AXCP sədrinin müavini ev dustaqlığına buraxılmadı
Fevralın 28-də Gəncə Apelyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hakim Teyyub Muxtarovun sədrlik etdiyi ilkin baxış iclasında G.Bayramlının vəkili Elçin Sadıqov bir sıra vəsatətlə çıxış edib. O, müvəkkilinin ev dustaqlığına buraxılması, onun saxlandığı sərhəd-buraxılış məntəqəsindəki müşahidə kameralarının görüntülərinin alınması və məhkəmədə baxış keçirilməsi, hal şahidi qismində tanınan şəxslərin, AXCP sədri Əli Kərimli, partiyanın Qadınlar Şurasının sədri Solmaz Hüseynova, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Məhkəmə vəsatətləri təmin etməyib. Prosesin baxış iclası martın 12-nə təyin olunub.
AXCP sədrinin müavini G.Bayramlı ötən il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin
hökmü
ilə 3 il azadlıqdan məhrum edilib.
Apelyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə ittihamı saxta və əsassız adlandırır, siyasi fəaliyyətinə görə həbs edildiyini deyir.