Vəkil: “Artıq 3 həftədir ki, heç kimlə telefon əlaqəsi saxlaya bilmir”
Hazırda həbsdə olan AXCP sədrinin müavini Gözəl Bayramlının həyatına ciddi təhlükə var, o, müalicə ala bilmir.
Bu barədə onun vəkili Əsabəli Mustafayev öz “Facebook” səhifəsində yazıb.
Vəkil iyunun 30-da G.Bayramlı ilə görüşüb,
Bakı İstintaq Təcridxanasında onunla bağlı istintaq hərəkəti aparılıb. Belə ki, G.Bayramlıya məhkəmə-tibb ekspertizasının təyin olunması haqqında istintaqın qərarı elan olunub:
“Sərhəddə saxlanılan zaman Gözəl xanım zədə alıb. İndi həmin xəsarətlə bağlı tibbi ekspertiza keçirmək istəyirlər. Biz məsləhətləşərək belə qərara gəldik ki, artıq bu ekspertizanın keçirilməsinə zərurət yoxdur, çünki uzun zaman keçdiyi üçün xəsarətin mövcudluğunu və dərəcəsini müəyyən etmək mümkün deyil.
Bu fikri Gözəl xanım protokolda qeyd etdi. Gözəl xanımla söhbət əsnasında məlum oldu ki, onun səhhətindəki problemlər həddindən artıq kəskinləşib. Bu, onun həyatına ciddi təhlükə yaradır. Həkimlər dəfələrlə müayinə ediblər, ancaq müayinənin cavabını gizlədirlər. Müayinə nəticəsində heç bir müalicə təyin olunmayıb.
Tbilisdən gələrkən üzərində olan reseptlər və dərmanlar ona verilməyib. Eyni zamanda onun telefon zəngi hüququ ciddi surətdə məhdudlaşdırılıb. Artıq 3 həftədir ki, heç kimlə telefon əlaqəsi saxlaya bilmir. Bu hal da ona güclü mənəvi və psixoloji zərər vurur, səhhətindəki problemləri daha da gücləndirir”.
Vəkilin sözlərinə görə, bu barədə ombudsman Elmira Süleymanovaya müraciət edilib. G.Bayramlı ombudsmanın onunla görüşməsini istəyir:
“Gözəl xanım müraciətində ombudsmandan şəxsən onunla görüşməyi tələb edib. Çünki bu basqılar Gözəl xanımın həyatına təhlükə yaradıb. Hesab edirəm ki, ombudsman siyasi məhbus qadının həyatına yaranmış təhlükəni araşdırmaq üçün Gözəl xanımla şəxsən görüşməli və onu dinləməlidir. Vəkillər də öz tərəfindən bu məsələlərin hüquqi müstəvidə həllinə səy göstərəcəklər”.