Vəkil: “Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”
“Gözəl Bayramlı barəsində həbs qətimkan tədbiri seçilməsindən verdiyimiz apelyasiya şikayətinə baxıldı. Hakim Abid Abdinbəyov şikayətimizi təmin etmədi”.
Vəkil Elçin Sadıqovun sözləridir. O, iyunun 2-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı ilə bağlı daha 2 işə də baxıldığını söyləyib:
“Daha sonra Gözəl Bayramlının qeydiyyatda olduğu evdə axtarış və götürməylə bağlı verdiyimiz şikayətə baxıldı. Həmin şikayət də təmin olunmadı. Sədrlik edən hakim Mirzəli Abbasov idi. Əlavə olaraq Gözəl Bayramlının yaşadığı evdə aparılan axtarış və götürmə ilə bağlı verdiyim apelyasiya şikayətinə də baxıldı. Həmin şikayətə isə hakim Əflatun Qasımov sədrlik edirdi. O da təmin edilmədi”.
Elçin Sadıqov deyir ki, bütün bu şikayətlərdən Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər:
“Hazırda Gözəl Bayramlı barəsində başlanmış saxta cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin icraatına verilib”.
Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib. Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.
G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.
AXCP sədri Əli Kərimli isə G.Bayramlının Gürcüstana müayinə məqsədilə getdiyini bildirmişdi. Ə.Kərimli vurğulayırdı ki, G.Bayramlı Gürcüstanda müxtəlif vaxtlarda bir neçə dəfə əməliyyat olunub. Əllərində bunu təsdiqləyən sənədlər də var.
AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.