Vəkil Elçin Sadıqov Gözəl Bayramlı ilə görüşüb
Vəkil Elçin Sadıqov 1 saylı Bakı İstintaq Təcridxanasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı ilə görüşüb.
Bu barədə o, “Facebook” -da yazıb. Bildirib ki, Gözəl Bayramlının səhhətində ciddi problemlər yaranıb:
“O, çənə oynaqlarında çürümə diaqnozu ilə müalicə olunurdu. Müalicə alması şərtdir. Digər xəstəliklərdən də əziyyət çəkir və qanında da xeyli neqativ hallar aşkarlanıb. Buna baxmayaraq, ona hələki ciddi tibbi yardım göstərilməyib. Müraciətimizdən sonra həkim müayinəsindən keçiriləcəyi bildirildi”.
Vəkil hesab edir ki, G. Bayramlının kamerada hərəkətsiz qalmağa məcbur olması səhhətində ciddi problemlər yaradıb.
“Bununla yanaşı, ruhi baxımdan möhkəmdir. Amma, çənə oynaqlarındakı ağrılardan, baş ağrısından, ağır revmatizmdən əziyyət çəkir”, – deyə vəkil qeyd edib.
AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan mayın 25-də qayıdarkən saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə Bayramlı 3 ay müddətinə həbs edilib.
Gözəl Bayramlı saxlanmasını siyasi sifariş hesab edir və ittihamı qəbul etmir.
Penitensiar Xidmət vəkilin dediklərinə hələ münasibət bildirməyib.