Gözəl Bayramlıya verilmiş ittihamın məzmunu dəyişdirilib

Vəkil: ”Vəsatətimizə cavab verilməyib”

Source:


Vəkil: ”Vəsatətimizə cavab verilməyib”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlıya yeni məzmunlu ittiham elan olunub.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. Oktyabrın 16-da Bakı İstintaq Təcridxanasında Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı ilə görüşən vəkil deyir ki, dindirilmə zamanı bir sıra vəsatətlər verilsə də, təmin olunmayıb:

“Gözəl Bayramlıya qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsi saxlanıldı, amma məzmununda dəyişikliklər edildi. Əvvəl deyirdilər ki, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları Gözəl Bayramlının üzərindən 12 min dollar aşkar ediblər. İndi isə deyirlər ki, rentgen aparatı aşkar edib. Biz də vəsatət verdik ki, rentgen aparatının 25 may 2017-ci il tarixli lent yazısı istintaqa təqdim olunsun. Vəsatətimizə cavab verilməyib. Gözəl Bayramlı isə siyasi fəaliyyətinə görə şərləndiyini dedi”.

Vəkilin sözlərinə görə, AXCP sədrinin müavinin səhhətində problemlər qalır, xüsusilə rematizmdən əziyyət çəkir, qripdir:

“Saxlanıldığı otaqda istilik sistemi olmadığından çox soyuq olur. Bununla belə, Gözəl Bayramlı möhkəmdir, dostlarına salam deyir”.

Elçin Sadıqov jurnalist Əfqan Muxtarlının səhhətindəki problemlərin daha da kəskinləşdiyini bildirib:

“Ona görüşə və telefonla danışmağa icazə verilmir. Bununla bağlı təcridxananın rəisi ilə görüşdüm. Rəis problemləri həll edəcəyini vəd etdi”.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Muxtarlı mayın 29-da saxlanılıb. Onunla bağlı yayılan rəsmi məlumatda Ə.Muxtarlının Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı deyilir.

Jurnalistə qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

G.Bayramlı və Ə.Muxtarlı ittihamları qəbul etmir. Ə.Muxtarlı Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini deyir. Onun cinayət işi Meydan TV ilə bağlı açılmış cinayət işinə birləşdirilib.

Ana səhifəXəbərlərGözəl Bayramlıya verilmiş ittihamın məzmunu dəyişdirilib