Gözəl Bayramlının zəngləşmək hüququ pozulur

”Gözəl Bayramlı mədə erroziyasından əziyyət çəkir”

Source:
Gözəl Bayramlı


”Gözəl Bayramlı mədə erroziyasından əziyyət çəkir”

Mayın 25-də Gürcüstan-Azərbaycan sərhədində saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlının yaxınları ilə zəngləşmək hüququ pozulur.

Bu barədə Meydan TV-yə Gözəl Bayramlının vəkili Zibeydə Sadıqova deyib.

Z.Sadıqova bildirib ki, Baki İstintaq Təcridxanasında saxlanıldığı müddətdə bir dəfə də olsun onun vəkili ilə telefonla əlaqə saxlamasına imkan verməyiblər. Ancaq başqa dustaqların belə problemi yoxdur. Dəfələrlə vəkili ilə danışmaq istəyib, amma imkan verməyiblər:

“Üstəlik, iyunun 22-dən etibarən, onun ailəsindən başqa hər kəsə zəng etmək qadağası qoyulub. Yalnız qardaşının telefon nömrəsini veriblər, “başqa nömrə ilə əlaqə saxlamaq olmaz”, deyiblər. Səbəbini soruşduqda, qadağa olduğunu bildiriblər”.

Vəkil əlavə edib ki, G.Bayramlı iyunun 22-dən istədiyi şəxslərlə əlaqə imkanı yaradılanadək zəng hüququndan imtina edib.

Z.Sadıqova G.Bayramlının sağlıq durumunun da pisləşdiyini bildirib:

“Onun üz-çənə artrozu var. Tez-tez soda ilə boğazını yaxalamalıdır. Ailəsindən soda gətirməsini xahiş edib, gətiriblər. Amma sodanın təcridxanaya buraxılmasına imkan verməyiblər. Təcridxana da onu soda ilə təmin etməyib. Onsuz da xeyli sağlıq problemi olan G.Bayramlı deyir ki, bu, sağlığına başqa ciddi çətinliklər yarada bilər. Gözəl Bayramlı həm də mədə erroziyasından əziyyət çəkir. Bu xəstəliyinə görə, həm Gürcüstandakı, həm də yerli həkimlər ona qida zamanı plastik qablardan istifadəni qadağan ediblər. O, bununla bağlı təcridxanadakıları da məlumatlandırıb. Ancaq təcridxanada yalnız ona plastika qablardan istifadə etməli olduğunu bildirirlər. Alternativ qablardan istifadə etməsi qadağan olunub”.

“Gözəl Bayramlı bildirib ki, sağlıq durumu gündən-günə pisləşir. Çünki məhbusların sahib olduğu heç bir hüququndan istifadə etməsinə imkan verilmir. Başıma bir hadisə gəlsə, bunun günahkarı hökumət olacaq”,-vəkil belə deyib.


Mayın 25-i

axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib. Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

Ana səhifəXəbərlərGözəl Bayramlının zəngləşmək hüququ pozulur