Lap elə Qazaxıstanda olduğu kimi…
Dünyada hadisələrin çoxu gözlənilmədən baş verir. Nikolay padşah devriləcəyini gözləyirdimi? Məncə, yox. Əlahəzrətin ordusunun Baş Qərargahının generalları 1917-ci ilin fevralında tamam ədəb-ərkanla padşaha qəti əmr verdilər ki, taxtdan düş. O da düşməli oldu. Gözlənilmədən.
Hərçənd ki, 1914-cü ilin fevralında sabiq daxili işlər naziri Petr Nikolayeviç Durnovo padşaha məktub yazıb demişdi ki, gözlənilən dünya müharibəsinə qoşulma, bu müharibədə İngiltərə və Almaniya dünyanı bölüşdürəcək, bu bölgünün Rusiyaya dəxli yoxdur. Qoşulsan, səltənətin dağılacaq, xanimanın çökəcək.
Padşah öz ağıllı təbəəsinin bu məktubunu oxumuşdu, oxumamışdı, bəlli deyil. Nəzərə alsaq ki, padşahın aşağıdan gələn məktubları oxumaqla arası heç yox idi, görünür, oxumamışdı.
Oxusaydı da, bəlkə heç xeyri olmayacaqdı, zira Nikolay padşah, çox üzr istəyirəm, o qədər də ağıllı adam deyildi.
Mən ağıl zirvəsi sayılan son sovet rəhbərlərindən, Xruşşovdan tutmuş Qorbaçova qədər, heç danışmaq belə istəmirəm, onların düşünməklə arası heç yox idi. Bu səbəbdən SSRİ-nin başına nə gəlirdisə, gözlənilmədən gəlirdi.
Ağıllı Nursultan Nazarbayevə, sən demə, qazax alimlərindən başqa, bir neçə yaxın adamı da deyirmiş ki, ciddi sistemli islahatlara getməsən, ölkəni sarsıntılar gözləyir. Ağıllı Nursultan Əbişeviç bu məsləhətləri verən adamlara ağıllı -ağıllı baxıb düşünürmüş ki, sizin ağlınız hara, mənim ağlım hara! Heç bir islahat lazım deyil.
Məhz belə düşündüyündən, son Qazaxıstan hadisələri onun üçün gözlənilmədən baş verdi. Kişinin həm öz ailəsi, həm də qazax dövləti üçün çəkdiyi 40 illik zəhməti yerə dəyib çilik-çilik oldu.
Mən AXC rəhbərlərinin düşünmək qabiliyyətinin yoxluğundan söz salıb qan qaraltmaq istəmirəm. Bu bədbəxtlər əvvəl nə isə törədirdilər, sonra da əbəs yerə düşünməyə cəhd edirdilər. Bu səbəbdən başlarına nə gəldisə, hamısı gözlənilmədən gəldi. Ən pisi isə o oldu ki, həmin vaxt AXC hakimiyyəti məngirləmişdi deyə, onlara olan elə Azərbaycana oldu.
Nə isə, keçək mətləbə. Mətləb ibarətdir müasir Azərbaycan Respublikasını gözləyən gözlənilməz sarsıntılardan. Bu sözləri yazıram və əminəm ki, həmişə olduğu kimi, bir bölük daima nikbin vətənpərvər vücud üstümə tökülüşüb həqir bəndənizi qınayacaq ki, “ay nankor, gözün kordur? Niyə cənabe-əfzəlin möhtəşəm daxili və xarici siyasətinin uğurlarını görmürsən? Qarabağ zəfərindən başlamış Şuşa bəyannaməsinə qədər xarici siyasətin, böyük məbləğdə xalq malını qarət etmiş 5 icra başçısının həbsindən tutmuş dağıdıcı müxalifətin tam iflic olmasına qədər daxili siyasətin nailiyyətlərini niyə inkar edirsən?”
Məne-biçarə də deyəcəyəm ki, siz dilbilməzlərin məntiqlə əbədi ədavətinizə bələdəm deyə, əvvəlki zamanlarda səsləndirdiyim çoxsaylı özcəgörmələrimin çin çıxması barədə əhvalatı yadınıza salmayacağam.
Fəqət bircə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin cahanşümul daxili və xarici siyasətinin uğurlarını və son Almatı iğtişaşlarını yadınıza salıb düşünməyə cəhd edin.
Müxtəsər, yenə keçirəm mətləbə:
1.Eşq olsun 44-günlük müharibədə Azərbaycanın qazandığı zəfərə! (Bunu həm sidqi-ürəkdən, həm də, etiraf edim ki, 3 manatlıq vətənşivənlərin hücumlarından sığortalanmaq üçün yazıram. Hərçənd ki, vətənim üçün etdiklərimi sadəcə anlamağa onların zəkası kifayət etməz).
