Gözəl Bayramlıya pasport verilmir

Səbəbini soruşuram, deyir ki, burada sizin haqqınızda 2019-cu ilin noyabrına aid məhkəmə qərarı var, həbsdə saxlanmağınız barədə.

Source: meydan tv


''Açıq-aşkar görünür ki, bu, kiminsə göstərişidir, qisasçılıq məqsədi güdür''

AXCP sədrinin müavini Gözəl Bayramlı ona pasport verilmədiyini deyir.

Bu barədə Meydan TV-yə danışan G.Bayramlı bildirib ki, səhhətindəki problemlə əlaqədar təcili müalicə olunmalıdır.

Onun sözlərinə görə, Azərbaycanda səhiyyənin durumunu nəzərə alaraq, yaxın ölkələrdən birində müalicə olunmaq qərarını verib. Bu səbəbdən təcili şəkildə (bir günə) pasport almaq üçün “ASAN Xidmət”ə müraciət edib.

“160 manat 40 qəpik də pul ödəmişdim. Bu gün pasportu götürməyə gedəndə mənə bildirildi ki, imtina cavabı gəlib. Səbəbini soruşuram, deyir ki, burada sizin haqqınızda 2019-cu ilin noyabrına aid məhkəmə qərarı var, həbsdə saxlanmağınız barədə. Deyirəm, heç 2019-cu ilin noyabrı olub ki? İkincisi, mən həbsdəyəmsə, indi qarşınızda necə dayanmışam? Heç bir izah verə bilmədilər. Soruşuram ki, indi mən hansı addımı atmalıyam? Deyirlər, biz bilmirik. Dəhşətə gəlir adam, belə idarəçilik – G.Bayramlı Meydan TV-yə bildirib.

AXCP sədrinin müavini deyir ki, ödədiyi rüsumu da geri qaytarmayıblar. G.Bayramlı Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə müraciət edəcəyini, əgər bu addımlar nəticə verməsə, məhkəməyə üz tutacağını söyləyib:

“Açıq-aşkar görünür ki, bu, kiminsə göstərişidir, qisasçılıq məqsədi güdür. Ombudsman Elmira Süleymanovaya müraciət edərək soruşmaq istəyirəm ki, hakimiyyətin məndən nəyin qisasını aldığını öyrənib Azərbaycan ictimaiyyətinə məlumat verə bilərmi? Və bu qisasçılıq nə vaxtacan davam edəcək?”

G.Bayramlı 2017-ci ilin mayında Gürcüstandan qayıdarkən “Sınıq körpü” gömrük-keçid məntəqəsində saxlanmışdı. Onun çantasından bəyan edilməmiş 12 min dollar tapıldığı iddia olunaraq, barəsində CM-in 206-cı (qaçaqmalçılıq) maddəsilə cinayət işi başlandı. Qazax Rayon Məhkəməsinin hökmüylə G.Bayramlıya 3 il həbs cəzası verildi. Yuxarı instansiya məhkəmələri də hökmü qüvvədə saxladı.

G.Bayramlı bu il martın 16-da prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb.

G.Bayramlıya hansı səbəbdən pasport verilməməsinə Daxili İşlər Nazirliyindən cavab almaq mümkün olmayıb.

G.Bayramlı özünü təqsirli bilmir, siyasi fəaliyyətinə görə sifarişlə həbs olunduğunu deyir. O bildirir ki, çantasından çıxdığı iddia olunan 12 min dolları ora gömrük əməkdaşlarının özü atıb, bu plan əvvəlcədən hazırlanıb. Siyasətçi xanımın sözlərinə görə, bu üzdən də saxlandığı gün gömrük-keçid məntəqəsində videokameraların qeydə aldığı görüntüləri ortaya çıxarmadılar.

Ana səhifəXəbərlərGözəl Bayramlıya pasport verilmir