siyasəti həmişə düzgün anlayırmışam.

Gözünə döndüyüm göygöz Con Nverə və Borisə dedi ki, ABŞ Qarabağ münaqişəsinin bitməsini istəmir, necə ki, 70 ildir istəmir ki, İsrail-ərəb münaqişəsi, iki ildir ki, istəmir Ukrayna müharibəsi qurtarsın. Çünki münaqişə imkan verir ki, ABŞ münaqişənin hər iki tərəfinə təzyiq edib öz məramlarını həyata keçirsin.

Con dedi ki, Ermənistan ABŞ üçün tam maraqsızdır, zira Erməistanda ABŞ-ı maraqlandıra biləcək heç nə yoxdur. Lakin ABŞ Ermənistanı dəstəkləyir, çünki bu yolla Azərbaycana təzyiq etmək imkanı qazanır, həm də Ermənistan Türkiyənin bölgədəki geniş planlarını cilovlamağa xidmət edir.

Azərbaycan isə ABŞ üçün hədsiz vacibdir, çünki ABŞ-ın istədiyi hər şey Azərbaycanda var. İndi ABŞ çalışır ki, Azərbaycanda bir dənə yekə amerikan hərbi bazasını yerləşdirsin. Dünyada ABŞ-ın 800 hərbi bazası var, Azərbaycandakı hərbi baza olsun 801-ci. Çünki ABŞ istəyir İranla müharibə aparsın, bu baza İranla müharibədə ABŞ-a çox faydalıdır. Hamı bilir Azərbaycan sərhədindən Tehrana neçə kilometrdir. Nver deyəndə ki, axı sizin Türkiyədə, İncirlikdə hərbi bazanız var, Azərbaycanda daha bir hərbi baza nəyinizə lazımdır, Con təəccüblə Nverə baxdı. Peşəkar mütərcim kimi mən onun baxışlarını belə tərcümə etdim ki, “bilməzdim sən böylə savadsızsan”. Boris söhbətə qarışıb dedi ki, “Türkiyə imkan verməz ki, onun ərazisindəki hərbi baza onun regionda öz nüfuzunu artırmasına mane olsun”. Nver öz bisavadlığını gizlətmək üçün ağzını dübarə açdı və soruşdu ki, “yaxşı, Azərbaycan ABŞ-a öz ərazisində hərbi baza verməyə razı olmasa, ABŞ nə edəcək?”. Con dedi ki, “ABŞ sanksiyalar tətbiq edəcək, ta ki, Azərbaycan iqtisadiyyatı çökənə qədər, ta ki, Azərbaycan ABŞ-ın tələblərini yerinə yetirənə qədər”. Bu zaman Boris yenə söhbətə müdaxilə edib dedi ki, Azərbaycan ABŞ-a itaət edib baza verməyəcək, necə ki, Gürcüstan da baza verməyəcək, çünki Gürcüstan Rusiyanın Ukraynaya hücumundan ibrət götürüb, həm də Çindən çəkinir.  Azərbaycan isə imkan verməz ki, onun ərazisini xarici dövlətlərin cıdır meydanına çevirsinlər.

Con əsas mətləbə keçib dedi ki, münaqişə və müharibə yaxşı qazanmağa imkan yaradır, təsadüfi deyil ki, ABŞ konqresinin əksər üzvləri Ukraynanın silah təchizatının tərəfdarıdır, silah nə qədər çox olsa, bir o qədər də gəlir çox olar. Müharibə və münaqişə tərəfləri zəiflədir və asılı edir. Siz gözləməyin ki, ABŞ sizin münaqişəni qurtarmağa imkan verəcək, başınıza çarə qılmaq istəyirsinizsə, gərək ikiniz oturub danışıb barışasınız.

Burada mən anladım ki, gözünə döndüyüm Con həqiqi alimdir, siyasətçi və “siyasi analitik” deyil, zira yalnız həqiqi alim siyasət elminin danılmaz həqiqətlərini dilinə gətirməyə cürət edə bilər.

Bəli, əziz və möhtərəm oxucu, SSRİ dağılandan sonra bir müddət keçdi və ağıllı adamlar belə nəticəyə gəldilər ki, “Qərbin SSRİ barədə dedikləri bütün fikirlər düppədüz imiş, lakin SSRİ-nin də Qərb barədə dediyi fikirlər danılmaz həqiqət imiş”.

Ana səhifəMənim FikrimcəGözünə döndüyüm Con