Gözlənti özünü doğrultmadı…

Avropa Məhkəməsinin işlərə baxış üzrə vaxt çərçivəsi həddən artıq uzun olduğu üçün o, öz funksiyasının mühüm bir hissəsini sistem qüsurlarından əziyyət çəkən şəxslərin həyatından gedən həbs illəri hesabına yerinə yetirir – bu isə aşağı, hərdən hətta mənfi faydalı əmək əmsalı deməkdir

Source:


Avropa Məhkəməsinin işlərə baxış üzrə vaxt çərçivəsi həddən artıq uzun olduğu üçün o, öz funksiyasının mühüm bir hissəsini sistem qüsurlarından əziyyət çəkən şəxslərin həyatından gedən həbs illəri hesabına yerinə yetirir – bu isə aşağı, hərdən hətta mənfi faydalı əmək əmsalı deməkdir

Avropa təsisatları qitənin şərqindəki ölkələrdə bir sıra vəzifələri icra edərkən ona görə çətinlik çəkirlər ki, o vəzifələrin mövcudluğu həmin təsisatların klub kimi qurulma və yaşam fəlsəfəsinə ziddir. Qərbi Avropada hər hansı siyasətçi həbsxanaya düşəndə kimsə ona ciddi tərzdə “siyasi məhbus” adı qoymaz, cünki sərbəst medianın peşəkar işi nəticəsində xalq o şəxsin siyasi səbəbə həbsxanaya atıldlğını düşünsə, hakim partiya bunun qiymətini azad və ədalətli seçkidə ödəyər, ardıyca isə prokuror və hakim uzun müddətə azadlıqdan məhrum edilərlər. Avropa dövlətçiliyi də, Avropa dövlət birlikləri də belə institusionallaşıb.

Media yetərincə azad, seçki yetərincə dürüst olmayan ölkələrdə belə demokratik tarazılaşdırma mexanizmi çox vaxt ilişib tərpənmir. Şərqi Avropa ölkələri Avropa Şurasına qəbul olunanda düşünülürdü ki, üzvlükdən doğan fəxr hissi təməl media və seçki problemlərini tədricən çözəcək, qalan işləri isə Avropa məhkəməsi öz məcrasına salar.

Gözlənti özünü doğrultmadı: bəzi ölkələrdə təməl problemlər çox yavaş həll olunur, bəzilərində isə geriləmə faktdır. Avropa Məhkəməsinin işlərə baxış üzrə vaxt çərçivəsi həddən artıq uzun olduğu üçün o, öz funksiyasının mühüm bir hissəsini sistem qüsurlarından əziyyət çəkən şəxslərin həyatından gedən həbs illəri hesabına yerinə yetirir – bu isə aşağı, hərdən hətta mənfi faydalı əmək əmsalı deməkdir.

Digər Avropa təsisatları – ATƏT və Avropa Birliyinə gəldikdə (hərçənd Şərqi Avropa ölkələrinin ikincidə təmsilçiliyi yoxdur), onların da cəmiyyətlərimizə göndərmək istədiyi impulsları bu təsisatların zamana və məkanımıza dolaşmış institusional səmərəsizliyi neytrallaşdırır. Məsələn, ötən ay Riqa Zirvəsinin tədbirlərindən birində cıxış edən Avropa Birliyinin regionumuza məsul komissarı Yohannes Xan acizliklə etiraf etmişdir ki, AB-nin üzv dövlətləri qonşuluqdakı dövlətlərin demokratik uyğunluğu mövzusunu atıblar AB-nin üzərinə, özləri isə ikitərəfli münasibətlərdə biznes və ənənəvi anlamda xarici siyasətdən başqa heç nə ilə məşğul olmaq istəmirlər. Məncə ATƏT-də eyni problem daha da kəskin şəkildə mövcuddur.

Vəziyyətdən çıxış nümunəsini göstərməyə Avropa Şurası öz fəlsəfi etibarı ilə daha yaxın olsa da, hələlik irəliləyiş görünmür. İki həll yolu vardır. Ya media və seçki problemləri çözülməmiş ölkələr Avropa Şurasından qovulmalı, ya da Avropa Şurasının iş qaydası yeni gerçəkliyə və fərqli bünövrəyə söykənməlidir.

Bəzi adamlar indi hesab edir ki, Belarusun Avropa Şurasından qovulması məntiqsiz addım idi. Amma məncə, Şuranın mövcud iş prinsipləri Belarus kimi ölkələrə üzvlər sırasında yer saxlaya bilməzdi. Yəni, verilmiş çərçivədə qərar tamamilə doğru idi.

Digər tərəfdən, daha yaxşı olardı ki, Belarusu qovmaq əvəzinə məsələn, Avropa Məhkəməsinin qaydaları dəyişdirilərdi və o, media və seçki ölkə daxilində öz yerinə oturunca, siyasi motivli həbslər riskinə qarşı səmərəli xarici təminat rolunu oynayardı.

Bu kimi islahatların önəmi gün-gündən artır, onlar hətta gecikir. Onu da qeyd eləməliyəm ki, Avropa təsisatlarının Şərqdə üzləşdiyi böhran “beynəlxalqların vəzifəsi demokratları qorumaq, millətin vəzifəsi isə çeşidli millətçilikdir” yanaşmasını ictimai şüurda iflasa uğratmasa, daxili alətlərə yeni nəfəs verməsə, regionumuzu və ölkəmizi yeni demokratik mərhələyə yüksəltmək çətin olacaq, hətta Avropa təsisatları sözü gedən islahatları yerinə yetirsə belə.

Ana səhifəXəbərlərGözlənti özünü doğrultmadı…