“Məni “Bandotdel”ə çağıranda orada hədə-qorxu gəldilər”
Dekabrın 13-də Qazax Rayon Məhkəməsində AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının məhkəməsi davam edib.
İclasda prokuror Vasif Səlimov ittiham aktını elan edib. İttihama münasibət bildirən G.Bayramlı özünü təqsirli bilməyib. O, indiki mərhələdə ifadə verməkdən imtina edib. Bildirib ki, şahidlər dindiriləndən sonra ifadəsini verəcək:
“Mən özümü qətiyyən təqsirli bilmirəm. Bu həbs birmənalı şəkildə mənim siyasi fəaliyyətim, o cümlədən AXCP sədrinin müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olmağım, daim hakimiyyəti, onların korrupsiya əməllərini tənqid etməyimlə bağlıdır”.
G.Bayramlı Gürcüstana müalicə üçün getdiyini deyib:
“Mən həbs olunacağım haqda əvvəlcədən məlumatlı idim. Hələ 2016-cı ilin oktyabrında məni “Bandotdel”ə (DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red.) çağıranda orada hədə-qorxu gəldilər, xəbərdarlıq elədilər ki, həbs oluna bilərəm. Bu hadisə də həmin xəbərdarlığın davamı idi”.
İclasda vəkil Elçin Sadıqov vəsatət qaldıraraq deyib ki, Dövlət Sərhəd Xidməti yaydığı bəyanatda G.Bayramlının təqsirsizlik prezumpsiyası hüququnu pozub. Müdafiəçi həmin bəyanatın cinayət işinin materiallarına əlavə edilməsi və sənədlərin tədqiqi mərhələsində araşdırılmasını istəyib. Vəsatət təmin olunub.
İclasda şahidlər ifadə verib. Gömrük-keçid məntəqəsində baş inspektor vəzifəsində işləyən Anar Hüseynəliyev deyib ki, gizir Elmar Yusifov şəxsiyyəti təsdiq edən sənədləri yoxlayanda G.Bayramlıdan şübhələnib. Buna görə də, o, nəzarətə götürülüb, əşyaları monitordan keçirilərək yoxlanılıb. Şahidin iddiasına görə, həmin vaxt çantadan 12 min dollar tapılıb.
Şahid Elmar Yusifov da eyni məzmunlu ifadə verib.
Hal şahidi Atlas Əmirxanova G.Bayramlının çantasından pul çıxdığını deyib.
Həmin vaxt G.Bayramlı ilə birlikdə qayıdan Almaz Rəhimova da məhkəmədə dindirilib. O bildirib ki, G.Bayramlı ilə bundan öncə də müayinə və müalicə üçün Gürcüstana gedib-qayıdıblar:
“Bu səfərimiz də növbəti dəfə müayinə olunmaq üçün idi. Qayıdanda biz sərhədi keçərkən kompüterlər dayandı. Səbəbini soruşanda dedilər ki, sistem donub. Təxminən 10-15 dəqiqə bizi belə yubatdılar. Sonra biz Gözəl xanımla ayrı-ayrılıqda pasport nəzarət-buraxılışdan keçdik. Mən keçib çıxdım, bir neçə saniyə sonra baxdım ki, Gözəl xanım yoxdur. Düşündüm ki, bəlkə o da artıq çıxıb. Axtardım, tapa bilməyəndə anladım ki, içəridədir. Onda artıq məntəqənin qapılarını bağlamışdılar. Şüşələrdəki qara örtüyün bir hissəsi cırılmışdı, oradan baxanda gördüm ki, onun əşyalarını töküblər”.
Şəmkir Sərhəd Dəstəsinin təhqiqatçısı Allahverdi Məmmədov da məhkəmədə şahid kimi ifadə verib. Deyib ki, ona belə bir hadisə olduğunu deyib, “Şıxlı”ya çağırıblar:
“Dedilər ki, pul tapılıb. Aktlaşdırdıq. Sonra bütün protokollar Bakıya göndərildi”.
Məhkəmə dekabrın 26-da qalan şahidlərin ifadəsi ilə davam edəcək.
AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.
O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.