2.Azərbaycan xalqının əksər hissəsi insan ləyaqətini alçaldan həddə, çox kasıb yaşayır. Lap elə Qazaxıstanda olduğu kimi…
3.Azərbaycan cəmiyyətində mədəni ölkələrə yaraşmayan səviyyədə ictimai-iqtisadi qütbləşmə mövcuddur. Sadə dillə desək, xalqın beşdə biri zəngin, beşdə dördü yoxsul yaşayır. Nəzərə alsaq ki, Azərbaycanın milli gəlirinin şir payı bu zənginlərin əməyinin və əqlinin məhsulundan deyil, ölkənin təbii sərvətlərinin xaricə satışından gəlir, deməli, hakim siyasi sinif qəsdən xalqın cibinə girib haqsız varlanır. Lap elə Qazaxıstanda olduğu kimi…
4.Azərbaycanda bütün maliyyə axınları, iqtisadiyyatın bütün gəlir gətirən sahələri hakim siyasi sinfin inhisarına alınıb. Bu siyasi sinfin dünya bazarında rəqabətə qadir olmaması artıq son 20 ildə danılmaz tərzdə rəqəmlərlə və müstəqil beynəlxalq məhkəmələrin qərarları ilə sübuta yetirilib. Danılmaz elmi həqiqətdir ki, bütün dünyada ifrat inhisar çürüməyə və iflasa gətirir. Heç bir şübhə yoxdur ki, Azərbaycandakı inhisar da rəqabətə davamlı deyil, neft pullarına və hakim siyasi sinfin cəbr alətinə söykənərək dövləti qanunsuz qəsb etməsinə söykənir. Bunun isə yaxşı axırı yoxdur. Lap elə Qazaxıstanda olduğu kimi…
5.Maddi gəlir naminə dövləti inhisara alan hakimiyyət özünə rəqib saydığı siyasi müxalifəti məhv etdikcə, siyasi meydanı dağıdıcı qüvvələr üçün açır. Siyasi böhran məqamı gələndə labüd siyasi tələbləri mədəni parlament müxalifəti deyil, meydanlarda vurub-yıxan, öldürüb-başkəsən cani ünsürlər səsləndirəcək. Lap elə Qazaxıstanda olduğu kimi…
6.Dünyanın bütün səmərəsiz siyasi rejimləri, o cümlədən Azərbaycanın indiki hakimiyyəti cəmiyyətdən gələn səsləri və işarələri boğmaqla, həqiqi vəziyyəti malalamaqla sanki öz vəziyyətini möhkəmləndirir. Heyhat! Onlar öz gələcək gurultulu süqutlarını labüd edir. Ən parlaq misal SSRİ-nin süqutu sayılmalıdır. Sov.İKP-nin son qurultayında səslənmiş gurultulu alqışlar əslində sovet quruluşunun matəm sədaları və ağıları sayılmalıydı. Fəqət bu sadə həqiqəti Sov.İKP-nin liderlərinin anlamağa zəkası çatmadı. Lap elə Qazaxıstanda olduğu kimi…
7.Azərbaycanın siyasi səhnəsində “İlham Əliyev, sən get, hakimiyyəti bizə ver” deyən dayaz, bir dəfə ölkəni fəlakətə gətirmiş siyasi qüvvə nümayəndələri var. Vətəninin qədrini bilən istənilən insan bu iddiaları görcək “əl-həzər” deyir və deməlidir. Lakin Azərbaycanda indiki hakimiyyətin intəhasız tamahkarlığını, yaranmış və oturuşmuş üsuli-idarənin fərsizliyini anlayan, fəqət siyasi dəyişikliklərin yalnız qanuni yolla həyata keçirilməsinin faydasını dərk edən siyasi qüvvələr də mövcuddur. Məhz sonuncular hakimiyyəti görüntü oyunbazlığına deyil, həqiqi islahatlara başlamaq üçün cəmiyyətlə mükaliməyə dəvət edirlər. Lap elə Qazaxıstanda olduğu kimi…
8.Dünyada xalqların və dövlətlərin yaşamaq, inkişaf və sərmayə naminə amansız mübarizəsi gedir. Xalqımızın bu mübarizədə bəxti gətirib, Allah-taala azərbaycanlılara neft və qaz kimi təbii sərvət bəxş edib. Bu sərvətin tən yarısını rus imperiyası qəsb etmişdi və xalqımız müstəqilliyə qədəm qoyanda bu mübarizə meydanına hazırlıqsız girmişdi. Nəticəni hamı xatırlaya bilər.
İndi bu sərvətin ikinci yarısı yeyilir. Təbii ki, onun da nə vaxtsa sonu çatacaq, tükənəcək. Xalqımız bu dövrdə dünya bazarına rəqabətə davamlı, elm tutumlu məhsul istehsal etməyə qadir olan oyunçu kimi daxil ola biləcəkmi? Yoxsa xalqımız əlini dilənçi kimi uzadıb yardıma və yadellilərin rəhminə möhtac miskin və məzlum qövm kimi qalacaq?
Seçim həm xalqındır, həm onun hakim siyasi sinfinin. Seçim hökumətə mükalimə təklifini verən siyasi qurumların və müstəqil ziyalılarındır.
Seçim İlham Əliyevindir. Yenə də mi görüntüyə üstünlük verəcək? Yenə də mi Prezident Aparatı şampunlanmış aftafa daşıyıcılarını seçib onları “xalq nümayəndəsi” kimi cəmiyyətə təqdim edəcək? Yenə də mi onlar prezidentin bayağı, həyatdan uzaq hər sözünü müdrik kəlam kimi alqışlayıb saraydan veriləcək ənam arzusu ilə içəridən qovrulacaq? Yenə də mi Azərbaycanı mədəni və mütərəqqi dövlət kimi görmək istəyən həqiqi vətənpərvərlərin qəlbi qəm və kədərlə, çarəsizlik və ümidsizliklə dolacaq?
Yenə də mi həyatı və vətəni sevməkdən usanmayan gənclər mövcud üsuli-idarəni məsxərəyə qoyacaq, “hüquq-mühafizə” orqanlarının rəşadətli işçiləri onları şərləyib həbsə atacaq, döyəcək, işgəncə verəcək, vicdansız hakimlər onları cani adlandırıb zindana salacaq?
Azərbaycanda hər şey hələlik lap elə Qazaxıstanda olduğu kimi cərəyan edir. Bakılılar demiş, “gavər axırı da Qazaxıstandakı kimi olacaq”.